среда, 16 октября 2019 г.

Ədəbiyyat fənninin məzmunu və strukturu. Ədəbiyyat fənn kurikulumu

Proqramlar, Dərs vəsaitləri, Məqalələr, Tövsiyələr, Soruşun cavab verək





Plan

1. Ədəbiyyat proqramlarının xüsusiyyətləri
2. Ədəbiyyat dərslikləri və dərs vəsaitləri
3. Ədəbiyyat fənn kurikulumu

XXI əsrin başlanğıcı pedaqoji elmlərdə, o cümlədən ədəbiyyat tədrisində yeni metodik təfəkkürün bərqərar olması, yeni inkişaf meyillərinin, ideyaların yaranması və tətbiqi ilə əlamətdardır. Ədə­biy­yat təliminin məzmununa  yeni yanaşma ilk növbədə təlim-tər­biyə prosesinin humanistləşdirilməsi, təlimin differensiallaş­dı­rıl­ma­sı, inteqrativ metodika yeni dərs texnologiyalarından istifadə,  tədrisin elm və mədəniyyətin müasir səviyyəsinə  çat­dırılması, fəal, interaktiv təlim metodlarının sistemli tətbiqi, ku­ri­kulum ideyalarının düzgün reallaşdırılması, alternativ dərslik və vəsaitlərin yaradılması ilə bağlıdır.
Müasir məktəbdə ədəbiyyat tədrisinə yeni yanaşmanın mahiy­yəti bədii əsərin şagird - oxucuya mənəvi, estetik, və emosional  tə­sirinin gücləndirilməsi, həyati bacarıqların aşılanmnası, şagirdlərdə müstəqilliyin, özünüdərkin tər­­biyə olunması, oxucu qavramasının, mütaliəyə, ədəbiyyatın öy­rə­nil­məsinə marağın inkişafı, təlimə yaradıcı münasibətin for­ma­laş­dı­rıl­masını nəzərdə tutur.
Ədəbiyyat fənninin məzmunu və strukturu Təhsil Nazirliyinin işçi qrupunun işləyib hazırladığı V-XI siniflər üçün ədəbiyyat proq­ramında öz əksini tapıb. 2003-cü ildən ümumtəhsil məktəblərində tətbiq olunan həmin proqram əsasında hazırlanmış yeni nəsil ədə­biy­yat dərslikləri son illərdə şagirdlərin ədəbi təhsilinin məzmununa və təş­kilinə öz müsbət  təsirini göstərmişdir.
Ədəbiyyat kursunun  məzmunu şagirdlərin ədəbi təhsili, tərbi­yə­si və inkişafı vəzifələri, həyat təcrübəsi, maraq dairəsi, ədəbiyyat ta­rixi haqqında zəruri biliklərin formalaşdırılması əsasında müəy­yənləşdirilmişdir. Kursun quruluşu isə söz sənətinin mahiy­yə­ti­nin, xüsusiyyətlərinin başa düşülməsi, şagirdlərin ədəbi, mənəvi-es­tetik inkişafının təmin edilməsi baxımından  əsaslandırılmışdır.
Təlim fənni kimi ədəbiyyat fənninin məzmununu keçmiş və müa­sir dövrün dəyərli söz sənəti nümunələrinin, görkəmli ədib­lərin həyat və yaradıcılığının, tarixi-ədəbi prosesin mühüm fakt­la­rı­nın (ayrı-ayrı dövrlərdə ədəbiyyatın inkişaf meyilləri, ədəbi cə­rəyanlar, ədəbi mübarizələr və s.), bədii əsərin dolğun şəkildə mənim­sənilməsi üçün zəruri olan ədəbiyyat nəzəriyyəsi element­lə­rinin öyrənilməsi təşkil edir. Şagirdlərin şifahi və yazılı nit­qi­nin inkişafı üzrə işlər ədəbiyyat fənninin üzvi tərkib hissəsidir.
V-XI siniflərin «Ədəbiyyat» proqramında ədəbiyyat fənninin məqsəd və vəzifələri müəyyənləşdirilərkən milli ədəbiyyatımız, mə­­dəniy­yətimiz, ənənələrimiz əsas götürülmüşdür. Proqramda de­yilir ki, ədəbiyyat fənninin ali məqsədi yüksək ideya-bədii də­yərə malik əsərlərin öyrənilməsi əsasında şagirdlərin dünya­gö­rü­şünü genişlən­dirmək, mili və ümumbəşəri mənəvi dəyərləri mə­nimsətmək, nəticə etibarilə onların vətənpərvərlik ruhunda tər­biyə olunmalarına kömək etməkdir.[1]
Ədəbiyyatın məktəbdə öyrənilməsi zamanı şagirdlərdə ədəbi-bədii zövqün sinifdən-sinfə keçdikcə, tədricən formalaşdırılması diq­qət mərkəzində saxlanılır. Bu prosesdə şagirdlərin mütaliə ilə bağ­lı xüsusi bacarıqlara yiyələnməsi böyük əhəmiyyət kəsb edir. Proq­ramda belə bir cəhət əsas götürülmüşdür ki, bədii mətnin oxun­­ması, qavranılması və qiymətləndirilməsi məhz bu bacarıqların  mövcudluğu şəraitində mümkündür.
Təlimin bütün pillələri arasında varisliyin gözlənilməsi bədii əsərlərin oxusu və təhlili üzrə bacarıqların formalaşdırılmasında mü­hüm şərtdir. Proqramda XI sinfi bitirən şagirdlərdə müxtəlif dövrlərdə və janrlarda yazılmış bədii əsərləri oxumaq, estetik hadisə kimi qavramaq və təhlil etmək bacarığı formalaşdırılması vəzifəsi qar­şıya qoyulmuşdur. Ədəbi təhsilin bütün pillələrində bədii mətnin oxusu və təhlili üzrə bacarıqların yaradılmasının zəruriliyi qeyd edilsə də, ayrı-ayrı siniflərdə hansı bacarıqlar üzrə iş apa­rılacağı konkretləşdirilməmişdir.
Şagirdlərin ədəbi inkişafı əsas etibarilə ədəbiyyatdan müxtəlif məşğələlərdə bədii əsərlərin oxusu və təhlili vasitəsilə həyata ke­çiri­lir. Şagirdlər ədəbi-nəzəri biliklərə yiyələnir, söz sənəti nümu­nə­lərini oxumağı, ideya-bədii məzmununu dərk etməyi, qiymətlən­dirməyi öyrənirlər.
Orta məktəblərdə şagirdlərin ədəbi təhsili üç pillədə həyata ke­çi­rilir:
1.    İbtidai təhsil (I-IV siniflər)
2.    Ümumi orta təhsil (V-IX siniflər)
3.    Tam orta təhsil (X-XI siniflər)
Şagirdlərin ibtidai siniflərdə ədəbi təhsili ümumi orta təhsil pilləsi üçün zəmin rolunu oynayır. Bu pillədə məktəblilərin mütaliə mə­dəniyyətinin, nitqinin inkişafı, söz sənəti haqqında ilkin ele­men­tar biliklərə yiyələnməsi üzrə iş aparılır. İbtidai siniflərdə qa­za­nıl­mış ədəbi bilik və bacarıqlar nəzərə alınmaqla şagirdlərin bədii əsər­ləri emosional qavraması növbəti təhsil pilləsində inkişaf etdirilir, oxucu təcrübəsi artırılır.
Ümumi orta təhsil pilləsində (V-IX siniflər)  ədəbiyyatın müs­təqil fənn kimi öyrənilməsinə başlanır. Məktəblilər müxtəlif mövzu və janrlarda əsərlərlə tanış olur, ayrı-ayrı sənətkarların həyatı, ya­ra­dıcılığı, ədəbiyyatşünaslıq terminləri, bədii təsvir və ifadə vasitələri haq­qında məlumat əldə edirlər.
V-IX siniflər müstəqil təlim pilləsi olmaqla yanaşı, tam orta təh­sil pilləsində ədəbi-tarixi kursun öyrənilməsi, şagirdlərin daha mü­rəkkəb, irihəcmli əsərləri, ədəbi-nəzəri məsələləri qavraması, ədəbi bilik və bacarıqlarının dərinləşdirilməsi və inkişafı üçün zə­min yaradır.
