Proqramlar, Dərs vəsaitləri, Məqalələr, Tövsiyələr, Soruşun cavab verək
Azərbaycan ədəbiyyatı tədrisinin inkişaf mərhələləri
Azərbaycan ədəbiyyatı tədrisinin inkişaf mərhələləri
Plan
1.
Azərbaycan ədəbiyyatı tədrisinin ilk metodik mənbələri
2. XIX əsrdə ədəbiyyat tədrisi
2. XIX əsrdə ədəbiyyat tədrisi
3.
XX əsrin əvvəllərində (1920-ci ilədək) ədəbiyyat tədrisi
4. Sovet dövründə ədəbiyyat tədrisi
4. Sovet dövründə ədəbiyyat tədrisi
5. Müasir mərhələdə ədəbiyyatın tədrisi
Azərbaycanda ədəbiyyatın öyrənilməsi, gənc nəslin təlim-tərbiyəsində
söz sənəti nümunələrindən istifadənin tarixi qədimdir. Ən qədim dövrlərdən xalq
müdrikliyinin, çoxəsrlik həyat təcrübəsinin bədii ifadəsi olan folklor nümunələri
yeni-yeni nəsillər üçün həyat dərsliyinə çevrilmiş, təlim-tərbiyə işində mühüm
rol oynamışdır. Laylalar, oxşamalar, tapmacalar, əmək, mövsüm, mərasim nəğmələri,
bayatılar, nağıllar, dastanlar gənc nəslin dünyagörüşünə, mənəvi aləminə ciddi
təsir etmişdir.
F.Köçərli «Balalara hədiyyə»
kitabının «Mühərririn ifadeyi-məramı» başlıqlı müqəddiməsində yazırdı: “Keçmişdə
şan və qüvvət sahibi olan türk milləti
öz məişətinə, ayin və adətinə dair yaratdığı qısım-qısım nağıl və hekayələr,
gözəl mənzumə və əbyatlar, hikmətamiz məsəllər, atalar sözləri, nazik mənalı müəmma
və tapmacalar, balalar qəlbi açan düzgülər və yanıltmaclar, heyvanat qisminə
məxsus sayaçı sözləri mürur ilə xatirələrdən çıxıbdır və bu halda
unudulmaqdadır. O millət ki, öz tarixini, dolanacağını, vətənini və dilini
sevir – bu qism əsərləri kəmali şövq və diqqətlə cəm edib ziqiymət sərmayə kimi
saxlayır və balalarının ilk təlim və tərbiyəsi onları öyrətməklə başlayır.“[1] Göründüyü kimi, ədib şifahi söz sənəti nümunələrinin öyrənilməsini,
“məna cəhətcə balaların ruhuna gözəl təsirini“
yüksək qiymətləndirmişdir.
Tədqiqatlar göstərir ki, hələ
qədim və orta əsrlərdə bədii ədəbiyyat
nümunələrindən tədris prosesində geniş istifadə olunmuşdur. «X-XV əsrlərdə Şərqdə,
o cümlədən Azərbaycanda Xaqaninin, Nizaminin, Tusinin, Əvhədinin, Sədinin,
Hafizin və başqalarının tərbiyə mövzusuna müraciət edərək yazdıqları əsərlərindən
tədris vəsaiti kimi istifadə edilmişdir.»[2]
F.Köçərli yazılı ədəbiyyat
nümunələrinin məktəblərdə tədrisi ilə əlaqədar
yazır: «… Bu axır vaxtlara kimi onun (M.Füzulinin –B.H.) divani–qəzəliyyatı və
«Leyli və Məcnun» hekayəsi məktəblərdə təlim kitabı olub uşaqlara
ondan dərs verilirdi. İndi də köhnə məktəblərdə təhsil almış adamlardan hər birisini dindirsən
«Leyli və Məcnun» hekayəsinin ibtidasını … başlayıb əzbərdən oxuyacaqdır.» [3]
Təhsil sistemində mühüm yer
tutan məktəb və mədrəsələrin özünəməxsus tədris proqramları və təlim üsulları
var idi. Orada əvvəlcə ərəb əlifbası öyrədilir, sonra 3-4 il ərzində «Quran» tədris
edilirdi. Sonra farsca yazılmış «Gülüstan» keçilirdi. Axırda isə məzmununu
atanın oğluna nəsihətləri təşkil edən «Nanü halva» («Çörək və halva») öyrədilir,
«Leyli və Məcnun» tədris olunurdu.[4]
Məktəb və mədrəsələrdə təlim
ərəb dilində aparılsa da, IX əsrdən etibarən tədris fars dilində də aparılmağa
başlamışdır. Həmin dövrdən etibarən bu məktəblərdə Azərbaycan dilindən də köməkçi tədris vasitəsi kimi istifadə
olunmuş, Azərbaycan ədəbiyyatı, Nizami və Füzuli kimi görkəmli sənətkarların əsərləri
mütaliə edilmiş, öyrənilmişdir.
Erkən orta əsrlər dövründə
Azərbaycanda məktəb və pedaqoji fikir tarixinə dair tədqiqatlar göstərir ki, mədrəsələrdə
dilçilik, ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi, ritorika kimi humanitar elmlər də
öyrənilirdi. Mədrəsələrdə dərs kitabı kimi “Quran”dan başqa, ən çox istifadə edilən Sədi Şirazinin əsərləri,
C.Ruminin “Məsnəvi”si, M.Füzulinin “Divan”ı, “Kəlilə və Dimnə”, “Qabusnamə”
kimi əxlaqi –mənəvi dəyərləri əks etdirən əsərlər olmuşdur.[5]
Bununla yanaşı, Azərbaycan ərazisində
- Gəncə, Təbriz, Şamaxı və digər şəhərlərdə mükəmməl təhsil görmüş ziyalıların
açdığı fərdi məktəblər də fəaliyyət göstərmişdir. Şamaxının Məlhəm kəndində Afiəddin
Ömər ibn Osman qardaşı oğlu Xaqaniyə fərdi yolla dərs demiş, onun təlim-tərbiyəsində,
sənətkar kimi yetişməsində mühüm rol oynamışdır. O, Xaqaniyə fiqh, sərf-nəhv,
hikmət, tibb və s. elmlərlə yanaşı, poetika qanunlarını, folkloru öyrətmiş, Firdovsinin
«Şahnamə»sindən dərs demişdir.
Əldə olan məlumatlardan təxmin
etmək olar ki, Nizami də Gəncədə mükəmməl mədrəsə təhsili almış, bir çox elmləri
ədəbiyyat, məntiq, tibb, astronomiya, coğrafiya, fəlsəfə və s. mükəmməl mənimsəmişdir.
«O, fiqh elmini mühazirələrdə öyrənir,
tarix kitabları ilə maraqlanır, ərəb səyyahlarının əsərlərini oxuyur, ərəb,
fars və Azərbaycan şairlərinin şeirlərini əzbərləyirdi.»[6]
XIX əsrin ortalarına qədər
Azərbaycanda mollaxana və mədrəsə təhsili
əsas yer tuturdu. Məktəb və mədrəsələrdə qabaqcıl müəllimlər klassik Şərq ədəbiyyatının,
o cümlədən Azərbaycan ədəbiyyatının öyrənilməsinə müəyyən yer verirdi. Ədəbiyyatdan
xüsusi dərslik olmadığı bir vəziyyətdə məktəb və mədrəsələrdə Nizaminin «Xəmsə»si,
M.Füzulinin «Leyli və Məcnun» poeması, M.F.Axundzadənin «Təmsilat»ı,
M.Ə.Sabirin «Hophopnamə»sindən dərslik kimi istifadə olunması bir metodik ənənə
kimi qeyd olunmalıdır.
