суббота, 28 сентября 2019 г.

Ədəbiyyat məktəbdə təlim fənni kimi. Ədəbiyyatın tədrisi metodikasının predmeti, məqsəd və vəzifələri

Proqramlar, Dərs vəsaitləri, Məqalələr, Tövsiyələr, Soruşun cavab verək

Ədəbiyyat məktəbdə təlim fənni kimi. Ədəbiyyatın tədrisi metodikasının predmeti, məqsəd və vəzifələri

Plan

1.    Ədəbiyyat məktəbdə təlim fənni kimi
2.    Ədəbiyyat tədrisinin məqsəd və vəzifələri
3.    Ədəbiyyatın tədrisi metodikasının digər elmlərlə əlaqəsi

Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi, uğurla həyata keçirilən təhsil islahatı orta ümumtəhsil məktəblərində ədəbiyyat tədrisinə, onun məqsəd və vəzifələrinə, forma, üsul və metodlarına yeni yanaşmanı zəruri etmişdir.
Müasir mərhələdə təhsil sis­teminin başlıca vəzifələri aşağıdakılardır:
– ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalını inki­şaf etdirmək və bununla Azərbaycan Respublikasının beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək;
– məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xal­qının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı dü­şünən vətəndaş və şəxsiyyət yetişdirmək;
– milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq;
– sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənil­məsini və əlavə təhsili təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
Bu baxımdan məktəbdə öyrənilən əsas fənlərdən olan ədəbiyyat XXI əsrdə müasir dünyagörüşlü, milli və ümumbəşəri mənəvi dəyərlərə yiyələnmiş vətəndaşın, qloballaşan və mürəkkəbləşən dünyada yaşamağı, müstəqil, yaradıcı fəaliyyət göstərməyi, öz xalqını layiqli təmsil etməyi bacaran şəxsiyyətin tərbiyəsində böyük imkanlara malikdir.
Ədəbiyyat tədrisi metodikasının ictimai əhəmiyyəti söz sənəti­nin böyük tərbiyəvi, idraki, bədii-emosional  təsiri ilə şərtlənir. Söz sənəti gənc nəslə vətənpərvərlik, humanizm, demokratik baxışlar, öz xalqının ədəbiyyatına, mədəniyyətinə bağlılıq, digər xalqların ədəbiyyatına, mədəniyyətinə ehtiram hissi aşılanmasında mühüm rol oynayır.
Azərbaycan ədəbiyyatının dəyərli nümunələrinin, xarici ölkə­lərin ədəbiyyatından seçmələrin öyrənilməsi prosesində şagirdlərin idraki maraqları, əqli və yaradıcılıq qabiliyyətləri, şifahi və yazılı nitqi inkişaf etdirilir, onlarda həyati bacarıqlar, mütaliə mədəniy­yəti, estetik zövq formalaşdırılır.
Söz sənəti nümunələri neçə-neçə nəsillər tərəfindən xalqımızın mənəvi mədəniyyəti, incəsənəti, mütərəqqi adət-ənənələri, ana dili, tarixi, coğrafiyası haqqında biliklərin  mənimsənilməsində, böyük şəxsiyyətlərin fəaliyyətinin dərindən öyrənilməsində dəyərli mən­bə olmuşdur.
Təsadüfi deyil ki, bir çox görkəmli ziyalılar xalqa xidmət yolu­nu ilk növbədə ədəbiyyat müəllimi kimi gənc nəslin təlim-tərbiyəsi sahəsində praktik  fəaliyyətdə görmüş, bədii, elmi yaradıcılıqları ilə pedaqoji fikir xəzinəsinə töhfələr vermiş, müasirlərinin və xələf­lərinin məhəbbətini qazanmışlar. M.Ş.Vazeh, M.F.Axundzadə, S.Ə.Şirvani, S.M.Qənizadə, M.Ə.Sabir, C.Məmmədquluzadə, H.Ca­vid, S.S.Axundov, M.T.Sidqi, N.Nərimanov, M.Müşfiq, S.Vurğun, İ.Şıxlı, M.Təhmasib və digər ziyalıların ədəbiyyat müəllimi kimi fəaliyyəti xalqa təmənnasız xidmət nümunəsi olaraq bu gün də gənc müəllimlər üçün örnək sayılır. Uzun illər ədəbiyyat müəllimi olmuş  görkəmli ədib A.Şaiq yazırdı ki, o, yazıçılığından daha çox müəllimliyi ilə fəxr edir.
Ali pedaqoji məktəblərdə tədris olunan ədəbiyyat tədrisi meto­dikası nəzəri-praktik kursu ədəbiyyat müəlliminin metodik hazırlığı proqramının mühüm tərkib hissəsidir. Metodika gənc nəslin təlim-tərbiyəsində hansı yolla getmək lazım gəldiyini müəyyənləşdirir. Həmin yolun dəqiqləşdirilməsi, təlim prosesinə müəllimin şəxsi baxışlarının formalaşması, başqalarının iş təcrübəsinin təhlili ilə ya­naşı, həm də ədəbi təhsilin məqsədi və məzmunu, əsərin mütaliəsi, qavranılması, oxucu müstəqilliyinin inkişaf etdirilməsi, təlim me­todlarının qarşılıqlı əlaqəsi, şifahi və yazılı nitqin inkişafı, təlimin fərdiləşdirilməsi kimi bir sıra nəzəri problemlərin dərk edilməsi nə­ticəsində mümkündür.
Ədəbiyyat müəlliminin metodik bilik və bacarıqları çoxillik məktəb təcrübəsi süzgəcindən keçdikcə daha da inkişaf edir, cilala­nır, fərdi metodik üslubun, pedaqoji ustalığın yaranmasına, bir-birindən fərqli, özünəməxsusluğu ilə seçilən, maraqlı ədəbiyyat dərslərinin təşkilinə  gətirib çıxarır.
Bəzən ədəbiyyat tədrisi metodikasının məzmunu ilə bağlı mə­sələlərə dair fərqli fikirlər səsləndirilir. Bu fənni tədris edən müəl­limlər, ədəbiyyatşünaslar, psixoloqlar, ictimaiyyətin nümayəndələri məsələyə öz münasibətlərini bildirirlər.
Həm ədəbiyyatşünaslığın, həm də ədəbiyyatın tədrisi metodika­sının bədii əsərləri öyrəndiyini, tarixi, nəzəri baxımdan araşdırdığını əsas gətirərək onları eyniləşdirmək cəhdləri mövcuddur. Lakin bun­ların arasında fərqlər vardır. Ədəbiyyatşünaslığın obyekti ədəbiy­yatın yaranması, tarixi, özünəməxsusluğu, inkişaf qanunauyğunluq­ları, ictimai əhəmiyyətidir. Metodika pedaqoji elmlərdən biri kimi pedaqogikaya yaxın olsa da, fərqli obyekti, predmeti, vəzifələri ol­duğu üçün müstəqil fənn sayılır.
Ədəbiyyatın tədrisi metodikasının obyekti ədəbiyyatın özü deyil, müəllim-şagird əməkdaşlığına əsaslanan pedaqoji proses­dir, ədəbi materialın öyrənilməsi zəminində aparılan təlim-tər­biyə işinin qanunauyğunluqlarıdır.
Ədəbiyyatın tədrisi metodikasının predmetini şagirdlərin tərbiyəedici təlimi təşkil edir və vəzifəsi bu prosesə rəhbərlik məq­sədilə onun qanunauyğunluqlarını aşkara çıxarmaqdan ibarətdir.
Son zamanlar kurikuluma keçidlə əlaqədar ümumi orta təhsil pilləsində dil ilə ədəbiyyatı birləşdirmək, bir fənn kimi öyrətmək, ədəbiyyatı müstəqil fənn kimi yalnız tam orta təhsil pilləsində tədris etmək barədə də fikirlər səslənməkdədir. Həmin təklifin tərəfdarları öz mövqelərin əsaslandırmaq üçün bəzi Avropa ölkələrinin təcrü­bəsini nümunə gətirir, bu yaxın fənlərin inteqrasiyasının, dil üzrə nəzəri biliklərin söz sənəti nümunələri üzərində iş zəminində mə­nimsənilməsinin əhəmiyyətini vurğulayırlar.