V-VII siniflərdə proqram mövzuları tematik prinsip üzrə (Vətən sevgisi, ana məhəbbəti, ana dünyası, müharibə və insan taleyi və s.) müəyyənləşdirilmişdir. Təhsil Qanununa uyğun olaraq icbari təh­silin IX sinifdə bitməsi VIII-IX siniflərin proqram və dərsliklə­ri­nə fərqli yanaşmanı şərtləndirmişdir. Belə ki, ümumi orta təhsili ba­şa vuran şagirdlərin qədim dövrlərdən bu günədək ədəbiy­ya­tımızın in­kişaf yolu, qüdrətli nümayəndələrinin yaradıcılığı barə­də müəy­yən sistemli biliklərə yiyələnməsi zərurəti meydana çıxır. Odur ki, VIII-IX siniflərdə proqram mövzuları əvvəlki siniflər­dən fərqli ola­raq tarixi-ədəbi prosesin inkişaf  məntiqinə uyğun müəy­yən­ləş­di­ril­miş, ayrı-ayrı sənətkarların həyat və yaradıcılığı nümunəsində ədəbiyyatımızın qədim dövrdən üzü bəri inkişaf yolu iz­lə­nil­miş­dir.
Tam orta təhsil pilləsində (X-XI siniflər) ədəbiyyat tarixi-ədəbi prinsip əsasında tədris edilir, qədim dövrlərdən bu günədək ədəbiy­yatı­mızın ən dəyərli nümunələri monoqrafik və icmal mövzuları va­sitəsilə öyrənilir. Tədrisinə ayrıca saat ayrılan monoqrafik möv­zular qüdrətli sənətkarların həyat və yaradıcılığının öyrənil­mə­sinə həsr olunur. Məsələn, “X sinifdə “M.F.Axundzadə” mo­noq­rafik möv­zusu sənətkarın həyatını, yara­dı­cı­lığının, “Al­danmış kəvakib” povestinin, “Hekayəti - Müsyö Jor­dan və dər­viş Məstəli şah” pyesinin ayrıca dərs saatlarında öy­rə­nil­mə­sini nə­zər­də tutur. Şagirdlər müxtəlif dövrlərdə yaşamış sə­nət­kar­ların ya­ra­dı­cılığı, bədii əsərləri ilə tanış olmaqla  ədə­biy­ya­tı­mızın tarixini, in­kişaf xüsusiyyətlərini öyrənirlər.
Yuxarı siniflərdə keçilən icmal mövzular ədəbiyyat tarixi­nin ay­rı-ayrı mərhələlərinə həsr olunur. Ədəbiyyat proqramında Azər­bay­can ədəbiyyatının tarixi aşağıdakı dövrlərə bölünmüşdür:
1. Qədim dövr (ən qədim zamanlardan XIII əsrə qədər)
2. Orta dövr (XIII əsrdən XVII əsrə qədər)
3. Yeni dövr (XVII əsrdən XX əsrin əvvələrinə qədər)
4. Ən yeni dövr (XX əsrin əvvəllərindən bu günə qədər)
İcmal mövzuları şagirdlərə hər dövrün sosial-mədəni mənzə­rə­si, ədəbiyyatın inkişaf meyilləri, özünəməxsus cəhətləri, görkəmli nü­mayəndələri barədə biliklərə yiyələnməsini təmin edir. Beləliklə, məktəb ədə­biyyat kursunun bir-birindən təsrid olunmuş əsərlərin öy­rə­nil­məsinə çevrilməsinin qarşısı alınır. Müxtəlif dövrlərin qar­şılıqlı əla­qəsini, yazıçıların yaradıcılığının özünəməxsusluğunu, on­ları bir-birinə yaxınlaşdıran ideyaları, ədəbi prosesin inkişafın­dakı varisliyi aydınlaşdıran icmal mövzuları məktəb ədəbiyyat kur­su­nun tamlığı­nı, bütövlüyünü təmin edən vasitə yerində çıxış edir.
İc­mal mövzuları monoqrafik mövzuların öyrənilməsi üçün zəmin yaradır. İcmal və monoqrafik mövzular bir-biri ilə qarşılıqlı əlaqədə öy­rənilir, biri digərini tamamlayır, məktəb ədəbiyyat kur­sunun əsa­sın­da duran nəzəri məsələlərin (bədii yaradıcılıq metodu, ədəbi cərə­yanlar, söz sənətinin özünəməxsusluğu və s.) öyrənil­məsini təmin edir.  
Şagirdlərin nitq inkişafı üzrə işlərin aparılması ədəbiyyat kur­sunda mühüm yer tutur. Nitq inkişafı üzrə işlər şagirdlərdə bədii sözə həssas münasibət aşılanması, sözün, fikrin məna incə­lik­lərini duymaq, ifadə etmək bacarığının, nitq mədəniyyətinin  for­ma­laş­­dırıl­masını nəzərdə tutur. Sənətkarın sözdən istifadə məha­rə­ti, ob­­razlı sözün ifadəliliyi, sər­rastlığı, fikir tutumu, yığcamlığı haq­qında  aydın təsəvvür ya­radıl­ması nəticə etibarilə şagirdlərin şifahi və ya­zılı nitqinin inkişa­fı­na gətirib çıxarmalıdır.
Məktəb ədəbiyyat kursunda ədəbiyyat nəzəriyyəsinin öy­rə­nil­­məsinə xüsusi diqqət yetirilir. Ədəbiyyat nəzəriyyəsinə dair bilik­lər kon­kret proqram mövzuları ilə əlaqədə mənimsənilir. Bu za­man ədəbi-tarixi prosesin inkişaf meyilləri, öyrənilən materialın ide­ya-məz­munu, bədii xüsusiyyətləri nəzərə alınır. Bədii mətnlərin oxu­su, təh­lili zamanı ədəbi-nəzəri biliklərin tətbiqi nəticəsində əsə­rin ide­ya-bədii məzmunu dərindən qavranılır, yazıçı sənətkarlığı haq­­qında dolğun təsəvvür yaradılır. Sinifdən-sinfə keçdikcə şagird­lərin qav­rama səviyyəsi nəzərə alınmaqla ədəbiyyat nəzəriyyəsi üzrə bilik və bacarıqlar mürəkkəbləşdirilir və dərinləşdirilir.
Proqramda ədəbiyyat kursunda öyrənilən  bədii əsərlər üç qrupa ayrılır:
1.    Ədəbiyyat dərslərində öyrənilən, mətni üzrə təhlil aparılan əsərlər. Bu əsərlər proqramda ayrıca mövzu kimi göstərilir, tədrisinə saat ayrılır.
2.    Sinifdənxaric oxu üçün tövsiyə olunan əsərlər. Bu əlavə oxu materialları müvafiq proqram mövzuları ilə əlaqədar olub, şagird­lərin sənətkarın yaradıcılığı, mövzu, problem üzrə  bilik və bacarıq­larını dərinləşdirmək məqsədini izləyir. Təlim materiallarının öy­rənilməsi zamanı həmin əsərlər üzrə də iş təşkil edilir.
3.    Müstəqil sinifdənxaric oxu üçün əsərlər. Bu əsərlərin sinif­dənxaric oxu dərslərində müzakirəsi, şagirdlərin müstəqil müta­liə­si­nin istiqamətləndirilməsi üçün proqramda dərs saatları ayrılmışdır. Müs­təqil oxu üçün əsərlər şagirdlərin yazıçıların yaradıcılığı barədə təsəv­vürünün zənginləşməsinə kömək edir. Müəllim həmin əsər­­lərin mütaliə edilməsi, qavranılmasına müntəzəm diqqət ye­­tir­məli­dir. Bu məqsədlə proqram materiallarının  müstəqil oxun­muş əsər­lərlə əlaqələndirilməsi, müqayisəsi, şagirdlərin mütaliə et­dik­ləri əsər­lər barədə qeydlər aparmasına nəzarət, müzakirələr, dis­put­­lar faydalıdır.
Ədəbiyyat kursunda klassik və çağdaş söz sənətimizin yüksək ideya-bədii dəyərə malik, şagirdlərin mənəvi aləminin zəngin­ləş­məsində, estetik inkişafında, dünyagörüşünün genişlənməsində əhə­miyyətli olan nümunələri, eləcə də xarici ölkələr ədəbiyyatından seç­­mələr öyrənilir. Həmin əsərlər seçilərkən şagirdlərin yaş xü­su­siy­­yətləri, maraq dairəsi, gücçatan səviyyədə olması, gənc nəslin ədəbi təhsili, tərbiyəsi, inkişafı vəzifələri də nəzərə alınmışdır.

“Ədəbiyyat” dərslikləri və dərs vəsaitləri

Yeni nəsil “Ədəbiyyat” dərsliyi və “Ədəbiyyat müntəxəbatı” dərs vəsaitlərinə məktəblilərin mənəvi-estetik tərbiyəsinin daha da güc­lən­dirilməsi, onlarda milli və ümumbəşəri dəyərlər, həyati baca­rıq­lar for­ma­laş­dırılması baxımından əhəmiyyətli əsərlər daxil edil­miş­dir. Belə ki, tə­lim materiallarının mövzu, problem və janr  müx­tə­lif­liyinə xüsusi diqqət ye­tirilmiş, dərsdə müzakirə və sinifdənxaric oxu üçün vətən­pər­vərlik, məktəb, bilik, əmək, təbiətə məhəbbət, mə­nəvi saflıq və s. möv­­­zularda yüksək ideya-bədii dəyərə malik bədii əsərlər seçil­miş­dir.
Orta ümumtəhsil məktəblərində 2012/13-cü dərs ilindən eti­barən kurikulum əsasında yazılmış yeni ədəbiyyat dərslik­lə­rin­dən  istifadə olunur[2].
V və VII siniflər üçün kurikulum üzrəƏdəbiyyat” dərs­liklərini səciyyələndirən başlıca cəhətlər:
      Şagirdlərə milli və ümumbəşəri mənəvi dəyərlər aşılan­ma­sına zəmin ya­radır, onların ədəbiyyata, mütaliəyə marağını gücləndirir, axtarıcılığa, tədqiqatçılıq fəaliyyətinə, fərqli mən­bə­lərdən yeni biliklər əldə etməyə sövq edir.
      Məntiqi, tənqidi, yaradıcı (bədii) təfəkkürü inkişaf etdirir.
      Tətbiqi xarakter daşımaqla zəruri həyati bacarıqların forma­laş­­masını təmin edir.
      Fəndaxili və fənlərarası inteqrasiya imkanlarını reallaş­dır­ma­ğa zə­min yaradır.
      Fəal/interaktiv təlim şəraitinin yaradılmasını təmin edir.
      Şagirdlərin fərqli idraki imkanlarının nəzərə alınmasına şərait yaradır.
Dərsliklərə aşağıdakı tədris materialları daxil edilmişdir:
      Dərsliyin metodik strukturu, ondan istifadə qaydaları üzrə tövsiyələr;
      Azərbaycan və xarici ölkələrin şifahi və yazılı ədəbiyyat nümunələri;
      Əsərin məzmununun mənimsənilməsi və təhlili üçün sual və tapşırıqlar;
      Şifahi və yazılı nitqin inkişafı üçün sual və tapşırıqlar;
      Ədəbiyyat nəzəriyyəsi materialları;
      Ümumiləşdirmə və layihələr üzrə tapşırıqlar;
      Formativ və summativ qiymətləndirmə materialları;
      Yaradıcı tətbiqetmə, müxtəlif mənbələrdən istifadə ilə bağlı sual və tapşırıqlar;
      Bədii mətnlərdə şagirdlərə tanış olmayan sözlərin lüğəti;
      Qısa ədəbiyyatşünaslıq lüğəti.
Dərsliklərə daxil edilmiş bədii əsərlər aşağıdakı meyarlar əsasında seçil­miş­dir:
      əsərin yüksək ideya-bədii dəyərə malik olması;
      şifahi və yazılı söz sənəti nümunələrinin janr, mövzu müx­təlifliyi, aktual mənəvi-estetik problemləri əks etdirməsi;
      Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatından seç­mə­lərə yer verilməsi;
      əsərin humanist istiqaməti, şagird şəxsiyyətinə müsbət təsiri;
      əsərin şagirdlərin inkişafı məqsədlərinə, maraq dairəsinə, yaş və qavrama xüsusiyyətlərinə uyğun olması;
Bədii nümunələr seçilərkən mədəni-tarixi ənənələrimiz, milli ədəbi təhsil  sis­te­mi­nin zəngin təcrübəsi nəzərə alınmışdır. Seçilmiş bədii nümunələr vasitəsilə  milli və ümumbəşəri mənəvi dəyərlər, vətənpər­vərlik, soykökünə bağlılıq, təbiətə qayğı­keş münasibət, in­san hüquq və azadlıqları, dini dəyərlər aşılanması imkanları diqqət mərkəzində sax­lanılmışdır.
Dərsliklərdə kurikulum üzrə fənn standartlarının tələblərinə uyğun olaraq ədəbiyyat nəzəriyyəsi materialları (nağıl, təmsil, hekayə, epitet, bən­zətmə və s. haqqında məlumat) verilmişdir. Ədə­biyyat nəzəriyyəsi üzrə biliklərdən bədii əsərlərin öyrənilməsi prosesində istifadə olunması, nəzəri biliklərin bədii mətnin məzmu­nunun öyrə­dil­məsi və təhlili prosesində tətbiqi məqsədilə hər mövzu üzrə sual və tapşırıqlar sistemi işlənilmişdir. 
Təlimin səmərəli təşkilində müəllim üçün istiqamətverici rol oynayan me­to­­dik vəsaitlərə aşağıdakılar daxildir:
      Ədəbiyyat fənni üzrə məzmun standartlarının inteqrativ reallaş­dırılması cədvəli;
      Dərslikdə verilmiş təlim materiallarının illik və gündəlik planlaşdırılması;
      Dərslərin müasir tələblər baxımından keçilməsi üzrə metodik tövsiyələr;
      Hər bir dərsin təlim məqsədləri, təlim standartları, fəndaxili və fənlərarası inteqrasiya imkanları;
      Konkret mövzular üzrə dərslərin fəal/interaktiv metodlarla təşkili texno­lo­giyası;
      Formativ və summativ qiymətləndirmə materialları;
      Təlim prosesinin təşkilində variativliyi təmin etmək məqsə­dilə müəllim üçün əlavə sual və tapşırıqlar sistemi.
      Şagird üçün əlavə oxu mənbələri və materiallarının siyahısı;
      İstifadə olunmuş materialların (resursların) siyahısı.
Metodik vəsaitlərdə kurikulum üzrə dərslərin səmərəli təşkili ilə əlaqədar müəl­limin fəaliyyətinin başlıca istiqamətləri, onun yaradı­cılıq və təşəbbüskarlığına imkan yaradan vasitələr öz əksini tap­mış­dır. Vəsaitə daxil edilmiş yeni tipli dərs nümunələrində fəal/in­te­rak­tiv təlim imkan­larının, şagird-şagird, şagird – müəllim əməkdaşl­ı­ğının reallaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Bu məq­səd­lə ədəbiyyat dərslərində bu və ya digər mövzunun tədrisi baxı­mından əhəmiyyətli olan fəal/interaktiv təlimin üsullarına geniş yer verilib. Dərs nümunələrində ayrı-ayrı sinif­lərdə şagirdlərin ha­zır­lıq səviyyəsinin fərqli olması nəzərə alaraq  təlim üsullarının və tapşı­rıq­larının çoxvariantlılığı təmin edilib, konkret şəraitə uyğun olaraq müəllim üçün seçim imkanları gözlənilib. Şübhəsiz, müəllim təq­dim olunan dərs nümunələrinə ehkam kimi yanaşmamalı, təklif olu­nan ideyalardan, metodik istiqamətlərdən yaradıcılıqla bəhrələn­məlidir. Meto­dik tövsiyələr işlənərkən belə bir cəhət əsas götürül­müşdür ki, hər bir müəllim təqdim olunan yeni tipli dərs nümu­nələ­rindən, dərslərin quru­luşundan, metodik sistemindən çıxış edərək öz dərs nümunələrini yarada və tətbiq edə bilər.
Təlim məqsədlərinin düzgün müəyyənləşdirilməsi kuriku­lum­­dakı məzmun standartlarının reallaşdırılması baxımından müs­təsna əhəmiyyətə malikdir. Təlim məqsədləri dərsdə şagird nailiy­yətlərinə aparan yoldur. Bu baxımdan hər ədəbiyyat dərsində hər üç məzmun xəttini əhatə edən alt standartlara uyğun təlim məqsəd­lərinin müəy­yən­ləşdirilməsi diqqət mər­kəzində saxlanılmışdır. Tə­lim məqsəd­lərinin yerinə yetirilməsi məzmun standartlarının addım-addım reallaş­dırılmasını, ilin sonunda isə gözlənilən təlim nəticə-
l­ərinin əldə olunmasını təmin edir.
Təlim prosesində inklüzivliyin, differensial təlimin təmin olun­ması üçün şa­gird­lərin qavrama səviyyəsinə uyğun bədii mətn­lərdən, müxtəlif tipli – bərpa­ediici və yaradıcı, sadə,orta, mürəkkəb tipli tapşırıqlardan istifadə olunmuş, metodik və­sait­də bunlardan konkret təlim şəraitinə uy­ğun istifadə ilə bağlı tövsiyələr, müxtəlif variantlı dərs nümunələri verilmişdir. 