Artıq XIX əsrin ortalarında
yeni tipli, dünyəvi təhsil verən məktəblərə, pedaqoji təhsil görmüş ədəbiyyat
müəllimlərinə, ədəbiyyat dərsliklərinə böyük ehtiyac duyulmaqda idi. “Hər
yerdə qəza məktəbləri açıldığı zaman hökumət başqa fənlərlə bərabər, həmin məktəblərdə tatar (Azərbaycan - B.H.) dilinin öyrədilməsini
də lazım bildi. Lakin bu dildə dərs kitabları olmadığına görə böyük çətinliklər
meydana çıxdı.”[7]
Azərbaycan ədəbiyyatında
maarifçi realizmin ilk nümayəndələrindən olan A. Bakıxanov diqqəti uşaqlar
üçün mütaliə materiallarının, dərsliklərin olmamasına cəlb edirdi: “Hərçənd
uşaqlara təlim verməkdən ötrü axtardım, aralıqda bir nüsxə görmədim ki, ləfzdə
və mənada asan olub, onların xülqlərinin göyçəkliyinə dəlalət etsin. Danışılmış
və yazılmış nüsxələrin bəzisi ibarətdə və
bəzisi mənada bir növ qarışıqdır ki, çox təlim edənlər özləri onları anlamırlar
və bir parasında dəxi mətləblər elə uzun
və pərişandır ki, onu zəbt eləmək və anlamaq müşkül və pərişan görünür.»
«Kitabi – Nəsihət»ində ədib
mütaliənin gənc nəsil üçün əhəmiyyətini yüksək qiymətləndirərək yazırdı: «Elm
və kamal əldə etməyi hər şeydən əziz tut. Çünki hər şeyi onların vasitəsilə əldə
edirlər.»[8]
M.Ş.Vazeh 1852-ci ildə
Tiflis gimnaziyasının Şərq dilləri müəllimi İ.Qriqoryevlə birlikdə «Kitabi –
türki» dərsliyini yazmışdır. Üç fəsildən ibarət bu dərsliyə gənc oxucuların maraq və tələbatına uyğun məzhəkə
və hekayələr, Şərq hikmətləri, nəsihətlər, “Qarabağnamə” və “Dərbəndnamə”dən
parçalar, M.Füzulinin «Leyli və Məcnun» poemasından nümunələr, qəzəllər daxil edilmişdi.
Dərslik üçün mətnlər seçilərkən dilin sadəliyi, şagirdlərin yaş və bilik səviyyəsi,
zövqü, tərbiyəvi tələblər nəzərə alınmışdı.
M.Ş.Vazeh istər fərdi yolla dediyi dərslərdə, istərsə də Tiflis
qəza məktəbində Azərbaycan dili müəllimi işlərkən şagirdləri ədəbiyyatımızla
tanış etmiş, söz sənətinə maraq oyatmışdır. Təsadüfi deyildir ki, onun təsiri və
təhriki ilə şagirdi M.F.Axundzadə ruhani olmaq niyyətindən birdəfəlik əl çəkmiş,
bədii, elmi yaradıcılıq sahəsində səmərəli fəaliyyətə başlamışdır.
M.F.Axundzadənin pedaqoji fəaliyyəti
dövründə dərslik yaratmaq təşəbbüsü,
savad təlimini asanlaşdırmaq məqsədilə «Əlifba» dərsliyi tərtib etməyə
başlaması, qəza məktəblərində Azərbaycan dili tədrisini təşkil etmək səyləri
xüsusi qeyd edilməlidir.
Maarifpərvər
ədib «Əkinçi» qəzetində çap
etdirdiyi məqalədə həmin qəzetin
redaktoru H.Zərdabinin elm, bilik əldə etməyə çağırışını təqdir edir və diqqəti
bu məsələnin həllinə maneçilik törədən problemlərə yönəldirdi: « …Elmi harada
öyrənməliyik, kimdən öyrənməliyik və hansı dildə öyrənməliyik?»
Yaranmış
vəziyyətdən çıxış yolu axtaran mütərəqqi maarifçilər, məktəbdarlar «üsuli – cədid»
məktəbləri açmağa, yeni təlim-tədris üsullarından istifadə etməyə təşəbbüs göstərirdilər.
S.Ə.Şirvani Şamaxıda
1869-cu ildən etibarən pedaqoji fəaliyyətə başlamış, dərsliklər tərtib etmiş,
eyni zamanda bədii yaradıcılıqla, elmi fəaliyyətlə ciddi məşğul olmuşdur. O, şagirdlərin bədii ədəbiyyatı mütaliə etməsi ilə kifayətlənməyərək
dərs zamanı həmin nümunələrin müzakirəsini təşkil edir, uşaqların mütaliə materiallarına
olan ehtiyacını ödəmək üçün əsərlər yazırdı. “Təlimü tədris üçün və ətfalın təhzibü-
əxlaqına səbəb olan kitablar türk lisanında bilmərrə yox idi. Bu qüsuru rəf etmək üçün mərhum
Seyid nəzmən və nəsrən türkcə xoşməzmun və ibrətamiz nəqlü hekayələr ana dilində
tərtib edib öz şagirdlərinə oxudardı.»[9].
S.Ə.Şirvani
öz dərslərində Şərq ədəbiyyatından nümunələrin,
Sədinin “Gülüstan,” “Bustan” əsərlərinin oxusunu təkil etmişdir. Bu dərslər
şagirdlərin ədəbiyyata həvəsinin artmasına, bədii zövqünün inkişafına ciddi təsir
göstərmişdir. О, севимли şagirdi M.Ə.Sabirin mütaliəyə,
bədii yaradıcılığa həvəsini təqdir edərək ona kitabxanasındakı ən dəyərli əsəri
– Nizaminin “Xəmsə”sini bağışlamışdır. Sabir müəlliminin təsiri və təşviqi ilə
məktəbli ikən şeirlər yazmış, “Gülüstan” əsərindən bir parçanı Azərbaycan dilinə
tərcümə etmişdir.
S.M.Qənizadənin
xatirələrindən aydın olur ki, Seyid Əzim M.Ə.Sabirin ilk qələm təcrübələrini də
sinifdə oxuyub müzakirə edər, ifadəli oxu nümunələri göstərərdi. Sabirin aşağıdakı
misralarını oxuyan müəllim onun özünü firəng kimi qələmə verməsinin səbəbini
soruşur:
Babam sünni, nənəm şiə... dürəngəm.
Nə farsam mən, nə hindəm mən...firəngəm?
Sabirin həmin misrada sual
verərək dinləyicidən türk olması cavabını almaq istədiyini söyləyir. Yoldaşları
bu cavabla razılaşmayanda Seyid Əzim onların diqqətini misradakı sual
intonasiyasına cəlb edərək deyir: hər bir sualın cavabı həmin sualın ləhcəsinə
(intonasiyasına – B.H.) baxaraq, müsbət və ya mənfi ola bilər.
Bu sözün isbatına möhtərəm
müəllim Baba Tahirdən, Camidən və sair şairlərdən bir neçə beyt oxuyub Tahirovu
(M.Ə.Sabiri- B.H.) doğrultdu, bununla belə misranın məntiq cəhətdən künd
olduğunu nəzərə alıb islahı üçün rübaini sahibinə qaytardı.
