Rusiyada gələcəyin müəllimləri ölkənin 167 universitetində hazırlanır. Orta hesabla hər il universitetləri 100 minə yaxın müəllim bitirir. Lakin aparılan rəy sorğularına əsasən ali məktəb məzunlarının yalnız 10 faizi məktəbdə işləməyə hazırdır. Ən təəccüblü məqam odur ki, abituriyentlərin 80 faizi etiraf edir ki, ali məktəbə oxumağa heç də gələcəkdə öz həyatlarını zəkalar yetişdirməyə, gənc nəslə elm-bilik verməyə deyil, sadəcə diplom xatirinə, ümumi humanitar təhsil almaq və bu diplomla istənilən vaxt hardasa işə düzələ biləcəklərinə ümid etdiklərinə görə gedir. Rusiyanın Təhsil və Elm Nazirliyi yaranmış vəziyyəti dəyişmək üçün ölkədə pedaqoji ali təhsilin dəstəklənməsi üzrə Konsepsiya layihəsini hazırlayıb. Bu sənəd müəllim hazırlığı sistemini tamamilə kökündən dəyişməlidir.
Mövcud müəllim hazırlığı sisteminə iradlar isə kifayət qədərdir. İlk dəfə əmək fəaliyyətinə başlayan müəllimlər kollektivlə işləyə, hazırda qüvvədə olan icbari təhsil standartlarından yararlana bilmirlər. Ən təəccüblü məqam isə ondan ibarətdir ki, onlar uşaqları sevmirlər. Təhsil müəssisələrinin rəhbərləri də qeyd edirlər ki, məktəblərdə fizika, riyaziyyat, rus dili müəllimləri çatışmır. Müəllim hazırlığı ilə məşğul olan pedaqoji müəssisələrə də iradlar var: onlar tələbələrə köhnə qayda ilə dərs keçir, pedaqoji praktika da köhnə qaydalarla təşkil olunur. Nəticədə məzunlar dərslərin aparılması metodlarına dair anlayışdan belə bixəbərdirlər. Bəzən elə olur ki, əvvəllər məhkum olmuş və pedaqoji peşəyə yararsız hesab olunmuş insanlar da məktəbə gəlir. Məlum olub ki, Kaluqa vilayətində pedaqoji peşəyə yararsız elan olunmuş şəxs Moskvada rus dili və ədəbiyyatı fənnini tədris edib. İşə qəbul olunarkən o, bu faktı gizlədib. Bu qadının uşaqlara nə öyrətdiyi böyük sualdır. Məktəbi bu cür pis pedaqoqlardan necə xilas etməli? Pedaqoji ali məktəblərin ən yaxşı məzunlarını məktəb sisteminə necə cəlb etməli? Gələcək müəllimlərin seçimi necə aparılmalıdır? Müəllim hazırlığı sahəsində hansı problemləri həll etmək lazım gələcək?
Konsepsiyada aşağıdakılar nəzərdə tutulub: ən azı magistr təhsili almış müəllimlərin əməkhaqları artırılacaq, tələbələr və təcrübəçilərin bütün pedaqoji və məktəb praktikası dövründəki xərcləri dövlət öz üzərinə götürəcək. Pedaqoji ali məktəblərə daxil olmaq isə indi daha çətin olacaq. Pedaqoji ixtisaslar üzrə artıq əlavə qəbul imtahanları vermək lazım gələcək.
İxtisaslar üzrə müəllim hazırlığı rus dili və ədəbiyyatı (17 faiz), riyaziyyat (17 faiz), xarici dillər (14 faiz), tarix (7 faiz), bədən tərbiyəsi (7 faiz), incəsənət (5 faiz), fizika (5 faiz), biologiya (5 faiz), coğrafiya (5 faiz), kimya (5 faiz), digər fənlər üzrə (15) faiz təşkil edir. Məqsədli qəbul planı əvvəlki kimi qalacaq, lakin abituriyentlərə - gələcək müəllimlərə qarşı tələblər olduqca sərt olacaq. Beləliklə, pedaqoji ali məktəbə daxil olan hər bir tələbə istəsə də, istəməsə də təcrübə keçməli olacaq. Əks halda, gələcəyin müəllimi Rusiya Federasiyasının "Təhsil haqqında" Qanununda olduğu kimi, cərimə ödəməli olacaq. Yeri gəlmişkən, cəriməni həm də məzunu işə götürməyən, lakin ona göndəriş ünvanlamış tərəf də ödəməlidir.