Dil ilə ədəbiyyatın inteqrasiyası ideyası nə qədər müasir səs­lənsə də, hər fənnin özünəməxsus, fərqli obyekti, predmeti vardır. Unutmaq lazım deyil ki, ölkəmizdə ədəbiyyatın müstəqil fənn kimi öyrənilməsi sahəsində müsbət təcrübə toplanılmış, bu gün də dəyə­rini itirməyən ənənələr formalaşmışdır. Metodik tədqiqatlar, qabaq­cıl iş təcrübəsi  sübut edir ki, hər iki fənni eyni müəllim tədris etdiyi üçün bu fənləri formal olaraq birləşdirmədən də, istər dil, istərsə də ədəbiyyat dərslərində inteqrasiya imkanlarını reallaşdırmaq, bu zəmində yüksək nəticələr əldə etmək mümkündür.
Eyni zamanda keçid dövrünün kurikulumunda (hazırlanmış kurikulumu biz məhz belə qiymətləndiririk) məsələnin bu şəkildə qoyulması müəllim hazırlığı, orijinal dərsliklərin tərtibi, yeni təlim texnologiyalarının tətbiqi, resurslar hazırlanması ilə bağlı ciddi problemlərin mövcudluğu şəraitində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində çətinlikləri qat-qat artıra bilər.
Ədəbiyyat tədrisi metodikası yaradıcı elmdir, metodik düşün­cədə ehkamçılıq, durğunluq, tövsiyələrin mexaniki tətbiqi onun təbiətinə yaddır. Müəllim bu və ya digər əsərin ədəbiyyat proqramı­na daxil edilməsinin səbəbini, onun idraki, tərbiyəvi əhəmiyyətini aydınlaşdırmağı, əsər üzrə dərslər sistemini planlaşdırmağı, onu ne­cə tədris edəcəyini, təlim materialı üzrə şagirdlərdə hansı bilik və bacarıqları formalaşdıracağını bilməlidir. O, öyrənilən əsərlə bağlı material toplamağı, əsərə, müəllifə öz münasibətini müəyyənləşdir­məyi, əsaslandırmağı, şagirdə çatdırmağı bacarmalıdır. Metodika elmi məhz bu məsələlərin həllində müəllimə kömək edir, onun fəaliyyətini istiqamətləndirir.
V.V.Qolubkovun ədəbiyyat tədrisi metodikasına dair dərsliyin­də metodikanın əsas xüsusiyyətləri qeyd edilir: «Müəllimin işinin metodlarının, prinsiplərinin, istifadə etdiyi materialın müəyyən ar­dıcıllıqla araşdırılması bütün fənlərin tədrisi metodikasını birləşdi­rən cəhətlərdir. Metodika üç əsas suala cavab verir: niyə öyrənilir, nə öyrənilir, necə öyrənilir?»[1]
Tədqiqatçının fikrincə, elmi metodika şagirdlərin inkişaf xü­susiyyətlərinin tədqiqinə əsaslanmalıdır. Müəllim pedaqoji prosesə öz yazı masasının deyil, məktəbli partasının arxasından nəzər sal­mağa çalışmalı, öyrətmək istədiyini şagirdin necə qavradığını başa düşməyə səy göstərməlidir.
M.A.Rıbnikova yazır ki, metodika – vaxta qənaət etmək, şagir­din qüvvəsindən ağılla istifadə etmək, təlim materialında başlıca olanı tapmaq bacarığı, sinif kollektivinin əməyini təşkil etmək mə­harəti, şagirdlərin müxtəlif fərdi xüsusiyyətlərinə düşünülmüş təsir etmək sistemidir. Metodikanın əsasında duran əsas didaktik qayda­lar aşağıdakılardır:
1. Təlim şagird qavramasının müxtəlif tərəflərinə, hiss orqanla­rının, şüurunun müxtəlif sahələrinə təsir etməlidir. Bu zaman şagird təəssüratlarının səviyyəsi, sabitliyi, daimiliyi kimi tələblər gözlənil­məlidir.
2. Şagirdlər onların qarşısına qoyulan təlim vəzifələrini aydın dərk etməlidir. Müəllimin təlim tapşırıqlarının yerinə yetirilməsində iştirakı, sinfin işinin təşkili ilə bağlı məsələlər aydın olmalıdır.
3. Metodistin məharəti sadədə mürəkkəbi, tanış olanda yenini, köhnədə nə isə təzə bir şey göstərməkdən ibarətdir.
4. Müəllim dərsdə induksiya ilə deduksiyanı birləşdirməklə biliklərin ardıcıllıq və sistematikliyini və bu zəmində həyata şüurlu yanaşmanı, nəzəriyyə ilə təcrübənin vəhdətini təmin etməlidir.[2]
Müəllimin metodik bilik və bacarıqlara malik olması, klassik və müasir metodik mənbələrə bələd olması zəruridir. Müasir metodi­ka əvvəlki metodik irsdən bəhrələnməklə yeni metodik düşüncə­nin, meyillərin üstünlüklərindən istifadə etməklə inkişaf edir, təkmilləşir və zənginləşir.
Kursun məqsədi tələbələrin elmi fənn kimi ədəbiyyat tədrisi metodikasının əsaslarını, nəzəri və praktik məsələlərini dərin­dən öyrənməsinə nail olmaqdır.
Bu fənnin müasir tələblər səviyyəsində tədrisi müəllimdən ədəbiyyatşünaslıq elmi - ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid üzrə biliklərə yiyələnməyi, Azərbaycan və xarici ölkə­lər ədəbiyyatının əsaslı şəkildə mənimsənilməsini tələb edir. Lakin nə qədər əhəmiyyətli olsa da, yalnız  bədii ədəbiyyatı geniş mütaliə etməklə, ədəbi-nəzəri, tarixi mənbələri dərindən bilməklə müəllim  olmaq mümkün deyildir.
Tələbələr ədəbiyyat  tədrisi metodikasının nəzəri əsaslarını bilməli, təlim fənninin nəzəri və praktik səviyyədə öyrənilməsi­nin tərkib hissəsi olan ədəbiyyatşünaslıq, psixoloji-pedaqoji, di­daktik, kommunikativ məsələlərdən baş çıxarmalı, ədəbiyyat dərsinin planını ( icmalını) hazırlamağı bacarmalıdır.
Tələbələr  ədəbiyyatın tədrisi metodikası kursunu dərindən mə­nimsəmək üçün təlim məşğələləri ilə yanaşı, ciddi özünütəhsil, me­todik ədəbiyyatın müstəqil mütaliəsi ilə məşğul olmalıdır. Onlar orta ümumtəhsil məktəblərində müasir ədəbiyyat tədrisinin özünəməxsus cəhətləri haqqında dərin bilik və bacarıqlara yiyələnməli, məktəbdə yaradıcı fəaliyyətə hazır olmaq üçün kurs üzrə zəruri müstəqil işləri yerinə yetirməlidir. Məhz bu zəmində şagird mütaliəsini stimul­laşdırmaq, təlim prosesində müsbət motivasiya yaratmaq, ədəbiyyat dərslərinin canlı, maraqlı təşkil etmək mümkündür. 
Müasir mərhələdə müəllimdən ədəbiyyat dərslərində təlimin fəal metodları, forma və üsullarından, yeni təlim texnologiyaların­dan, interaktiv metodlardan, informasiya-kommunikasiya vasitələ­rindən istifadə olunması, fəndaxili və fənlərarası inteqrasiyanın tə­min edilməsi üzrə işin sistemini bilmək, praktikada tətbiq etmək ba­carığı  tələb olunur.
Ədəbiyyatın tədrisi metodikası kursu  gələcək müəllimlərin  şa­girdlərin ədəbi inkişafı, təlim metodları və üsulları, pedaqoji fəaliy­yətin əsas sahələri haqqında bilik və bacarıqlara yiyələnməsini, ya­radıcı pedaqoji fəaliyyətə hazırlığını təmin edir. Təlimin şəxsiy­yətyönümlü, nəticəyönümlü səciyyəsi, müəllim - şagird əməkdaşlığı ilə bağlı məsələlərin dərindən mənimsənilməsi bu baxımdan çox əhəmiyyətlidir.
Müasir məktəbdə ədəbiyyat tədrisi metodikasının təkmilləş­dirilməsi həm də bədii əsərin şagird - oxucuya mənəvi, estetik-emo­sional  təsirinin gücləndirilməsini, şagirdlərdə yaradıcı müstəqilliyin tərbiyə olunması, oxucu qavraması, mütaliəyə, ədəbiyyatın öyrənil­məsinə marağın, təxəyyülün inkişaf etdirilməsini tələb edir.
Ədəbiyyat incəsənətin bir növüdür. Bu fənni tədris edən müəl­limin pedaqoji məharəti dedikdə, onun metodik səriştəsi, ədəbiyyat fənnini dərindən bilməsi ilə yanaşı, mahir qiraətçi olması, kom­munikativ bacarıqlara dərindən yiyələnməsi də nəzərdə tutulur.

Ədəbiyyat tədrisi metodikasının digər elmlərlə əlaqəsi

Ədəbiyyatın tədrisi metodikası kursu inteqrativ səciyyəlidir. Ədəbiyyat tədrisində müxtəlif fənlərarası əlaqələrin, xüsusən hu­manitar fənlərlə ­ dil, ədəbiyyatşünaslıq, pedaqogika və psixologiya ilə  əlaqələrin nəzərə alınması zəruridir.
Ədəbiyyatın tədrisi metodikası ayrı-ayrı fənlərin  deyil, bütöv­lükdə gənc nəslin təlim, təhsil, tərbiyə, inkişafı  prosesini tədqiq edən pedaqogikanın müəyyənləşdirdiyi qanunauyğunluqlara əsas­lanmaqla, onları ədəbi-bədii materialların öyrənilməsi prosesində tətbiq və inkişaf etdirir.
Ədəbiyyat tədrisi metodikasının təlimin nəzəriyyəsini və ümu­mi prinsiplərini, metod  və priyomlarını, təşkili formalarını işləyib hazırlayan didaktika ilə əlaqəsi özünü təlim prosesində daim biruzə verir.
Ədəbiyyatın tədrisi metodikası şagirdlərin təlim və tərbiyəsi prosesinin psixoloji qanunauyğunluqlarını, qavrayış, diqqət, hafizə, təfəkkür, təxəyyül  və s. məsələlərini öyrənən, müəllim-şagird mü­nasibətlərini aydınlaşdıran pedaqoji psixologiyanın əldə etdiyi nəti­cələrdən məktəblilərin ədəbi təhsili, tərbiyəsi və inkişafı prosesində bəhrələnir. 
Ədəbiyyat tədrisinin psixologiya ilə əlaqəsi bədii qavramanın, yaradıcılığın psixologiyasının, şagirdlərin yaş xüsusiyyətlərinin nə­zərə alınmasında, onların əqli və mənəvi inkişafında, tərbiyəsində özünü biruzə verir.
Ədəbiyyat tədrisi metodikası ədəbiyyatşünaslıqla - ədəbiyyatın metodologiyası, nəzəriyyəsi və tarixi ilə sıx əlaqəlidir. Bu əlaqə ilk növbədə ədəbiyyat kursunun məqsədləri, strukturu və məzmunu müəyyənləşdirilərkən aşkara çıxır. Ədəbiyyatşünaslığın metodolo­giyası ədəbiyyat təlimi metodlarının müəyyənləşdirilməsinə də təsir göstərir.
Metodikanın ədəbiyyatşünaslıqla, eləcə də estetika ilə əlaqəsi maraq kurslarında, humanitar təmayüllü siniflərdə, sinifdənxaric iş prosesində daha çox aşkara çıxır.
Ədəbiyyatın öyrənilməsi prosesində fəlsəfə, etika, tarix, dil, hü­quq, dinlə bağlı məsələlər meydana çıxır.           
Məktəbdə gənc nəslin ədəbi təhsili, tərbiyəsi, inkişafı mürəkkəb prosesdir. Ədəbiyyat tədrisi metodikasının yaxın fənlərlə əlaqələri­nin öyrənilməsi və nəzərə alınması təlim prosesinin səmərəliliyini artırır.

Ədəbiyyat

1.     Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı. 2009.
2.    Azərbaycan Respublikasında ümumi təhsilin milli kurikulumu. Bakı, 2006.
3.    Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. Azərb. müəllimi qəzeti.25 okt 2013. N 41 (8558)
4.     Aslanov Y. Ədəbiyyat tədrisi: ənənə və müasirlik. Bakı: ADPU-nun nəşriyyatı, 2011.
5.     Babayev A.M. Azərbaycan ədəbiyyatı tədrisinin elmi əsasları haqqında. DETPİ-nin əsərləri. 1970, XI buraxılış, s. 72-88.
6.     Богданова О.Ю., Леонов С.А., Чертов В.Ф. Методика пре­подавания литературы. М.: Академиа, 2000.
7.     Əhmədov C.M. Ədəbiyyatın tədrisi metodikası. Bakı: Bakı Universiteti, 1992.
8.     Hacıyev A.C. Azərbaycan ədəbiyyatının tədrisi metodikası. Bakı: Təhsil,  2003.
9.     Həsənli B., Hüseynoğlu S., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. V sinif. Müəllim üçün metodik vəsait.Bakı: Bakı nəşriyyatı, 2012.
10.  Həsənli B., Hüseynoğlu S., Məmmədova S., Mustafayeva A. Ədəbiyyat. VII sinif. Müəllim üçün metodik vəsait. Bakı: Bakı nəşriyyatı, 2014.
11.     Hüseynoğlu S. Ədəbiyyatımızı öyrənək və öyrədək. Ana sözü, 1992 №5-6, s.15-21.
12.     Hüseynoğlu S., Həsənli B., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün dərslik. Bakı: Bakı nəşriyyatı, 2012.
13.  Hüseynoğlu S., Həsənli B., Məmmədova S., Mustafayeva A. Ədəbiyyat. VII sinif  üçün dərslik. Bakı: Bakı nəşriyyatı, 2014.
14.     Qarabaglı Ə.M. Azərbaycan ədəbiyyatının tədrisi metodikası. Bakı: Maarif,1968.
15.     Голубков В.В. Методика преподавания литературы. М.: Учпедгиз, 1955.
16.     Методика преподавания литературы. Под ред З.Я.Рез. М.: Просвещение, 1985.
17.     Məmmədov R. Ədəbiyyat təlimində şagirdlərin bədii təfək­kürünü inkişaf etdirmək yolları. Bakı: Maarif, 1975. 
18.     Mikayılov Ş.A., Bəkirova A.M. Ümumtəhsil məktəblərinin V-XI siniflərində ədəbiyyatın tədrisi metodikası. Bakı: Naksuana, 2008.
19.     Muradov B.H. Ədəbiyyat tədrisi metodikasının nəzəri əsasları. Bakı: APİ-nin nəşri, 1980.
20.     Orta məktəbdə ədəbiyyat tədrisi. I hissə. A.M.Babayevin re­dak­­təsi ilə. Bakı: Marif, 1976.
21.     Рыбникова М.А. Очерки по методике преподавания лите­ра­туры. M.: Учпедгиз, 1963.
22.     Yusifov F.A. Ədəbiyyatın tədrisi metodikası. Bakı: ADPU-nun nəşri, 2010.
23.     http://kurikulum.az
24.     http://pedsovet.org

 




[1] Голубков В.В. Методика преподавания литературы. М.:Учпедгиз, 1955.
с. 5.
[2] Рыбникова М.А. Очерки по методике литературного чтения. М.: Уч­педгиз, 1963, с. 23-24.

Комментариев нет:

Отправить комментарий