...Möhtərəm Seyyid ürəfadan
bir neçəsinin şeirlərindən bizim üçün beytlər oxuyub, axırda Ömər Xəyyamın bir
rübaisini dördüncü qrup şagirdlərinə yazdırıb əzbərlənməsini tapşırdı.[10]
S.M.Qənizadənin də ədəbiyyata
gəlişi Seyid Əzimin ədəbiyyat dərslərindən başlamışdır. “Sultan Məcid “Məclis”
məktəbində oxuduğu illər ərzində... Seyid Əzim Şirvaninin hədsiz zəhməti sayəsində
klassik Şərq şeirinin qanunlarına bələd oldu. Şair-müəllim onda ədəbiyyata elə
maraq oyatmışdı ki, məktəbi bitirəndə Sədinin “Bustan”, “Gülüstan”ını, Hafizin, Füzulinin, Xəyyamın,
Baba Tahirin və sevimli müəllimi Seyid Əzimin şeirlərinin böyük əksəriyyətini əzbər
bilirdi.”[11]
S.Ə.Şirvani dərs
dediyi məktəbdə tədris etmək üçün bir
müntəxəbat da tərtib etmişdi. “Məcmueyi asari - Hacı Seyid Əzim Şirvani”
adlanan bu əsər müəllifin sağlığında çap edilməsə də, müəllimlər, ziyalılar arasında əlyazması şəklində geniş yayılmış, təlim
prosesində istifadə edilmişdir. Həmin
müntəxəbat şairin oğlu Seyid Cəfər tərəfindən nəşr etdirilmişdir. Bu əsər
sonradan “Rəbiül-ətfal” (Uşaqların baharı) adı ilə ədibin “Seçilmiş
əsərləri”nin II cildində çap olunmuşdur. Dərslikdə şairin öz əsərləri ilə
yanaşı, Sədinin “Gülüstan” və “Bustan” əsərlərindən tərcümələr verilmişdir.
Maarif tariximizdə hadisəyə
çevrilmiş “Rəbiül-ətfal” A. Bakıxanovun
“Nəsihətnamə”sindən, M.Ş.Vazeh və
İ.Qriqoryevin “Kitabi-türki”sindən,
Mirzə Nəsrullah Didənin “Kitabül-nəsayeh”indən sonra məktəblilərin mütaliəsinin
təşkili və ümumiyyətlə, milli uşaq
ədəbiyyatı yaratmaq sahəsində uğurlu təşəbbüs idi.
“Rəbiül-ətfal”ın müqəddiməsində müəllif
yazırdı ki, yazıçılar fikirlərini elə qəliz ifadələrlə bəyan edirlər ki,
məktəbli uşaqlar onların dərkində çətinlik çəkir. Bu problemi həll etmək üçün
o, kitabı müstəqil hissələrə ayırmışdır. Klassik ədəbi ənənələrdən bəhrələnən S.Ə.Şirvani hər bölməni oğluna müraciətlə, etik məsələlərə dair baxışlarını
ifadə edən öyüd və nəsihətlərlə başlayır. Öyüd və nəsihətlər münasib hekayə və
təmsillərlə müşayiət olunur, biri digərini tamamlayır. Bu mənzum hekayə və təmsillər
öyüd və nəsihətlərdə irəli sürülmüş fikirlərin əyaniləşməsinə xidmət etsə də,
əslində onların hər birinin müstəqil mövzusu və konkret məzmunu var.
S.Ə.Şirvaninin didaktik
əsərləri arasında özündə əlli miniatür hekayəni birləşdirən “Tacül-kütub” adlı
məcmuəsi də var. Məcmuənin qarşısında
duran başlıca vəzifə uşaqların şüuruna və əxlaqına təsir etməklə həyatda
zəruri olan keyfiyyətləri aşılamaq və onları ümumbəşəri dəyərlər ruhunda
tərbiyə etmək olmuşdur. Kitabdakı hər bir hekayənin məzmunundan qüvvətli əxlaqi
təsirə malik ideya doğur.
1879-cu ildə Qori şəhərində
Zaqafqaziya Müəllimlər Seminariyasının
Azərbaycan şöbəsinin fəaliyyətə başlaması mühüm hadisəyə çevrildi.
Seminariyanın qabaqcıl müəllimləri tələbələrin
bədii ədəbiyyatı mütaliəsini canalandırmağa, bu sahədə çatışmazlıqları aradan
qaldırmağa çalışırdılar. Şöbənin müfəttişi, görkəmli pedaqoq A.O.Çernyayevski tələbələrin
kitabxanadan aldıqları kitabları sistemsiz oxuduqlarını, sistemsiz qiraətin isə lazımi fayda vermədiyini göstərirdi.
Seminariyanın məzunlarından
F.Ə.Köçərli, S.M.Qənizadə, F.Ağazadə, C.Məmmədquluzadə, S.S.Axundov, R.Əfəndiyev,
N.Nərimanov öz müəllimlik fəaliyyətləri dövründə bədii ədəbiyyatın tədrisinə
xüsusi diqqət yetirmişlər.
1887-ci ildə Bakıda azərbaycanlılara
məxsus ilk müasir tipli təhsil ocağı – “Rus-müsəlman” məktəbi yarandı, bununla
da Azərbaycan xalq maarifi tarixində yeni dövr başlandı. Bu, özünün quruluşu,
təşkilinin orijinallığı baxımından bütün Rusiyada müsəlmanlara məxsus yeganə təhsil
ocağı idi.
Həmin dövrdə dərslik, dərs
vəsaitləri ilə yaranan vəziyyəti təhlil edən X.Məmmədov yazır ki, “İlk Rus-müsəlman”
məktəbinin qarşılaşdığı ciddi çətinliklərin bir qismi dərslik və oxu kitabları
ilə əlaqədar idi. Uzun əsrlər azərbaycanlılara məxsus məktəblərdə “Bustan”, “Gülüstan”, “Tarixi-Nadir”,
“Tarixi-möcəm”, “Divani-Hafiz”, “Tərəssül”, “Hicab” və s. kimi müxtəlif səciyyəli
fars ədəbiyyatı nümunələrinin oxunması və öyrənilməsi ana dilində və milli
ruhda mütaliə vasitələrinin yaranması yolunda bir əngəl olmuşdu. Fars
assimilyatorları bu kitabları uşaq mütaliəsinin ayrı-ayrı sahələrinə elə
ustalıqla şamil eləmişdilər ki, azərbaycanlı qələm sahibləri və müdərrislər
bunların müqabilində körpə həmvətənlərinin oxusundan ötrü kitab yaratmağa
ehtiyac hiss etməmişdilər. Beləliklə, Azərbaycanda uşaq mütaliəsi sahəsində
ciddi boşluq əmələ gəlmişdi.[12]
XIX əsrdə Azərbaycanda qiraət
dərsliklərinin yaradılması yolunda ilk addımlar atıldı. A.O.Çernyayevskinin “Vətən
dili” (1883), R. Əfəndiyevin “Uşaq
bağçası” (1889) dərslikləri əlifbanın, ana dilinin öyrənilməsi üçün nəzərdə
tutulsa da, onlara daxil edilmiş folklor materialları, klassik və müasir ədəbiyyatımızdan
nümunələr, tərcümələr məktəblilərin dünyagörüşünü, mühakimə yürütmək qabiliyyətini,
zehnini inkişaf etdirməyə imkan yaradırdı.
R.Əfəndiyevin Şimali Qafqaz
və Orta Asiya məktəblərində istifadə olunan “Uşaq bağçası” (1898) dərsliyinə
maraqlı folklor nümunələri, şeir, hekayə və təmsillər, tərcümələr daxil
edilmişdi.