Dərsliklərə əsərin təhlili üçün “Oxuyun. Fikirləşin. Cavab ve­rin” başlıqlı mətnlər  daxil edilmişdir. Əvvəlki dərsliklərdə şa­gird­­lərin bədii mətni müstəqil təhlil etmələrini nəzərdə tutan, onlara istiqamət verən bölmələrin daxil edilməməsi təlim prosesində ciddi problemlər yaradırdı. Bu mənada yeni dərsliklərə daxil edilən, əsə­rin mövzusu, ideyası, obrazların xarakteri və s. təhlili üçün sual və tapşırıqlar sistemindən ibarət mətnlər şagirdlərin əsərin ideya-bədii məzmununu müstəqil dərk etməsi, təh­lil bacarıqlarının formalaş­dı­rıl­­masında əhəmiyyətli rol oynayır.
Şagirdlərin diqqətini yazıçının bədii dil, üslub sənətkarlığına yö­nəl­dən, əsərdəki bədii gözəlliyin, obrazlılığın başa düşülüb qiy­mət­ləndirilməsi ilə bağlı sual və tapşırıqlar da dərsliklərin mə­ziy­yə­tini artıran cəhətlərdəndir.
İfadəli oxu ilə bağlı tapşırıqların dərsliklərə daxil edil­məsi müsbət dəyərləndirilməlidir. Doğrudur, əvvəlki dərsliklərdə də “Şeiri ifadəli oxuyun” tipli tapşırıqlar vardı. Lakin ifadəli oxuya necə hazırlaşmaq, onu necə həyata keçirmək barədə konkret is­ti­qa­mə­tin, nümunələrin olmaması təcrübədə həmin tələbin reallaş­dı­rıl­ma­sına imkan vermirdi.
Dərsliklərdə ədəbiyyat nəzəriyyəsi anlayışlarının sadə şəkildə izahı, konkret nümunələrlə aydınlaşdırılması da diqqəti cəlb edir. «Müs­təqil iş üçün», «Sinifdənxaric oxu üçün», «Ədəbiyyat nə­zəriy­yə­si» başlıqlı bölmələr dərsliklərin metodik aparatını zən­gin­ləş­dir­mişdir. Bu bölmələr şagirdlərin hər bir konkret mövzu üzrə bilik və bacarıqlarını dərinləşdirməyə və genişləndirməyə imkan yaradır.
Hazırda məktəblərimizdə kurikulum üzrə dərsliklərlə yanaşı, VIII-XI siniflər üçün ənənəvi «Ədəbiyyat» dərsliklərindən də isti­fadə olunur.
VIII-IX siniflər üçün «Ədəbiyyat» dərsliklərində görkəmli sənətkarların yaradıcılığı nümunəsində ədəbiyyatı­mı­zın inkişaf yolu izlənilmiş, hər bir sə­nət­ka­rın həyatı və yaradıcılığı barədə yığcam məlumat verilmişdir. Ya­zı­çı­nın həyat və yaradıcılığı barədə mətn­lərdə onun yaradıcı şəx­siyyətinə maraq oyatmaq, yuxarı siniflərdə öyrə­diləcək oçerklər üçün zəmin yaratmaq niyyəti əsas götü­rülmüşdür.
Həmin dərsliklərdəki söz sənətinin ideya-estetik təsirini güc­ləndirən bədii nümunələr vasitəsilə şagirdlər şifahi və yazılı ədəbiy­yat haq­qında sistemli bilik və bacarıqlara yiyələnir. Bu məqsədlə dərs­­lik­lərə metodik siqləti ilə seçilən «Əsərin məzmunu ilə bağlı sual və tap­şı­rıqlar», «Əsərin təhlilinə hazırlaşın», «İfadəli oxuya hazırla­şın», «Müs­təqil iş üçün», «Sinifdənxaric oxu üçün», «Ədə­biyat nəzə­riy­­yəsi» bölmələri daxil edilmişdir.
«Əsərin təhlilinə hazırlaşın» mətnlərində məktəblilərə əsərin təh­lili ilə əlaqədar konkret tövsiyələr verilir, onların tədqiqatçılıq  fəaliy­yəti istiqamətləndirilir. Müəlliflər yüksək ideya-bədii dəyərə malik əsər­lərin öyrənilməsi zamanı şagird­ləri hər bir mətni onun  ideya-məzmunu, ədəbi-bədii özəllikləri, sənətkarlıq xü­susiyyətləri əsasında təhlil etməyə istiqamətləndirmək niyyətini əsas götür­müş­lər. Bu isə öz növbəsində məktəblilərin müs­təqil mü­hakimə yürüt­mək qabiliyyətini, bədii təfəkkürünü inki­şaf etdirməyə, dünya­görüşünü genişləndirməyə, milli və ümum­bəşəri mənəvi də­yərləri mənimsəmələrinə imkan verir.
Dərslikdə hər bir mövzu ilə əlaqədar verilmiş «Müstəqil iş üçün», «Sinifdənxaric oxu üçün», «Ədəbiyat nəzəriyyəsi» böl­mə­ləri də şagirdlərin yaradıcı təlim fəaliyyətini səmərəli təşkil et­mək baxımından əhəmiyyətlidir.
«Ədəbiyyat» dərsliklərinin metodik aparatı məktəbdə ədəbiy­yatın öy­rə­dil­məsi prosesinin tərbiyə və təhsil potensialını güclən­dirir, müəllimi yeni təlim texnologiyalarından istifadəyə, sadədən mü­rəkkəbə, mü­şa­hidədən ümumiləşdirməyə, analizdən sintezə keç­məyə, ədəbi təh­silin inkişafetdirici səciyyə daşımasına nail olmağa is­ti­qa­mət­lən­di­rir.
Ənənəvi “Ədəbiyyat” dərslikləri vaxtilə yeni pedaqoji təfək­kürün, metodik düşüncənin məhsulu kimi yaranmış, istər ənənəvi me­todikanın, istərsə də ədəbiyyat tədrisi metodikasının, ədəbiy­yat­şü­naslığın son nailiyyətlərini özündə ehtiva etmişdir. Şübhə yoxdur ki, orta məktəb sınağından çıxmış ədəbiyyat dərs­lik­lə­rin­dəki meto­dik sistemdən, orijinal ideyalardan gələcəkdə kurikulum üzrə dərs­lik­lərin tərtibi zamanı də yetərincə istifadə olunacaqdır.
Ümumtəhsil məktəblərinin X-XI sinifləri üçün «Ədəbiyyat» dərslikləri də şagirdlərin ədəbi təhsili, tərbiyəsi, inkişafı vəzifələri, qavrama  səviyyəsi nəzərə  alınmaqla yazılmışdır. Ədəbi-tarixi prin­sipə əsaslanan bu dərsliklərdə ayrı-ayrı  sənətkarların həyat və ya­ra­dı­cılığına həsr olunmuş ədəbi oçerklər, icmal mövzular verilmişdir.
X-XI siniflər üçün «Ədəbiyyat» dərsliklərində monoqrafik şəkildə öy­rənilən əsərlərin geniş təhlili verilməmişdir. Bu zaman belə bir cəhət əsas götürülmüşdür ki, məktəblilər əsərin müzakirəsi zamanı hazır hökmlərə, əzbərçiliyə deyil, bilavasitə əsərin mətninə əsas­lan­malı, müstəqil fikir söyləməli, öz hökmlərini əsaslandır­malıdır.
Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün «Ədəbiyyat mün­tə­xə­batı»nda proqramın  tələbinə uyğun olaraq, ədəbiyyatımızın qə­dim dövrdən iyirminci əsrə qədərki mərhələsi əhatə olunmuş, hər bir sənətkarın ayrıca öyrənilən əsərləri vəsaitə daxil edilmişdir. Bu za­man pedaqoji tələblər, tədrisə ayrılan saatlar nəzərə alınaraq bəzi irihəcmli mətnlərdə zəruri ixtisarlar aparılmışdır.
İcmal mövzular üzrə bədii nümunələr, əlavə oxu üçün nəzərdə tu­tulmuş materiallar müntəxəbatda ulduz işarəsi ilə verilmişdir. Mək­təbliləri daha geniş müstəqil mütaliəyə cəlb etmək niyyəti gü­dən həmin əsərlərin ədəbiyyat dərslərində geniş müzakirəsi, şeir­lərin əzbər söylənilməsi tələb olunmur. Belə ki, şagirdlər mo­noq­ra­fik şəkildə öyrənilən əsərləri oxumaqla kifayətlənməməli, müstəqil mü­taliə vasitəsilə mövzu, problem, sənətkarın şəxsiyyəti, ya­ra­dı­cılığı barədə dərin bilik əldə etməyə çalışmalıdır.
XI sinfin “Ədəbiyyat müntəxəbatı”na yeni və ən yeni dövr dövr Azərbaycan ədəbiyyatı üzrə əsərlər daxil edilib. Bu si­nifdə təlim materiallarının əsas hissəsini irihəcmli, mürəkkəb əsər­lər təşkil edir. Tərtibçi-müəlliflər bu cəhəti nəzərə alaraq dərs­lik- mün­təxəbata yalnız monoqrafik şəkildə öyrənilən bədii əsərləri da­xil etmiş, bu yolla şagirdlərin təlim yükünü ağırlaşdırmamağa çalış­mış­lar.
Dərslik – müntəxəbata ədəbiyyat tariximizdə müstəsna xid­mət­ləri ilə seçilən sənətkarların yaradıcılığı, ayrıca öyrənilən əsərləri ilə bağlı materiallar, sual və tapşırıqlar sistemi şagirdlərin ədəbi bilik­lə­rə dərindən yiyələnməsinə imkan verir.

Ədəbiyyat kurikulumu[3]

Müasir məktəbdə ədəbiyyat tədrisinə yeni yanaşmanın ma­hiy­yəti hazırlanan kurikulum sənədlərində öz əksini tapmışdır. Ədə­biy­yat kurikulumunun ümumi orta və tam orta təhsil pil­lə­lə­rin­də qar­şıya qoyduğu məqsəd və vəzifələr təlimə ənənəvi baxışın, me­todik istiqamətin dəyişdirilməsini  qaçılmaz etmişdir.
Kurri­ku­lum  sözünün latınça mənası kurs, elm deməkdir. Bu ter­mindən 1876-cı ildən istifadə olunmağa başlanılıb. İlk fənn ku­rikulumları isə 1918-ci ildə ABŞ-da meydana gəlmişdir. Azər­bay­canda bu ter­min­dən keçən əsrin 90-cı illərindən etibarən istifadə olu­nur. Ku­ri­ku­lum təlimin məqsədi, məzmunu, standartları, tex­no­­lo­­gi­ya­la­rı­nı, son məqsədə çatmağın yolları, vasitə və üsulları, həm­çinin bu sahədəki fəaliyyətin səmərəliliyini yoxlamağın me­tod və  va­sitələrini özündə əks etdirən konseptual sənəddir.
Ədəbiyyat kurikulumunda şagirdlərin ədəbi təhsilinin məz­mu­nu­na aşağıdakı tələblər verilir:
1. Ədəbi təhsilin məzmununu şagirdlərin və cəmiyyətin tə­lə­ba­tı­na, dövlətin təhsil siyasətinə uyğunlaşdırmaq;
2. Məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, şa­gird­yö­nümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirmək;
3. Şagirdlərin təlim marağını, potensial imkanlarını nəzərə al­maq­la onlara  davamlı inkişaflarını təmin edən, müstəqil həyatda la­zım olan zəruri biliklərin və idraki, informativ-kommunikativ, psi­xo­motor  bacarıqların aşılanmasını təmin etmək;
Şəxsiyyətin inki­şa­fı­na dair yeni məqsədlər şagirddə məntiqi düşünmə, tənqidi yanaşma, müstəqil qərar qəbul etmək,  yaradıcı münasibət, bilikləri müstəqil əldə etmək, praktik problemləri həll etmək kimi idraki bacarıqların formalaşdırılmasını tələb edir.
4. Təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmət et­mə­yən, tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məlumat yönümlü məsələlərin daxil edilməsinə yol verməmək.
“Azərbaycan Respublikasında ümumi təhsilin milli kuri­ku­lu­mu” layihəsində ümumi və tam orta təhsil pillələrində  ədəbiyyat fən­ninin əsaslandırılması verilmiş, kursun əhəmiyyəti, məq­səd və vəzifələri dəqiqləşdirilmişdir. Kurikulumda qeyd edilir ki, özünə­məxsus inkişaf yolu keçmiş, iki min ildən artıq yaşı olan  Azər­baycan ədəbiyyatı dünya bədii mədəniyyəti xəzinəsinə dəyərli sənət abidələri bəxş etmişdir. Humanist və demokratik ideyaları par­laq şəkildə əks etdirən ədəbiyyatımızın ümumtəhsil məktəblərində tədrisi milli dövlətçilik maraqları baxımından böyük əhəmiyyət kəsb edir. Məktəb ədəbiyyat kursu həqiqi vətəndaşın və müasir dün­ya­görüşlü şəxsiyyətin yetişməsində mühüm payı olan fənlərdəndir.
Kurikulumda qeyd edilir ki, ümumtəhsil məktəblərində ədə­biy­yat tədrisinin məqsədi yüksək ideya-bədii dəyərə malik söz sənəti nü­munələrinin öyrədilməsi əsasında şagirdlərdə müasir dün­ya­görüşü, estetik zövq, mütaliə və həyati bacarıq­ların for­ma­laş­dı­rıl­ması, onların ədəbi təhsil, tərbiyə və in­ki­şafının təmin edilməsi, gənc nəslin milli və bəşəri mənəvi də­yər­lər zəminində tərbiyə al­ması, şifahi və yazılı nitqinin inkişaf etdirilməsidir.
Bu məqsədə nail olmaq üçün:
- söz sənətinin mahiyyəti, daxili qanunları barədə zəruri təsəv­vür­lərin yaradılması;
- milli ədəbiyyatımızın, eləcə də dünya ədəbiyyatından nümu­nə­lərin öyrədilməsi əsasında milli və bəşəri dəyərlərin, həyati ba­carıqların formalaşdırılması;
-      şagirdlərin zəruri ədəbi-nəzəri biliklərə yiyələnməsi;
-      bədii əsərin oxusu, təhlili və qiymətləndirilməsi üzrə zəruri bacarıqların yaradılması;
-      ifadəli oxu bacarığının formalaşdırılması;
-      şifahi və yazılı nitq bacarıqlarının aşılanması təmin edil­­li­dir.
Azərbaycan ədəbiyyatının tədrisi vasitəsilə:
Ümumi orta təhsil pilləsində incəsənətin bir növü kimi söz sə­nətinin – şifahi və yazılı ədəbiyyatın xalqın mənəvi sərvəti olması, hə­yatı, taleyüklü məsələləri özünəməxsus bədii vasitələrlə əks et­dir­­si barədə şagirdlərdə dolğun təsəvvür yaradılır.
Milli və dünya ədəbiyyatından seçilmiş kamil sənət nümunələri vasitəsilə məktəblilərdə sözə, söz sənətinə həssas, bədii-emosional münasibət formalaşdırılır, təhlil, dəyərləndirmə, fikirlərini  şifahi və yazılı çatdırmaq bacarığı inkişaf etdirilir.
Ədəbiyyat nəzəriyyəsi üzrə zəruri biliklərə və mütaliə mə­­niy­yətinə yiyələnən şagirdlərdə konfliktlərə, problemlərə, ədəbi nailiy­yət­lərə əsaslandırılmış münasibətin formalaşması təmin edilir.
Tam orta təhsil pilləsində şagirdlərin əsas təhsil pilləsində qa­zan­dıqları bacarıq və vərdişlər təkmilləşdirilməklə tarixi-xronoloji ar­dıcıllıqla Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yolu, ədəbi ənənə və əlaqələri, Azərbaycan və dünya ədəbiyyatının görkəmli ədəbi simalarının yaradıcılığından nümunələr öyrənilir, ədəbiyyat nə­zəriyyəsinə dair məlumatlar genişləndirilir, məktəblilərin ədəbi-bədii, tənqidi təfəkkürünün formalaşması təmin olunur.
Ədəbiyyat kurikulumunun fənyönümlü deyil, şəx­siy­yət­yö­nüm­lü, nəticəyönümlü, interaktiv, inteqrativ səciyyə daşıması, müəl­­lim və şagirdin əməkdaşlığına əsaslanan mahiyyəti, ümumi orta və tam orta təhsil pillələrində bu fənnin tədrisinin yeni metodik sisteminin yaradılmasını zəruri edir. Təhsil prosesləri ilə bağlı bütün fəaliy­yət­lərin səmərəli təşkilinə  hərtərəfli imkan ya­radan bu sənəd ənənəvi tə­lim proqramı, tədris planı, plan­laş­dırmadan köklü şəkildə fərq­lənir.
Məlumdur ki, ədəbiyyat proqramlarında tədris planındakı  saat­lara uyğun olaraq konkret mövzular, bədii mətnlər müəy­yən­ləş­dirilir, hər mövzuya ayrılan dərs saatları göstərilir. Kurikulum isə müəl­­limin məzmun xətlərindən, təlim nəticələrindən, verilən me­to­dik tövsiyələrdən, nümunələrdən, konkret sinfin hazırlıq sə­viy­yə­sin­dən çıxış edərək mövzuları, bədii mətnləri, bu və ya digər möv­zuya ayrılan saatları müstəqil müəy­yən­ləşdirməsinə yol açır.
Ənənəvi fənn proqramlarının elmi təmayülünə uyğun olaraq müəllim çalışır ki, şagirdlərə mümkün qədər çox elmi  bilik versin. Sanki hər bir şagird gələcəkdə mütləq ədəbiyyatçı olmalı, bədii əsər yazmalıdır. Nəticədə ədəbiyyat dərs­lərində şagirdin beyni həyatda ona lazım olmayacaq lüzumsuz bilik və məlumatla yüklənir.
Ədəbiyyat kurikulumunda isə şəxsiyyətə lazım olan həyati ba­ca­rıq­­ların (bilik və idraki, sosial və praktik bacarıqlar) formalaş­dırılması diqqət mərkəzində saxlanılır, ümumi orta, tam orta təhsil pillə­lərində hər sinif üçün bu bacarıqlar üzrə təlim nəticələri dəqiq gös­tərilir. Şəx­siyyətin inkişafına dair yeni məqsədlər şagirddə mən­­tiqi düşünmə, tənqidi yanaşma, müstəqil qərar qəbul et­mək,  yara­dıcı münasibət, bilikləri müstəqil əldə etmək, praktik prob­lemləri həll etmək kimi idraki bacarıqların formalaş­dırıl­masını tələb edir.
Kurikulum sənədlərində şagirdlərdə mütaliə bacarıqlarının for­malaşdırılması mühüm vəzifə kimi qarşıya qoyulur. Bu, ədəbiyyat müəl­liminin fəaliyyətinin əsas istiqamətlərindən olub təlimin prak­tik yönümün gücləndirilməsini təmin edir. Məlumdur ki, bilik­lərin mənimsənilməsi, onları fəal tətbiq etməyə imkan ve­rən bacarıqların formalaşdırılması şəxsiyyətin yaradıcılıq im­kan­la­rı­nın aşkara çıxa­rıl­masına və inkişaf etdirilməsinə, mənəvi-estetik ba­xımdan zən­gin­ləş­məsinə imkan yaradır.
Ədəbiyyat kurikulumunda ümumi orta və tam orta təhsil pil­lə­lə­rində şagirdlərin hansı bacarıqlara yiyələnməli olduğu dəqiq gös­tə­rilmişdir. Müəllim məktəblilərin bilik və bacarıqlardan üzvi əla­qə­də istifadə etməsinə xüsusi diqqət yetirməli, mütaliə ba­ca­rıq­ları si­nif­dən-sinfə keçdikcə yeni, daha mürəkkəb əsərlər üzərində tət­biq edi­lərək dərinləşdirilməlidir.
Məktəbdə bədii əsər üzrə işin özünəməxsus strukturu, məntiqi ar­dıcıllığı vardır ki, bunlardan kurikulumda da imtina etmək müm­kün deyildir. Bədii mətnin oxusu, məzmununun mənimsənilməsi (əsə­rin ilkin qav­ra­nıl­ma­sı, tanış olmayan söz və ifadələrin müəy­yən­ləşdirilməsi, mə­na­sı­nın aydınlaşdırılması, plan tərtibi, nağıletmə və s.) əsərin təhlili (möv­zu, ideya, problem, obrazlar baxımından təhlil və qiy­mət­lən­di­ril­mə) üzrə bacarıqların formalaşdırılması prosesində şa­girdlərin yaş xü­susiyyətləri, qavrama imkanları nəzərə alınmalı­dır.
Məlumdur ki, şagirdlərin mütaliə bacarıqlarına yiyələnməsi ədə­biyyata marağın artırılması, əsərdə qaldırılan problemlərin, onun ideya-məzmununun, sənətkarlıq xüsusiyyətlərinin qavranılması üçün zəruri şərtdir. Dərsə hazırlıq mərhələsində ədəbi-bədii nü­mu­nə­lər üzrə iş planlaşdırilarkən hansı bacarıqlar üzrə iş aparılacağı də­qiqləşdirilir. Məktəblilər dərsdə mətni mənimsəməklə yanaşı, mətn üzərində iş üsullarını öyrənir.
Mütaliə bacarıqlarının formalaşdırılması üzrə iş bədii əsərin təhlili zamanı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi  ba­xı­mın­dan zəruridir. Mütaliə bacarıqlarına yiyələnən şagirdlər ob­raz­ların xarakteri, davranışı, başqalarına münasibətində, qəhrəmanlara müəllif münasibətində, yazıçı sənətkarlığında əvvəl nəzərdən qa­çırdıqları yeni cəhətləri üzə çıxarırlar. Nəzərə almaq lazımdır ki, adətən bədii təhlil zamanı bir yox, bir neçə bacarığın for­ma­laş­dı­rıl­ması üzrə iş aparılır.
Kurikulumda hər sinifdə məktəblilərin hazırlıq səviyyəsinə uyğun olaraq əsə­rin süjetindəki səbəb-nəticə əlaqələrinin, problem və konfliktlərin, qəh­rəmanların xarakterinin, hərəkət və davranış­la­rı­nın, müəllif möv­qeyinin, sənətkarlıq xüsusiyyətlərinin müəy­yən­ləşdirilməsi, on­lara əsas­landırılmış münasibət bildirilməsi üzrə ba­ca­rıqların for­malaş­dırılması ön plana çəkilir.
Kurikulumda bədii əsərin oxusu, qavranılması, təhlili, şifahi və ya­zılı nitqin inkişafı üzrə bacarıqlar varislik, ardıcıllıq, sadədən mü­rək­kəbə, asan­dan çətinə prinsipi gözlənilməklə siniflər üzrə də­qiq­ləşdirilmiş, böl­mələr üzrə yerləşdirilmişdir.
Ədəbiyyat kurikulumunun mühüm xüsusiyyətlərindən biri bu­ra­da ədəbiyyat təlimi qarşısında qoyulan məqsəd və vəzifələr, ümu­mi orta və tam orta təhsil pilləsində gözlənilən təlim nəticələri nə­zərə alınmaqla məzmun xətlərinin müəyənləşdirilməsidir. Ədə­biy­­yat fənni üzrə 3 məzmun xətti müəyyənləşdirilmişdir: 1. Ədə­biy­­­­yat və həyat həqiqətləri; 2. Şifahi nitq; 3. Yazılı nitq.
Ədəbiyyat və həyat həqiqətləri məzmun xətti ümumi orta təh­­sil pilləsində bədii ədəbiyyatda əksini tapan milli-bəşəri də­yər­lərin, mənəvi-estetik problemlərin qavranılması, təhlili, onlara əsas­lan­dırılmış münasibətin formalaşdırılması, mürəkkəb həyat ha­di­sə­lə­rinin, ziddiyyətli situasiyaların dərk edilməsinə və qiy­mət­lən­di­ril­məsinə zəmin yaradır. Bədii həqiqətlə həyat həqiqətlərinin mü­qa­yi­sə­si, əlaqələrin açıqlanması söz sənətinin mahiyyətinin başa dü­şül­mə­sinə, eləcə də insan həyatında, cəmiyyətdə müşahidə edilən mü­hüm hadisələrin dərk edilib dəyərləndirilməsinə səbəb olur.
Söz sənəti olmaqla ədəbiyyatın incəliklərinin, obrazların, bədii təs­vir və ifadə vasitələrinin mənimsənilməsi müxtəlif ədəbi növdə və janrda olan əsərlərin mütaliəsinə maraq oyadır, mətnin ifadəli oxusu ilə bağlı bacarıqları inkişaf etdirir, şifahi və yazılı nitq üçün zə­ruri olan lüğət ehtiyatını zənginləşdirir.
Ədəbiyyat və həyat həqiqətləri məzmun xətti tam orta təhsil pil­ləsində ədəbiyyat nümunələrinin öyrənilməsi, müxtəlif informasiya mən­bələrindən seçilmiş materialların mövzu, ideya, dil və üslub xüsusiyyətləri baxımından dəyərləndirilməsinə imkan yaradır, in­for­ma­siyaların faktlara əsaslanmaqla tənqidi araşdırılmasını təmin edir, müxtəlif ədəbi növlərdə və janrlarda olan ədəbi əsərlərdəki problem və konfliktlərin, ictimai-siyasi həyatdakı mühüm ha­di­sə­lə­rin ümum­bə­şəri və  milli mənəvi dəyərlər baxımından qiy­mət­lən­di­ril­məsi üçün əsas olur.
Şifahi nitq məzmun xətti ümumi orta təhsil pilləsində ədəbi nü­munələrlə bağlı fikirlərin  obrazlı sözlərdən, bədii təsvir və ifadə va­sitələrindən istifadə etməklə aydın, ardıcıl, məqsədyönlü və yığ­cam ifadə edilməsinə imkan yaradır.
Şifahi nitq məzmun xətti tam orta təhsil pilləsində ədəbi əsər­lərin məzmun və ideyası ilə bağlı fakt və hadisələrə əsaslandırılmış mü­nasibət bildirilməsini, bədii-obrazlı ifadələrdən  istifadə olun­ma­sını təmin edir, müxtəlif mənbələrdən toplanmış materiallara əsas­lanmaqla müzakirələrdə ədəbi nailiyyətlərə müstəqil münasibət bildirilməsinə imkan yaradır.
Yazılı nitq məzmun xətti ümumi orta təhsil pilləsində mövzu, problemlə bağlı müxtəlif mənbələrdən informasiyaların, fakt və dəlillərin seçilməsini, ümumiləşdirilməsini, fikrin aydın, dəqiq çat­dı­rılmasında onlardan istifadə olunmasını təmin edir. Müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, esse, hekayə) yazılara dair bacarıqların formalaşmasına imkan yaradır.
Tam orta təhsil pilləsində yazılı nitq məzmun xətti müxtəlif üs­lublarda yazıların yazılmasını, görkəmli ədəbi şəxsiyyətlər, ədə­biy­yat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə təqdimatların ha­zır­lanmasını təmin edir.
Kurikulumun həyata keçirilməsi zamanı müəllim məzmun xət­ləri və standartlarınin  şəxsiyyətin problemi həlletmə, mü­ha­ki­mə yürütmə və əsaslandırma, təqdimetmə, tətbiqetmə, mü­qa­yisə, əlaqə­ləndirmə və s. fəaliyyət standartları ilə kəsişməsinə nail olmalıdır.
Kurikulumda məzmun xəttinə uyğun olaraq hər sinifdə təlim stan­dartlarının və nəticələrinin müəyyənləşdirilməsi müəllimin istər ayrı-ayrı dərslərdə, istərsə də bütövlükdə tədris ili ərzində öz fəaliy­yətini məqsədyönlü qurmasına imkan verir. Müəllim dərs ilinin so­nun­da hansı təlim nəticələrini əldə etməli olduğunu dəqiq bildiyi üçün şagirdlərdə həmin təlim nəticələrinə uyğun bacarıqların for­ma­laş­dırılması üzrə ardıcıl, sistemli iş aparır.
Milli Kurikulum çərçivə sə­nədində “Ədəbiyyat” fənni üzrə ümumi orta və tam orta təhsil pil­lələri üçün aşağıdakı ümumi təlim nəticələri müəyyən edilmişdir:

Ümumi orta təhsil pilləsi (V-IX siniflər) üzrə şagird:

- ədəbi-bədii  nümunələri onların məzmunundan irəli gələn mə­na çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhətdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir;
- yazılı nitqində məzmuna uyğun üslub müəyyənləşdirir, or­foq­rafiya və orfoepiya qaydalarına əməl edir, söz ehtiyatından səmərəli is­tifadə edir, fikirlərini ardıcıl və məntiqi ifadə edir, ümu­mi­ləş­dir­mələr  aparır;
- ədəbi nümunələrlə bağlı fikirlərini aydın, ardıcıl, məq­səd­yönlü, yığcam, yeri gəldikcə bədii təsvir vasitələrindən istifadə et­mək­lə  şərh edir;
- müxtəlif janrlarda yazılmış mətnlər üzərində sərbəst işləyir, onlarda ifadə olunmuş əsas ideyanı şərh edir, mətni məzmununa uyğun hissələrə ayırır və müvafiq plan tərtib edir;
- şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətlərini, xa­rak­terik xüsusiyyətlərini konkret nümunələrlə izah edir, öz fikirlərini mü­qayisələr aparmaqla əsaslandırır;
- ədəbi əsərləri məzmun və ideya istiqamətinə, sənətkarlıq cə­hət­lərinə, obrazların səciyyəsinə görə təhlil edir, öz şəxsi mü­na­si­bə­tini, mülahizələrini bildirir;
- ədəbi əsərlərin kollektiv müzakirəsi zamanı başqalarının fik­rinə tolerant, obyektiv və ədalətli münasibət göstərir, öz mü­la­hi­zə­lə­rini əsaslandırır, ümumi rəyə gəlməyi bacarır.
Tam  orta təhsil pilləsi (X-XI siniflər) üzrə şagird:
- oxuduğu ədəbi nümunələri bədii-emosional və obrazlı qav­ra­dı­ğını nümayiş etdirir;
- ayrı-ayrı mövzulara dair müvafiq üslublarda yaradıcı xarak­terli yazılar yazır;
- mövzu, süjet, kompozisiya, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi baxımından ədəbi nümunələr üzərində araşdır­ma­lar aparır;
- ədəbi nümunələri mövzu, janr, problem baxımından müqayisə edir, əsaslandırılmış rəy bildirir;
- ədəbi əsərin məzmununa və ideyasına onun yarandığı dövrdə mövcud olan ictimai-siyasi və əxlaqi-etik dəyərlər kontekstində qiymət verir;
- ədəbi mövzulara aid tədbirlərin təşkilində iştirak edir, ədəbi nailiyyətlərə münasibət bildirir;
- mənbələr üzərində işləyir, görkəmli ədəbi şəxsiyyətlər, ədə­biy­yat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə materiallar top­layır, müxtəlif ədəbi mövzularda təqdimatlar hazırlayır.
Ayrı-ayrı məzmun xətlərinin mahiyyətinin kurikulumda ay­dın­laş­dırılması müəllimə dərsdə müzakirə üçün ədəbi-bədii nü­mu­nə­lə­rin seçilməsində müəyyən sərbəstlik verir. Kurikulum üzrə dərs­lər­də müzakirə üçün bədii əsərlərin aşağıdakı meyarlar üzrə seçil­mə­si məq­sədəuyğundur:
-        əsərin yüksək ideya-bədii dəyərə malik olması;
-        söz sənəti nümunələrinin janr, mövzu müxtəlifliyi, aktual mənəvi-estetik problemləri əks etdirməsi;
-        Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatından seç­mə­lərə yer verilməsi;
-        əsərin humanist istiqaməti, şagird şəxsiyyətinə müsbət təsiri;
-        əsərin şagirdlərin inkişafı məqsədlərinə, maraq dairəsinə, yaş və qavrama xüsusiyyətlərinə uyğun olması;
Bədii nümunələr seçilərkən mədəni-tarixi ənənələrimiz nəzərə alın­malı, milli ədəbi təhsil  sisteminin zəngin təcrübəsindən istifadə edil­məlidir.
Ədəbiyyat kurikulumunda qarşıya qoyulan təlim nəticələrinə nail olmaq üçün yalnız dərslik, iş dəftəri, müəllim üçün metodik və­sa­it hazırlanması, nəşri kifayət deyildir. İstər müəllim, istərsə də şa­girdlər üçün bilavasitə ədəbiyyat təlimi ilə əlaqədar elmi- metodik tə­minat, əlavə mənbələr, resurslar olmalıdır.
Ədəbiyyat fənni üzrə əlavə mənbələri (resursları) aşağıdaki kimi qrup­laş­dır­maq olar:
1.      Ədəbi ensiklopediyalar
2.      Ədəbiyyat üzrə məlumat, sorğu kitabları
3.      Ədəbiyyat lüğətləri
4.      Ədəbiyyatla bağlı elmi-kütləvi kitablar
5.      Zəngin kitabxana fondu (elektron kitabxana, elektron dərs­lik­lər daxil olmaqla)
6.      Məktəb elektron məsləhət xidməti
7.      Kompyuter proqramları ilə iş, internetə çıxış, video çəkiliş, mətnin surətini çoxaltmaq imkanları və s.
8.      Ədəbiyyat kurikulumunun mahiyyətini, həyata keçirilməsini izah edən, aydınlaşdıran metodik vəsaitlərin (müəllim üçün) ha­zır­lan­ması, nəşri.
Digər mühüm məqam öyrəniləcək bədii əsərlərin sayı ilə bağ­lıdır. V-XI siniflər üçün ədəbiyyat proqramlarına onlarla lirik, epik, dra­matik əsər daxil edilmişdir. Kurikulum üzrə isə dərslərdə öy­rənilən əsər­lərin kəmiyyət baxımından çox olması məqbul sa­yılmır. Əsas mə­sələ  bədii əsərin ideya-bədii məzmununun dərin­dən mə­nim­sə­nil­məsi, bu yolla mövzu, problem, əsərin sənətkarlıq xüsusiy­yətləri, ədə­bi növ, janr barədə mükəmməl bilik əldə edilməsidir.
Kurikulumda ümumi orta təhsilin (V-IX siniflər) icbariliyi  nəzərə alınmışdır. Bu, əsas götürülərək ümumi orta təhsil pilləsini bitirən şa­gird­lərin şifahi xalq ədəbiyyatı, qədim və orta əsrlər, yeni dövr, ən yeni dövr ədəbiyyatından seçmələri öy­rən­məsi, Azərbay­can ədə­biy­yatının ümumi inkişaf yolu barədə  biliklərə yiyələn­məsinə im­kan yaradılır. Ümumi orta təhsilin VIII-IX si­nif­lə­rin­də ədəbiyyatdan seçmələrin xronoloji ar­dı­cıl­lıq­la, varisliyi göz­lə­mək­lə öyrənilməsi təmin olunur.  
Tam orta təhsil pilləsində təlimin təmayülləşməsi (hu­­ma­ni­tar, texniki, təbiət fənləri və s.) tələbi nəzərə alınaraq ədəbiyyatın tarixi-ədəbi əsasda tədrisi, müxtəlif dövrlərdə yaranan, ədəbi növ, janr baxımından fərqlənən, ayrı-ayrı ədəbi cərəyanlara məxsus əsərlərin dərindən öyrənilməsi məqsədəuyğundur. Bu təhsil pilləsində təlim məqsəd­lə­ri, şagirdlərin yaş və bilik səviyyəsinə uyğun olaraq nis­bətən iri­həcm­li, müasir insanı düşündürən mürəkkəb problemləri, həyati kon­­fliktləri, sosial siyasi  həyatdakı mühüm hadisələri, tale­yük­lü mə­sələ­ləri, milli və ümumbəşəri mənəvi dəyərləri yüksək sənət­kar­­lıqla əks etdirən əsərlərin öyrənilməsi vacib sayılır.
Həllini gözləyən problemlərdən biri də sənətkarın tərcümeyi-halı­nın öyrənilməsi ilə bağlıdır. Kurikulum üzrə ədəbiyyat dərs­lik­lə­rin­də sənətkarın tərcümeyi-halı barədə faktların, rəqəmlərin, yer, şəxs, əsər adları ilə yüklənmiş mətnlərin verilməsinə ehtiyac yox­dur. Ku­ri­kulum üzrə dərslərdə müəllimin yığcam təqdimatından son­ra sə­nətkarın yaradıcı şəxsiyyəti barədə zəruri məlumatları şagird­lərin tövsiyə olunan müxtəlif mənbələrdən  müstəqil şəkildə top­laması, bu barədə çıxışlar, təqdimatlar hazırlaması daha fay­dalıdır.
Ədəbiyyat