Pedaqoji ali məktəblərdə universal və pedaqoji bakalavriat proqramlarının tətbiqinə başlanılacaq. Artıq ali təhsilə malik olan və məktəbdə işləmək arzusunda olanlar üçün magistr proqramları inkişaf etdiriləcək.
Xatırladaq ki, böyük pedaqoq Konstantin Uşinski, ümumiyyətə, pedaqoji təhsil almamışdı. O, Moskva Dövlət Universitetinin hüquq fakültəsini əla qiymətlərlə bitirib. A.Makarenko isə orta məktəbdən sonra əvvəlcə dəmiryolu məktəbinə, yalnız bundan sonra pedaqoji kurslara daxil olmuşdur. Təhsili edarəetmə qurumlarının əməkdaşları və metodist müəllimlər üçün magistraturalar yaradılacaq. Təhsil sahəsində işləyənlərə üstünlük veriləcək. Eksperiment gedişində 25 ən yaxşı pedaqoji universitet orta məktəblərdə öz filiallarını açacaq. Pedaqoji universitetlərin müəllimləri isə öz ixtisaslarını hətta Elmlər Akademiyasında artıra biləcəklər. Bütövlükdə proqramın birinci mərhələsinə 17-dən 25-ə qədər ali məktəb cəlb olunacaq. 2016-2017-ci illərdə bu təcrübə ölkənin bütün ali məktəblərində yayılacaq.
Müəllim, o kimdir?
Rusiya Pedaqoji Akademiyası Pedaqoji Təhsil İnstitutunun son araşdırmalarına görə, orta statistik məktəb müəlliminin portreti aşağıdakı kimidir:
-47 yaşlı qadın,
-ali pedaqoji təhsilli (onlar tam 82 faiz təşkil edir),
- 20 min rubldan az maaş alır,
- nadir hallarda teatra gedir,
- çox əminliklə kompüter biliklərindən yararlanır.
Kompetensiyalar
Hansı pedaqoji ali məktəbləri bağlamaq lazımdır? Tələbələrin pedaqoji təcrübə keçməsinə görə xərcləri kim ödəməlidir? Gələcək müəllimlər üçün əlavə imtahanlar nə zaman başlayacaq? Bu sualları şərh edən Rusiya Dövlət Dumasının təhsil komitəsinin sədr müavini Nadejda Şaydenko bildirib ki, əlavə imtahanlar hər bir müəllimin onun bu peşəyə yararlı olub-olmamasını müəyyən edəcək. "Bəzi müəllimlər ibtidai siniflərdə əlifbadakı hərflərin yarısını deyə bilmir. Uşaqları sevməyən müəllimləri məktəbə buraxmaq olmaz. Məktəb kinli, hirsli insanların yeri deyil. Mən uzun müddət pedaqoji universitetin rektoru işləmişəm. Valideynlərin birinci siniflər üçün yaxşı müəllimi necə seçmək lazımdır sualına cavab olaraq mən onlara məsləhət görürdüm: "Dərs zamanı məktəbə gedin, qapı arxasından müəllimin siniflə necə ünsiyyət qurmasına qulaq asın. Əgər müəllim qışqırır, ayaqlarını yerə döyür, kimisə sinifdən qovursa, onda bu pedaqoqdan qaçmaq lazımdır". Məktəb zəif əsəbli insanların yeri deyil. Bütün bunları psixoloji testlərin köməyi ilə yoxlamaq olar.