R.Əfəndiyevin “Bəsirətül-ətfal”
dərsliyi 1901-cu ildə Bakıda çap etdirilərək məktəblərdə yayılmış, müəllif özü
də Qori Müəllimlər Seminariyasında bu kitabla dərslər keçmişdir. Kitab bir il
təcrübədən keçirildikdən sonra, 1903-cü ildə Qafqaz Maarif Dairəsi tərəfindən dərs
vəsaiti kimi təsdiq edilərək Qafqazdakı müsəlman məktəblərində istifadəsinə
icazə verilmişdir. “Uşaq bağçası” kimi bu dərsliyə də məktəblilərin yaş
xüsusiyyətlərinə və marağına uyğun təmsil, hekayə, nağıl, rəvayət, şeirlər,
rus və Şərq klassiklərinin əsərlərindən nümunələr daxil edilmişdir. Dərsliyin
“Azərbaycan türklərinə məxsus ədəbiyyat” sərlövhəli fəslində müəllif Azərbaycan
ədəbiyyatı tarixi, ədəbi dil və janrlar, ədəbiyyatın vəzifələri haqqında
danışır, şeirin bədii xüsusiyyətlərini izah edir. Kitabda “Azərbaycan türklərinin
ədəbiyyatı – məxsusəsi axırıncı əsrlərə kimi olmayıb”, “türk dili ümumi islam
arasında işlənən dillərdən ən fəqiridir” kimi yanlış fikirlər də vardı.[13]
Kitabın son hissəsində Şərq klassikləri haqqında məlumatlar, ədəbi terminlərin
izahı verilmişdir.
R.Əfəndiyevin “Təbii
üsuli-təlim” metodik məqaləsi, “Müəllimlər üçün üsuli-cədid üzrə ən əvvəl dərsə
şüru etmənin qəvaididir” kitabçasında ədəbiyyat təliminin təşkili ilə bağlı
metodik tövsiyələr verilirdi.
XX əsrin əvvəllərində Azərbaycanda mədəni-maarif və
məktəb işi canlanmağa başlamışdı. Bakı, Gəncə, Şuşa, Şəki, Şamaxı, Salyan və başqa
şəhərlərdə ibtidai məktəblərin sayı artır, dərslik nəşrində irəliləyiş yaranmağa
başlayırdı. Bu dövrdə maarifpərvər ədiblər, mütərəqqi pedaqoqlar şagirdlərin ədəbi
təhsilini təşkil etmək məqsədilə klassik və müasir ədiblərin əsərlərinin nəşri
ilə yanaşı, Şərq, rus, Avropa ədəbiyyatından tərcümələr, təbdil və iqtibaslar
edirdilər.
F.Ağazadənin “Ədəbiyyat məcmuəsi”,
M.Mahmudbəyov və A.Səhhətin “Yeni məktəb”, A.Şaiqin «Uşaq gözlüyü», «İkinci il», «Gülşəni - ədəbiyyat»,
«Gülzar», «Milli qiraət», «Qiraət kitabı», «Dördüncü il», «Türk çələngi», «Müntəxəbat»,
H.Cavidlə şərikli yazdığı «Ədəbiyyat dərsləri» dərslikləri gənc nəslin təlim –
tərbiyəsində böyük rol oynamışdır.
Müasirləri əsrin əvvəllərində
nəşr olunmuş həmin dərslikləri yüksək qiymətləndirməklə bərabər, diqqəti
onların məzmununda, metodik quruluşunda, nəzəri məsələlərin izahında yol verilən
nöqsanlara, ərəb-fars sözlərinin çoxluğuna cəlb edirdilər.
Bu dövrdə maarif xadimləri
sırasında F.Köçərlinin səmərəli elmi-pedaqoji fəaliyyəti xüsusi qeyd
olunmalıdır. F.Köçərlininin pedaqoji fəaliyyətini və görüşlərini tədqiq edən
B.Nəbiyev yazır ki, o, təlim-tərbiyə işində böyük əhəmiyyəti olan dərslik və
proqramların tərtibinə ciddi əhəmiyyət verirdi. Xüsusilə dərsliklərə, xalqın
gələcəyi olan minlərlə balaların istifadə edəcəyi qiraət kitablarına qarşı o,
daha tələbkar idi.[14]
Ədibin «Balalara hədiyyə» (1912)
kitabı məzmun, metodik sistem baxımından diqqəti cəlb edir. Кitaba gənc nəslin
təlim-tərbiyəsi baxımından dəyərli bədii nümunələr – nağıllar, uşaq oyun nəğmələri,
məsəllər, tapmacalar, sayaçı sözləri, yanıltmaclar və s. bədii nümunələr daxil
edilmişdi.
Ədəbiyyat tədrisi məsələlərinə
daim diqqət yetirən F.Köçərli A.Şaiqin «Gülzar», R.Əfəndiyevin «Bəsirətül- ətfal”,
F.Ağazadənin «Ədəbiyyat məcmuəsi» dərsliklərinin
elmi-metodik məziyyətlərini təhlil
etmişdir.
Qısa müddət ərzində gənc
oxucuların rəğbətini qazanmış «Dəbistan»
(1906-1908), «Rəhbər» (1906-1907), «Məktəb» (1911-1920) jurnallarının nəşri ilə
şagirdlərin ədəbiyyatdan sinifdənxaric oxu materiallarına olan tələbatının ödənilməsi yolunda ciddi addım
atıldı. «Dəbistan» jurnalında çap edilmiş «İfadeyi-məram” adlı məqalədə qeyd
edilirdi: «… Öz halımıza dair gülməli və ibrətamiz hekayələr və mənzumələr
qeyrəti ilə uşaqlarımız zəif və bivüsət əql
və dərrakələrini gücləndirib gözəl hislər və təcrübələr əxz edirlər. Belə bir
mühüm və əhəmiyyətli mətləbə yetişməkdə ancaq məktəblərimizə ümidvar
olmayırıq, çünki uşaqlarımızın məktəblərdə keçirdikləri üç, ya dörd saat vaxt
yazıb oxumaq və dərs kitablarını öyrənməyə ancaq kifayət edir.»[15]
S.M.Qənizadə gənc nəslin ədəbi
təhsili ilə bağlı problemlərin aradan qaldırılması üçün səylə çalışmış, bu sahədə
səmərəli təşəbbüslər göstərmişdir. O, Bakı –Dağıstan milli məktəbinin
inspektoru işlərkən «ana dilində həm təlim üçün və həm də dərsdənqıraq vaxtlarda
oxumaq üçün kitablar» nəşri ilə əlaqədar
məktəb komitəsi qarşısında məsələ qaldırmışdı.[16]
1911-ci il fevral ayının
14-dən 17-dək Bakı şəhərində «İbtidai məktəblərdə Azərbaycan dili tədrisi,
sinifdənxaric oxu və Azərbaycan dilində ilk qiraət kitabları haqqında pedaqoji
kurs» keçirildi. Pedaqoji kursun işində S.M.Qənizadə, S.S.Axundov, A.Şaiq,
M.Mahmudbəyov kimi görkəmli pedaqoqlar iştirak edirdi. Müzakirələrdə ədəbi təhsilin
vəziyyəti, bədii ədəbiyyatın sinifdənxaric oxusu və s. məsələlər müzakirə
edilmişdi.
F.Ağazadənin 1912-ci ildə nəşr
edilmiş “Ədəbiyyat məcmuəsi” dərslik-müntəxəbatı “məktəb və mədrəsələrdə təlim
üçün, dördüncü, beşinci, altıncı illərə məxsus, həmçinin axşam kursları və
ailələrdə oxunmağa yarar bir qiraət kitabı” kimi nəzərdə tutulmuşdu. Müəllif
kitabın girişində yazırdı ki, nazik hisləri qaba sözlərlə oyandırmaq mümkün
deyil. Biləks, rəqiq və zərif kəlamın
nazik və lətif də təsiri olur.
“Məcmuəni tərtib edərkən müəllif
pedaqoji-didaktik qaydaları gözləmiş, sistematikliyə, ardıcıllığa xüsusi diqqət
yetirmişdir. Məcmuə tədris üçün nəzərdə tutulduğundan mətnlər arasında rabitə
gözlənilmiş, əvvəlcə məktəbə, təlimə, elmə, anaya, ataya, vətənə məhəbbət ruhlu
kiçik şeir və hekayələr, daha sonra isə irihəcmli, daha dərin məzmunlu
materiallar verilmişdir. Kitaba toplanmış bədii əsərlərdə bir çox ərəb və fars
kəlmələri olduğuna görə hər mətnin sonunda lüğət vardır.”[17]
Maarifpərvər ədib Seyid
Hüseyn 1914-1915-ci illərdə “Dirilik” jurnalında tədris kitabları ilə bağlı
açdığı müzakirədə “Ədəbiyyat məcmuəsi”ni “cocuqlarımıza türk dili və ədəbiyyatını
öyrədən kitab” kimi dəyərləndirir, sonrakı nəşrlərdə bədii mətnlərin məzmunu,
dili ilə bağlı bir sıra nöqsanları
aradan qaldırmağın zəruriliyini qeyd edirdi.[18]
Ədəbiyyat müəllimi və dərslik
müəllifi kimi uğurlu fəaliyyəti ilə seçilən böyük sənətkarımız A.Şaiq yazırdı ki, hər işdə
istedad tələb olunduğu kimi, müəllimlikdə də istedad olmalıdır. O, müəllim işlədiyi
dövrdə köhnə təlim üsullarına qarşı mübarizə aparır, öz dərslərində Sabirin, Səhhətin
şeirlərini, tərcümə etdiyi əsərləri müxtəlif metodik üsullardan istifadə etməklə
öyrədirdi. Otuz ilə qədər orta və ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul
olan A.Şaiq on bir dərsliyin müəllifi idi.
Mirzə İbrahimov ədibin
pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək yazırdı ki, Abdulla Şaiqi müəllimliyə
sövq edən yalnız təbiətindəki böyük pedaqoqluq qabiliyyəti, uşağa, uşaq tərbiyəsinə
meyil, deyil, hər şeydən əvvəl dərin vətənpərvərlik duyğuları, böyük ictimai
ideal olmuşdur. Demək lazımdır ki, onu ədəbiyyata, ədəbi yaradıcılığa, sövq edən
də fitri istedadla yanaşı, bu ideal idi – xalqın, vətənin cəhalətdən,
qaranlıqdan qurtarmasına, azadlıq yoluna, geniş inkişaf yoluna çıxmasına kömək
etmək.”[19]
A.Şaiqin “Gülzar” dərsliyi
məzmunu, elmi-metodik strukturu baxımından ən yaxşı dərsliklərdən biri kimi dəyərləndirilməlidir. Dörd bölmədən ibarət dərslikdə təbiət, məişət,
ictimai həyat, yaşayışla bağlı mövzular, tarixi xülasələr, tərcümeyi-hal
materialları öz əksini tapmışdı.
N.Nərimanov dilin öyrənilməsinə
dair əsərlər yazmaqla yanaşı, ədəbiyyat tədrisi problemləri ilə də ciddi məşğul
olmuşdur. O, özünün «Müxtəsər sərf-nəhv» kitabına şagirdlərin mənəvi-estetik tərbiyəsinə
xidmət edən bədii nümunələr («Bahadır və
Sona» romanından təbiət təsviri və s.)
daxil etmişdi.
Ədib qrammatik qaydaların
öyrədilməsinin məktəblilərin mənəvi-estetik tərbiyəsi ilə üzvi vəhdətdə
aparılmasını qarşıya məqsəd qoymuşdu. Bu məqsədlə dərslikdə şifahi xalq ədəbiyyatı
materialları, bədii ədəbiyyatdan nümunələr,
klassiklərin tərcümeyi-halı haqqında məlumatlar verilmişdi.
Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra ədəbiyyat tədrisi məsələlərinə ifrat ideoloji mövqedən
yanaşılmağa başladı. Artıq sovet hakimiyyətinin ilk illərindən ədəbiyyata
ümumproletar işinin bir hissəsi kimi yanaşılır, ona siyasi mübarizənin, yeni
insan tərbiyəsinin mühüm amili kimi xüsusi diqqət yetirilirdi. Təlim prosesində
bədii ədəbiyyatın mahiyyətindən doğan ilkin vəzifələr, insani duyğuların
formalaşması arxa planda qalır, gənc nəslin kommunist ideologiyası ruhunda tərbiyəsi
ön plana çəkilir, şüarçılıq, ideoloji qəliblər, ehkamlar ədəbiyyat tədrisinda
aparıcı mövqe tuturdu.
Bir çox gənc sənətkarlar sovet hakimiyyətinin həyata
keçirdiyi mədəni-maarif tədbirlərinə ümidlə baxır, ölkədə savadsızlığın ləğvi,
qadın azadlığı, mövhumatın, fanatizmin tənqidi, məktəblərin, mədəniyyət
ocaqlarının açılması, yeni mətbu orqanların nəşrə başlaması kimi dövrün tələbinə
uyğun atılan addımlar onların qəlbində yeni quruluşun gələcəyinə inam
oyadırdı.Onların bolşevik rejiminin xalqa zidd olan əsl mahiyyətini dərk etməsi
üçün zaman lazım idi.
Keçən əsrin 20-ci illərindən etibarən bir sıra gənc yazarlar kommunist rejiminin ədəbiyyat sahəsində siyasətini həyata keçirmək üçün yaradılmış ədəbi dərnəklərdə birləşir, onların rejimin tələblərinə uyğun yazılmış, «formaca milli, məzmunca sosialist olan» sovet ədəbiyyatının ilk nümunələri sayılan əsərləri «Maarif və mədəniyyət» jurnalında, «Kommunist», «Gənc işçi» qəzetlərində, ədəbi almanaxlarda, məcmuələrdə çap olunurdu. Həmin əsərlərdə proletar beynəlmiləlçiliyi, sosialist inqilabı, «böyük qardaş» rus xalqı, «dahi rəhbər» Lenin tərənnüm olunurdu.
Məktəblilərə
kommunizmə inam aşılamaq, “sovet adamı” tərbiyə etmək məqsədilə ideoloji qəlibləri
əks etdirən şüar səciyyəli əsərlərin təbliğinə geniş yer verilirdi:
Artıq Əli yoxdu, onu qırmızı qan basmışdı,
Ancaq vardı onun candan sevdiyi bir doğru yol.
Uzandığı yaş torpağın üzərində yazmışdı
Barmağını öz qanına batıraraq: komsomol.
Həmin dövrdə ədəbiyyatın mahiyyətinə, məram və
ideallarına zidd olan “Tutaq Lenin ətəyindən, ona pənah aparaq, Zəmanəmizin həllali-müşkülatı
odur,” “İşıqlıdır lampaları kolxozun”tipli şeirlər məhz ideoloji ehkamların nəticəsi
kimi meydana çıxırdı.
Ümumtəhsil məktəbləri üçün proqramlara şagirdlərə ateist
baxışlar aşılayan əsərlər daxil edilir, “Ədəbiyyat” dərsliklərinə salınan bədii
mətnlərə də bu istiqamətdə əl gəzdirilirdi. A.Səhhətin məşhur “Vətən” şeirində
bu məqsədlə ixtisarlar aparılmış, əsər gənc oxuculara təhrif olunmuş şəkildə təqdim
olunmuşdu. Senzura şairin “Vətən” şeirindəki aşağıdakı misraları dini məzmun
daşıdığına görə dərsliyə daxil etməyə icazə verməmişdi:
Məni xəlq eyləmiş əvvəlcə xuda,
Sonra vermiş vətənim nəşvi-nüma.
Dinə qarşı deyil, bütün həyatı boyu dini fanatizmə,
mövhumata, avamlıq və cəhalətə qarşı çıxan, öz xalqının tərəqqisinə çalışan
M.Füzuli, S.Ə.Şirvani, M.Ə.Sabir, C.Məmmədquluzadə kimi qüdrətli sənətkarlar
oxuculara ateist kimi təqdim olunur, dini-mənəvi dəyərlər tənqid obyektinə
çevrilirdi. Bu məqsədlə M.Füzulinin “Könül, səccadəyə basma ayaq” qəzəli,
S.Ə.Şirvaninin “Allaha rüşvət” satirası, C.Məmmdquluzadənin “Ölülər”
tragikomediyası məktəblərdə geniş tədris olunurdu.
Bu axına qoşulmayan H.Cavid, Y.V.Çəmənzəminli, Ö.F.Nemanzadə, S.Mümtaz, S.Hüseyn, Ə.Müznib, Qantəmir, S.Qənizadə, T.Şahbazi (Simurq), M.Müşfiq kimi sənətkarlar amansız rejimin repressiyasının qurbanlarına çevrildilər.
1923-cü ildə birinci və
ikinci dərəcəli məsai (əmək) məktəbləri
üçün proqramlar nəşr edildi. Həmin proqramlarda şagirdlərin sinifdənxaric
oxusu üçün tövsiyə olunan əsərlərin siyahısının verilməsi ilk təşəbbüs kimi təqdir olunmalıdır. Lakin bu siyahıları tam qənaətbəxş hesab etmək çətindir. Proqramlarda Azərbaycan ədəbiyyatına az
yer verilir, materialların əksəriyyəti qeyri- bədii, məzmun, təlim-tərbiyə
baxımından maraqsız olub şagirdlərin yaş xüsusiyyətlərinə uyğun gəlmirdi.
Proqramlarda
ədəbiyyatın dövrləşməsində tarixilik prinsipi pozulmuş, metodoloji qüsurlara
yol verilmişdi. “İkinci dərəcəli məktəblərin üçüncü və dördüncü qruplarında
(VIII-IX siniflər) proqram materialları dövrlər üzrə ümumiləşdirilir. Dövrlər
belə adlandırılır: padərşahlıq dövrü (IX əsrə qədər), dərəbəyi cəmiyyət dövrü
(IX əsrdən XI əsrə qədər), kapitalist cəmiyyəti dövrü-ticarət kapitalizmi (XIX
əsr), kapitalist cəmiyyəti dövrü-sənaye kapitalizmi (1905-1917-ci illər).[20]
Proqramın 1926-cı il nəşrində
bədii əsərlərin sosioloji təhlili metodik tələb kimi irəli sürülür, əsərə müəyyən
tarixi dövrün məhsulu kimi yanaşmağın, şagirdləri dövrün iqtisadi, siyasi
faktları ilə tanış etməyin zəruriliyi göstərilirdi.
B.Çobanzadənin
«Türk dili və ədəbiyyatının tədris üsulu» kitabında bədii əsərlərin tədrisinə verilən metodik tələblər
müəyyənləşdirilir, ədəbiyyat müəllimlərinə tövsiyələr verilirdi: “Ədəbi-bədii
hadisələr də elmə mövzu olan başqa hadisələr kibi təhlil edilmək lazımdır. Təhlil
süzgəcindən keçirilmədikcə ədəbi və bədii əsərləri tamamilə anlamaq, bilxassə
onun doğuşunda rol oynayan amilləri qavramaq qabil olamaz... Biz ədəbi əsəri,
eyni sürətlə bir dövrü, yaxud cərəyan və məktəbi başlıca ideoloji, sinif,
üslub, şəkil, mündəricə, təşkil (kompozision), dil cəhətindən təhlil etmək mümkündür”.[21]
Müəllif yazırdı ki, müəllim
öz dərsini necə qurursa-qursun yenə də bir çox məsələlər, yeni nəşr olunan
xeyli əsər dərsdən kənarda qalır. Şagirdlərin oxuması zəruri olan belə əsərləri
«müəllim kəmali-cəsarətlə sinfin xaricinə çıxara bilər.» Bu zaman şagirdlərin
yaş xüsusiyyətləri və bilik səviyyələri nəzərə alınmalıdır.
F.Qasımzadə «Kommunist tərbiyəsi
uğrunda» jurnalında nəşr olunmuş «Məktəbdənxaric bədii qiraət haqqında” məqaləsində
qeyd edirdi ki, ədəbiyyatdan sinifdənxaric oxu vasitəsilə şagirdlərin sinifdə
qazandığı biliklər dərinləşdirilir, onların müstəqil mütaliə mədəniyyəti
inkişaf etdirilir. Məqalədə şagirdlərin sinifdənxaric oxusunun təşkili sahəsində
müsbət işlərlə yanaşı, nöqsanların da olduğu göstərilirdi.
Bu illərdə məktəblərdə, əsasən,
“Qiraət kitabı”, “Milli qiraət kitabı”, “Uşaq çeşməyi”, “Qiraət dərsləri” dərsliklərindən
istifadə olunmuşdur. Həmin dərsliklərdə verilən materialların hamısını təlim
baxımından müvəffəqiyyətli hesab etmək mümkün olmasa da, Q.Zakir, S.Ə.Şirvani,
İ.A.Krılov, M.Ə.Sabir, A.Səhhət, A.Şaiq kimi sənətkarların əsərlərindən nümunələr
verilməsi bu dərs kitablarının uğuru sayılmalıdır.[22]
Həmin dövrün dərslikləri içərisində
R.Axundov, H.Əminbəyli, V.Xuluflunun redaktorluğu ilə nəşr olunan “Ədəbiyyat dərsləri”
müəllimlər tərəfindən daha rəğbətlə qarşılanmışdı.
1933-1934-cü illərdə ədəbiyyatdan
yeni proqram və dərsliklərin tərtib olunması qərara alınmış, hazırlanan proqramlarda
«Məktəbdənxaric oxunacaq əsərlər» başlığı altında şagirdlərə tövsiyə olunan əsərlərin
siyahısı genişləndirilmişdi.
Keçən əsrin 40-cı illərində
nəşr olunmuş yeni dərslik və proqramlarla müəllimlərin səmərəli işləməsini təmin
etmək üçün metodik vəsaitlərə ehtiyac duyulurdu. Bu baxımdan 1940-cı ildə F.Qasımzadənin
redaktorluğu ilə nəşr olunan «Ədəbiyyat metodikası» metodik vəsaiti həmin sahədə
boşluğu doldurmağa xidmət edirdi. Vəsait V.V.Qolubkovun “Ədəbiyyatın tədrisi
metodikası” kitabı əsasında işlənilsə də, burada metodik tövsiyələr Azərbaycan
ədəbiyyatı materialları əsasında verilmiş, məktəb təcrübəsi nəzərə alınmışdı.
Bu kitab, eləcə də
M.Quluzadənin “Natamam orta məktəblərdə lirik əsərlərin öyrədilməsi” (1940),
M.Ələkbərovun “Orta məktəbdə ədəbi oxu
haqqında” (1940) kitabları o dövrdə ədəbiyyat tədrisi metodikasında irəliyə
doğru atılmış addım kimi qiymətləndirilməlidir.
İkinci dünya müharibəsi illərində
ədəbiyyat tədrisi sahəsində qarşıya qoyulan vəzifələr o dövrün ab-havası ilə şərtlənir,
təlim prosesində vətənə məhəbbət, düşmənə nifrət hissinin aşılanması ön plana çəkilirdi.
Müharibədən sonrakı illərdə
«Azərbaycan məktəbi» jurnalında, «Azərbaycan dili və ədəbiyyat tədrisi» metodik
məqalələr məcmuəsində ədəbiyyat tədrisi ilə bağlı məqalələr dərc olunur,
qabaqcıl iş təcrübəsi işıqlandırılırdı.
Bu dövrdə görkəmli metodist
alim Ə.Qarabağlının məhsuldar elmi fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun S.Əfəndiyev, M.Quluzadə ilə birlikdə yazdığı
“Ədəbiyyat metodikası” (1952) kitabında
ədəbiyyat dərslərinin təşkilinin bir
sıra nəzəri və praktik məsələləri şərh edilmiş, müəllimlərə konkret metodik
tövsiyələr verilmişdi. Ə.Qarabağlının “Məktəbdə bədii mətnlərin təhlili” kitabında ədəbiyyat tədrisinin məzmunu, predmeti, məqsəd
və vəzifələri, bədii əsərlərin təhlili metodikası məktəb təcrübəsinə əsaslanmaqla
şərh olunmuşdur.
Ə.Qarabağlının ədəbiyyat tədrisi
sahəsində ardıcıl tədqiqatlarının nəticəsi
olaraq meydana gəlmiş “Azərbaycan ədəbiyyatının tədrisi metodikası” dərs vəsaiti
ali və orta məktəblərdə ədəbiyyat tədrisinin səviyyəsinin yüksəlməsi üçün zəmin
yaratdı.
Keçən əsrin 70-ci illərindən
etibarən ədəbiyyat tədrisi sahəsində tədqiqatların miqyası genişlənməyə, yeni
metodik vəsaitlər, dərsliklər nəşr olunmağa başladı. Bu illərdə Şəmistan Mikayılov,
Ağadadaş Babayev, Aydın Hacıyev, Camal Əhmədov, Dursun Məmmədov, Bilal Muradov,
Soltan Hüseynoğlu, Abbas Səmədov kimi
tanınmış metodist alimlərin apardığı sanballı tədqiqatlarla ədəbiyyat tədrisi
metodikası yeni inkişaf mərhələsinə daxil oldu.
Hazırda ədəbiyyatın tədrisi
metodikası sahəsində Piralı Əliyev, Fəxrəddin Yusifov, Asya Bəkirova, Yusif
Aslanov, Bibixanım İbadova kimi orta nəsli təmsil edən tədqiqatçılar səmərəli fəaliyyət
göstərirlər.
Azərbaycan ədəbiyyatının
orta məktəbdə səmərəli öyrədilməsi üçün pedaqoji-metodik işin elmi təşkili, tədris
vəsaitləri və proqramlarının hazırlanması sahəsində pedaqoji elmlər doktoru,
professor Ş.Mikayılov səmərəli fəaliyyəti qeyd edilməlidir. Alimin ədəbiyyat
nəzəriyyəsinin şagirdlərə öyrədilməsi yolları probleminə həsr olunmuş tədqiqatlarının
nəticələri “Ədəbiyyat nəzəriyyəsi” dərs vəsaitində ümumiləşdirilmişdir.
Bu dərs vəsaitini əvvəlki
“Ədəbiyyat nəzəriyyəsi”ndən fərqləndirən məziyyətlərdən biri də bədii dil,
xüsusilə bədii təsvir və ifadə vasitələri haqqqında biliklərin müəyyən sistemə
salınması idi. Sələflərindən fərqli olaraq, müəllif bədii təsvir vasitələri ilə
bədii ifadə vasitələrini bir-birindən ayırır, beləliklə, həmin anlayışların təkcə
şagirdlər tərəfindən deyil, bu anlayışları öyrədən müəllimlər tərəfindən də
asan qavranılmasına şərait yaradırdı. Bədii süjet və kompozisiya, ədəbi məktəb
və cərəyanlar, yaradıcılıq metodları və üslub haqqında deyilənlər də
konkretliyi və aydınlığlı diqqəti cəlb edirdi.
Hazırda məktəb təcrübəsi əhəmiyyətli
şəkildə dəyişmiş, metodikanın nəzəriyyə və təcrübəsində ədəbiyyat təlimi
prosesinə təsir göstərən yeniliklər yaranmışdır. Nəticədə metodika elminin
müasir tələblərinə cavab verən yeni dərs vəsaitlərinə ciddi ehtiyac yaranmışdır.
Bu baxımdan pedaqoji elmlər doktoru, professor Ş.Mikayılovun pedaqoji elmlər
namizədi, dosent A. Bəkirova ilə birlikdə apardığı tədqiqatların nəticəsi olan
“Ümumtəhsil məktəblərinin V-XI siniflərində ədəbiyyatın tədrisi metodikası” dərs
vəsaitinin nəşri çox əhəmiyyətlidir.
Yeni dərs vəsaitini müəlliflər
əvvəlki metodik təcrübədən bəhrələnməklə, ədəbiyyatın tədrisi metodikasındakı
müsbət ənənələri qoruyub saxlamaqla və həyatın tələbi ilə məktəb təcrübəsinə,
metodik fikrə gəlmiş yenilikləri nəzərə almaqla yazmışlar. Beləliklə, gərgin
tədqiqatçı əməyinin nəticəsində müsbət metodik ənənələri və yeni metodik təfəkkürü
üzvi şəkildə birləşdirən orijinal dərs vəsait-yaranmışdır.
Ş.Mikayılovun elmi-metodik
fəaliyyətinin mühüm bir istiqamətini orta ümumtəhsil məktəblərinin IV-X
sinifləri üçün ədəbiyyat proqramlarının
tərtibi təşkil etmişdir. Keçən əsrin 70-80-ci illərində ədəbiyyat müəllimlərinin
təlim prosesində böyük həvəslə istifadə etdiyi həmin proqramlarda tərtibçinin
metodik səriştəsi, gənc nəslə soykökünə bağlılıq, xalqa, xalq işinə sədaqət, fəal
mənəvi mövqe aşılayan əsərlərə geniş yer verməsi, şagirdlərin yaş və bilik səviyyəsini,
maraq dairəsini nəzərə alması xüsusi qeyd edilməlidir.
Azərbaycanın müstəqil dövlət
quruculuğu yoluna qədəm qoyması digər fənlərdə olduğu kimi, ədəbiyyat tədrisi
sahəsində də ciddi dönüş yaratdı. Ədəbiyyat tədrisi sovet sisteminin ideoloji
ehkam və qəliblərindən azad oldu. Respublikada həyata keçirilən təhsil islahatının
tələblərinə uyğun olaraq, orta ümumtəhsil məktəblərində mütərəqqi ənənələrimizi
dünya təhsil sistemində faydalı olanlarla əlaqələndirən, milli zəminə əsaslanan
və bəşəri dəyərləri özündə əks etdirən yeni proqramların və dərsliklərin
hazırlanması vəzifəsi qarşıya qoyuldu.
Təhsil Nazirliyi nəzdində fəaliyyət
göstərən elmi-metodik şuranın işləyib hazırladığı ədəbiyyat proqramları nəşr
olundu, ədəbiyyat dərslikləri tərtib edildi. Müstəqillik dövrünün ilk proqram
və dərsikləri bir sıra qüsurlarına baxmayaraq, əvvəlkilərdən mahiyyət etibarilə,
bir çox parametrlərinə görə köklü surətdə fərqlənirdi.
2003-cü ildə ədəbiyyatdan
yeni proqram və dərsliklər hazırlanarkən belə bir əsas götürüldü ki, ədəbiyyat
tədrisinin ali məqsədi yüksək ideya-bədii dəyərə malik əsərlərin öyrədilməsi əsasında
şagirdlərin dünyagörüşünü genişləndirmək, milli və ümumbəşəri mənəvi dəyərləri
mənitmsətmək, nəticə etibarilə gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyə olunmasına kömək etməkdir.
2012/13-cü tədris ilindən
etibarən Azərbaycan məktəblərində ədəbiyyat fənni üzrə kurikulumun tətbiqinə başlanıldı.
Bu məqsədlə V-VII siniflər üçün yeni tipli “Ədəbiyyat” dərslikləri və müəllim
üçün metodik vəsaitlər nəşr olundu.
Ədəbiyyat
1.
Abdullayev A.S. Azərbaycan dilinin tədrisi tarixindən.
Bakı: Maarif, 1966.
2.
Ağayev Ə.Ə. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan
pedaqoji fikrinin başlıca problemlərinə
dair. Azərbaycan məktəbi, 1975 N1.
3.
Azərbaycan Respublikasında ümumi təhsilin milli
kurikulumu. Bakı, 2006.
4.
Çobanzadə B. Türk dili və ədəbiyyatının tədris
üsulu. Bakı, 1927.
5.
Əhmədov C.M. Ədəbiyyatın tədrisi metodikası. Bakı:
Bakı Universiteti, 1991.
6.
Əhmədov C.M. Azərbaycan ədəbiyyatının tədrisi tarixindən.
Bakı: Maarif, 1971.
7.
Əhmədov H.M. XIX əsr Azərbaycan məktəbi. Bakı:
Maarif, 1985.
8. Həsənli B., Hüseynoğlu S., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat.
Müəllim üçün metodik vəsait.Bakı: Bakı nəşriyyatı, 2012.
9.
Hüseynoğlu S.
Ədəbiyyat dərslərində yeni texnologiyalar: Fəal/ interaktiv təlim.Bakı, 2009.
10. Hüseynoğlu S., Həsənli B., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin
5-ci sinfi üçün dərslik. Bakı: Bakınəşr, 2012.
11.
Hüseynoğlu S., Həsənli B., Məmmədova
S., Mustafayeva A. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün dərslik.
Bakı: Bakınəşr, 2014.
12.
Hüseynzadə R.L. Erkən orta əsrlər dövründə Azərbaycanda
məktəb və pedaqoji fikir. Bakı: MBM, 2005.
13. Köçərli F.Ə. Azərbaycan ədəbiyyatı. II cild. Bakı: Elm, 1981.
14. Qarabağlı Ə.M. Azərbaycan ədəbiyyatının tədrisi metodikası. Bakı: Maarif,
1968.
15. Mikayılov Ş.A.,
Bəkirova A.M. Ümumtəhsil məktəblərinin V-XI siniflərində ədəbiyyatın tədrisi
metodikası. Bakı: Naksuana, 2008.
16. Mollayev İ.
Orta əsrlərdə Azərbaycanda məktəb və təlim məsələlərinə dair. “Azərbaycan məktəbi»,
1977 N 1.
17. Orta məktəbdə ədəbiyyat tədrisi. I hissə. A.M.Babayevin redaktəsi
ilə. Bakı: Maarif,1976.
18. Seyidov F.Ə. Qori seminariyası
və onun məzunları. Bakı: Maarif, 1988.
19. Seyidov Y. Azərbaycan Demokratik Cümhuriyyəti dövründə dil, məktəb,
tədris problemləri. Azərbaycan dili və ədəbiyyat tədrisi, 2000 N 1, s.3-9.
20. Səmədov A.A. Azərbaycan məktəblərində ədəbiyyat tədrisinin inkişaf
problemləri. Gəncə: Gəncə poliqrafiya, 2006.
21. Ümumtəhsil məktəblərinin
V-XI sinifləri üçün ədəbiyyat proqramı. Bakı, 2003.
Şagird bədii ədəbiyyatın
oxucusu kimi
[1] Köçərli F.Ə. Balalara hədiyyə. Bakı, 1987,
səh.3.
[2] Mollayev İ. Orta əsrlərdə Azərbaycanda məktəb
və təlim məsələrinə dair. Azərbaycan məktəbi, 1977 N 1, səh.68.
[3]Köçərli F. Ə. Azərbaycan ədəbiyyatı. I cild.
Bakı, 1978, səh.90.
[4] Əhmədov C.M. Ədəbiyyatın tədrisi
metodikası. Bakı, 1991, s.62.
[5] Hüseynzadə R.L. Erkən orta əsrlər dövründə
Azərbaycanda məktəb və pedaqoji fikir. Bakı: MBM, 2005, s. 58.
[6] Araslı H. Şairin həyatı.
Bakı, 1967, səh.28.
[8] Bakıxanov A.M. Bədii əsərləri. Bakı, 1973,
s. 353.
[9]Кöçərli F. Azərbaycan ədəbiyyatı. II cild.
Bakı, 1981, s.33.
[10] Qənizadə S.M. Sabir haqqında
kiçik bir xatirə. “Sabir xatirələrdə” kitabında. Bakı, Gənclik, 1982. s.
26-38.
[12] Məmmədov X. Sultan Məcid Qənizadə.
Bakı: Yazıçı, 1983. s.49.
[13] Bax: Talıbzadə K.A. XX əsr Azərbaycan
tənqidi. I hissə. Bakı: EA-nın nəşri, 1966, s.50.
[14] Nəbiyev B. F.Köçərli. Bakı: Gənclik, 1984. c. 67.
üm səh. 228.
[15] «Dəbistan» 1906 N 1.
[16] Ağayev Ə.Ə. XIX əsrin sonu XX
əsrin əvvəllərində Azərbaycan pedaqoji fikrinin başlıca problemlərinə dair. «Azərbaycan
məktəbi» jurnalı, 1975 N 1, s. 55.
[17] Ağayev Ə.Ə.Fərhad Ağasadənin
pedaqoji görüşləri. Bakı: Maarif, 1987. s.74.
[18] Hüseynzadə A. Seyid Hüseynin
pedaqoji fəaliyyəti və maarifçilik görüşləri. Bakı: Maarif, 1971, s.50-61.
[19] İbrahimov M. Niyəsiz, necəsiz
bir yazısan sən. Bakı, 1985, s.365.
[20] Səmədov A.A. Azərbaycan məktəblərində ədəbiyyat tədrisinin
inkişaf problemləri. Gəncə: Gəncə poliqrafiya, 2006, s. 60.
[21] Çobanzadə B. Türk dili və ədəbiyyatının
tədris üsulu. Seçilmiş əsərləri. III cild. Bakı: Şərq-Qərb, 2007, s.300
[22] Səmədov A.A. Azərbaycan məktəblərində ədəbiyyat tədrisinin
inkişaf problemləri. Gəncə: Gəncə poliqrafiya, 2006, s. 64.
Комментариев нет:
Отправить комментарий