1.    Azərbaycan Respublikasının Təhsil Qanunu. “Azərbaycan müəl­limi”, 11 sentyabr,  2009 N 35 (8348).
2.     Azərbaycan Respublikasında ümumi təhsilin milli kur­ri­ku­lu­mu. Bakı. 2006.
3.    Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədə­­biyyat fənni kurikulumu. V-XI siniflər. (Təlim Azərbaycan di­lin­də olan məktəblər üçün) “Azərb. müəllimi” qəzeti, 24 dek. 2010 N 50.
4.    Ümumi təhsilin fənn standartları (I-XI siniflər) Bakı: Mütərcim, 2012.
5.    Abbasov Ə. Yeni fənn kurikulumlarının səciyyəvi cəhətləri. Azərbaycan məktəbi, 2007 №1, s.60-68.
6.    Abbasov Ə., Balakişiyev Ş., Əliyeva B., Xudiyeva G., Sü­ley­manova A., Azərbaycan dili və ədəbiyyat. Metodika və təcrübə. Bakı: Orxan, 2005.
7.    Cəfərov N., Araslı N., Hüseynoğlu S. Ədəbiyyat. 8-ci sinif üçün dərslik. Bakı: Çaşıoğlu,  2006.
8.    Cəfərov N., Kərimli T., Əsgərli Z., Bakıxanova A. Ədə­biy­yat. 10-cu sinif üçün dərslik. Bakı: Çaşıoğlu, 2005.
9.    Cəfərov N., Həbibbəyli İ., Əiyeva N., Bakıxanova A. Ədə­biy­yat. 11-ci sinif üçün dərslik. Bakı: Çaşıoğlu,  2004.
10.  Cəfərov N., Əsgərli Z., Nəcəfov N., Həsənli B. Ədəbiyyat mün­­­təxəbatı. 10-cu sinif üçün dərslik-müntəxəbat. Bakı: Kövsər, 2009.
11.     Cəfərov N., Nəcəfov N., Həsənli B.A. Ədəbiyyat mün­tə­xə­ba­tı.  11-ci sinif üçün müntəxəbat. Bakı: Kövsər, 2009.
12.    Əhmədov C.M. Ədəbiyyatın tədrisi metodikası. Bakı: BDU-nun nəşri, 1992.
13.    Həsənli B.A. Ədəbiyyatın tədrisi metodikası. Bakı: Bakınəşr, 2014.
14.    Həsənli B.A., Nəcəfov N. Ədəbiyyat. 9-cu sinif üçün dərs­lik. Bakı: Çaşıoğlu,  2009.
15.    Həsənli B.A.,  Mustafayeva A., Hüseynoöğlu S., Verdiyeva N. Ədəbiyyat. 9-cu sinif üçün dərs­lik. Bakı: Bakınəşr,   2016.
16.       Həsənli B., Hüseynoğlu S., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. Müəllim üçün metodik vəsait.Bakı: Bakınəşr, 2016.
17.    Həsənli B.A., Hüseynoğlu S., Quliyev Ə.Q. Ədəbiyyat.             6-cı sinif üçün dərslik. Bakı: Çaşıoğlu,  2009.
18.    Həsənli B., Hüseynoğlu S., Məmmədova S., Mustafayeva A. Ədəbiyyat. VII sinif. Müəllim üçün metodik vəsait. Bakı: Bakınəşr, 2014.
19.    Həsənli B., Hüseynoğlu S., Mustafayeva A., Verdiyeva N. Ədəbiyyat. VIII sinif. Müəllim üçün metodik vəsait. Bakı: Bakınəşr, 2014.
20.    Həsənli B., Mustafayeva A., Hüseynoğlu S., Verdiyeva N. Ədəbiyyat. IX sinif. Müəllim üçün metodik vəsait. Bakı: Bakınəşr, 2014.
21.   Hüseynoğlu S. Ədəbiyyat dərslərində yeni texnologiyalar: Fəal/ interaktiv təlim. Bakı, 2009.
22.    Hüseynoğlu S., Həsənli B., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. V sinif  üçün dərslik. Bakı: Bakınəşr,2016.
23.    Hüseynoğlu S., Həsənli B.,  Məmmədova S., Mustafayeva A. Ədəbiyyat. VII sinif  üçün dərslik. Bakı: Bakınəşr,2016.
24.    Hüseynoğlu S., Həsənli B.,  Mustafayeva A., Verdiyeva N., Məmmədova S.,  Ədəbiyyat. VIII sinif  üçün dərslik. Bakı: Bakınəşr, 2014.
25.       Hüseynoğlu S., Həsənli B., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün dərslik. Bakı: Bakınəşr, 2016.
26.    Quliyev Ə.Q., Hüseynoğlu S., Həsənli B.A. Ədəbiyyat fən­nin­dən metodik vəsait. Bakı, 2003.
27.    Mikayılov Ş.A. Ədəbiyyat nəzəriyyəsi. 9-11-ci siniflər üçün dərs vəsaiti. Bakı, 2003.
28.    Muradov B.H., Hacıyev A. C. Məktəb ədəbiyyat kursunun məzmunu və tədrisinin təşkili məsələləri. Bakı, 1985.
29.    Orta məktəbdə ədəbiyyat tədrisi. I hissə. A.M.Babayevin re­daktəsi ilə. Bakı, 1976.
30.    Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün ədəbiyyat proq­ramı. Bakı, 2003.


[1] Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün ədəbiyyat proqramı. Bakı, 2003. s. 3.
[2] Bax: Hüseynoğlu S., Həsənli B., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün dərslik. Bakı: Bakı nəş­riyyatı, 2012.
Həsənli B., Hüseynoğlu S., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. 5-ci sinif. Müəllim üçün metodik vəsait. Bakı: Bakı nəşriyyatı, 2012.
Hüseynoğlu S., Həsənli B. və b. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün dərslik. Bakı:  Bakı nəş­riyyatı,  2014.
Həsənli B., Hüseynoğlu S. və b. Ədəbiyyat. 7-ci sinif. Müəllim üçün metodik vəsait. Bakı: Bakı nəşriyyatı, 2014.
[3] Kurikulumla bağlı məsələlər “Azərb. müəllimi” qəzetində (24 dek. 2010 № 50) çap olunmuş “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu” əsasında şərh edilmişdir.

Комментариев нет:

Отправить комментарий