Təhsil konsepsiyasında müəllim hazırlığının pedaqoji bakalavriat və universal bakalavriat kimi iki istiqamətindən bəhs olunur. Tətbiqi pedaqoji bakalavriat kolleclərdə, pedaqoji institutlarda yaradılacaq və onlar ilk növbədə ibtidai məktəblər üçün müəllim hazırlayacaq. Universal bakalavriat isə nümunəvi müəllimlər üçün açılacaq və pedaqoq üçün ixtisasartırmada daha yüksək səviyyə hesab olunacaq. Bakalavriat hər zaman 4 il üçün nəzərdə tutulmayıb. İkili ixtisaslar, məsələn, fizika-riyaziyyat və biologiya-kimya kimi ixtisaslar üçün beşillik bakalavriat proqramı nəzərdə tutulub. Növbəti səviyyə pedaqoji magistraturadır ki, bu haqda konsepsiyada ayrıca bəhs olunur. Magistraturanın məzunları daha yüksək əməkhaqları alacaqlar. Əgər pedaqoq inklüziv məktəbdə işləmək istəyirsə, məhz bu cür təhsil növü tələb olunur. Əgər müəllim magistratura təhsili almaq istəyirsə, onun dərs yükü azaldılacaq, maaş dərəcəsi isə əvvəlki kimi qalacaq. Konsepsiya sənədində göstərilir ki, ali pedaqoji institutlar məktəblərdə öz kafedralarını aça bilərlər. Tələbələrin məktəbdə keçdikləri pedaqoji təcrübənin xərcləri isə ali məktəb tərəfindən həyata keçiriləcək. Konsepsiyada müxtəlif stajkeçmə növlərindən bəhs olunur. Onların arasında gənc müəllimlərin daha təcrübəli pedaqoqlara 3 illik təhkim olunmaları təcrübəsi də əksini tapıb. Konsepsiyada qeyd olunub ki, tələbələr fərdi təhsil trayektoriyaları seçə bilərlər. Bu isə təhsildə əsl novator yenilikdir. Hər kəsin öz təhsil proqramını və tədrisin müəyyən mərhələsində gələcək peşəsini dəyişmək imkanı olacaq. Təhsilin müəyyən mərhələsində ola bilər, kimsə mühəndis və ya həkim yox, müəllim olmaq istəsə, onun üçün pedaqoji təhsil almaq imkanı yaranacaq.
Beynəlxalq təcrübə
Almaniyada gələcək müəllimlər universitetdə əsasən iki fənn seçirlər ki, bu da onların təhsilinin əsasını təşkil edir. Hər bir tələbə psixologiya, sosiologiya, didaktika və təcrübəni özündə cəmləşdirən "Tərbiyə haqqında" kursunu keçməyə borcludur. Yalnız xüsusi olaraq yaradılmış imtahan götürən təşkilatlarda keçirilən iki dövlət imtahanını verdikdən sonra müəllim olmaq olar. Gələcək müəllimlər, həkimlər və hüquqşünaslar bu qurumlarda imtahan verirlər. Birinci imtahana buraxılmaq üçün təxminən beşillik magistratura səviyyəsini bitirmək lazımdır. İlk imtahanda tələbənin "Tərbiyə haqqında" kursda və iki əsas fənn üzrə nəzəri bilikləri yoxlanılır. Daha sonra gələcəyin müəllimi ibtidai və ya orta məktəbdə iki il ilk praktik hazırlıq kursu keçməlidir. Tələbələr məktəblərdə həqiqətən əsl müəllim kimi işləyir və "hazırlıq xidmətində olan müəllim" statusunda rəsmən dövlət tərəfindən əməkhaqqı alırlar. 2 illik praktikadan sonra onlar, adətən, kollokvium şəklində ikinci dövlət imtahanı verməlidirlər. İkinci dövlət imtahanı daha mühümdür. Bu mərhələ tələbəyə müəllim olmaq imkanı verir, ancaq alman müəllimlərinin böyük əksəriyyəti dövlət məmuru statusu alırlar. Bu isə onlar üçün ömürlük yüksək maaş və iş yeri, pensiya, işdən çıxarılmanın qeyri-mümkünsüzlüyü, tibbi sığortanın ödənilməsi, məzuniyyət deməkdir.
Müəllimlərin ciddi hazırlıq işləri öz bəhrəsini verir: uşaqların 90 faizindən çoxu dövlət məktəblərində oxuyur. Orada yaxşı pulsuz təhsil verilir ki, həm valideynlər, həm də uşaqlar bundan məmnundur.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" Rusiyanın Təhsil və Elm Nazirliyinin materialları əsasında
http://www.muallim.edu.az/arxiv/2014/04/29.htm
|
понедельник, 3 февраля 2014 г.
Rusiyada müəllim hazırlığında yeniliklər
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий