суббота, 27 мая 2017 г.

Epik əsərin (hekayənin ) məzmununun mənimsədilməsi və təhlili üzrə dərs planı nümunələri


Mövzu: Abdulla Şaiq. “Anabacı” – 3 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş

Standartlar
Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə və süjetli əsərlərdə (poema, hekayə, povest, roman, dram) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
·     Hekayədə tanış olmayan sözlərin mə­na­sını lüğətlərdən, sorğu kitablarından isti­fadə etməklə aydınlaşdırır.
1.1.3. Süjetli bədii nümunələri (poema, hekayə, povest, roman, dram) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
·     Hekayəni hissələrə ayırır, seçdiyi his­sə­nin məzmununu hazırladığı plan əsasında yaradıcı nağıl edir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metonimiya, inversiya, simvol) müəyyənləşdirir.
·     Hekayədə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.2.1. Müzakirələrdə mövzuya, problemə tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir.
·     Hekayə ilə bağlı müzakirələrdə fərqli fikirlərə dözümlülük nümayiş etdirir.

Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi.
İş forması: fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş.
Metod və priyomlar: müsahibə, müzakirə, problemin həlli, təqdimat.
Təchizat: dərslik, iş vərəqləri, lüğətlər, əsərin məzmunu üzrə şəkillər.

Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza­ki­rə­si ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Müəllim üçün məlumat. Motivasiya yaradılmamışdan əvvəl şagirdlərin “şərəf” və “ləyaqət” anlayışları barədəki məlumatlarının aşkara çıxarılması məq­sə­di ilə onlara müraciət edilir: – Siz “ləyaqət”, “şərəf” sözlərini eşitmisiniz. Bədii əsər­lərdə bu sözlərə az rast gəlməmisiniz, baxdığınız filmlərdə də bu sözləri az eşit­mə­misiniz. “Ləyaqətli insan”, “filankəs ləyaqətli adamdır”, “filankəs şərəfli ömür yaşamışdır” ifadələri sizə nə deyir? İnsanın öz ləyaqətini uca tutması, şərəfli ol­ması nə deməkdir?
Şagirdlərin “Ləyaqət əsil-nəsəblə deyil, ağıl və ədəblədir” atalar sözü barədə mülahizələrini dinləmək də faydalıdır. S.Rüstəmin 5-ci sinif “Ədəbiyyat” dərsliyindən (Bakınəşr, 2012) öyrənilmiş “Duz-çörək” şeirindən aşağıdakı bəndin xatırladılması və yığcam fikir mübadiləsi də yeni mövzunun qavranılması üçün zəmin yaradır:
                              İnsanın şərəfi, bəzəyi, məncə,
                              Deyildir nə ipək, nə tirmə, oğlum!
                              Yaxşıdan yaxşı ol ellər içində,
                              Dostuna bir ziyan yetirmə, oğlum!
 Yığcam müsahibə aparılmaqla suallara, bədii nümunələrə aydınlıq gətirilir. Şagirdlərin öz həyati təcrübələrinə, incəsənət əsərlərinə müraciət etmələrinə, fikirlərini nümunələrlə əsaslandırmalarına imkan yaradılır.  
Motivasiya, problemin qoyuluşu. Rəmzi materiallardan, yaxud suallardan istifadə etməklə motivasiya yaratmaq olar. Dərslikdəki “Yada salın” başlıqlı suallar əsasında yığcam müsahibə təşkil etməklə motivasiyanın yaradılması daha az vaxt aparır.

Yada salın:
– Şərəf və ləyaqətini uca tutan hansı ədəbi qəhrəmanlarla tanışsınız?
– Onların hansı davranış və əməlləri sizin üçün daha dəyərlidir?
Müsahibə tədqiqat sualının formalaşdırılması ilə yekunlaşdırılır.
Motivasiyanın bir variantı da internetdən istifadə ilə şagirdlərin ədib haqqında (https://az.wikipedia.org/wiki/Abdulla_Şaiq) materialla tanış edilməsi ola bilər. Eyni zamanda görkəmli ziyalıların A.Şaiq haqqında fikirlərindən istifadə məktəblilərin ədibin yaradıcılığına marağını artırır:
– Abdulla Şaiq həqiqəti hər şeydən uca tutan, daima həqiqət axtaran, tərəqqi və yüksəliş yolunda fədakarcasına çalışan yazıçı olmuşdur. (M.İbrahimov)
– Abdulla Şaiqin nəcib həyatı bir çıraq kimi həmişə xalq üçün yanmışdır. Bu çırağın işığında uşaqların da, böyüklərin də qəlbində yalnız xeyirxah duyğular, xeyirxah arzular baş qaldırmışdır. (İ. Əfəndiyev)
– Xalqını nəcib bir oğul qəlbi ilə sevən sənətkar öz xalqının ürəyində əbədi yaşayacaqdır. (S. Rüstəm)
– Abdulla Şaiq mənəviyyatı pak, daxili təmiz, rəftarı gözəl bir insan kimi xalqımızın qəlbində yaşayır, yaşayacaq da! (Əfrasiyab Bədəlbəyli)

Tədqiqat sualı: Şərəfli və ləyaqətli olmaq insanın həyatdakı mövqeyində hansı rolu oynaya bilər?
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər edilir.
Tədqiqatın aparılması. Bu, ilk növbədə, oxunun təşkilini tələb edir. Hekayənin oxusu fərqli şəkillərdə aparıla bilər. Bu, sinfin səviyyəsindən, oxu metodları ilə şagirdlərin tanışlıq dərəcəsindən, müəllimin məqsədindən asılıdır. Əsərin oxusunun metodik baxımdan düzgün təşkilinə xüsusi diqqət yetirilməlidir. Məsələn, vaxta qənaət baxımından fərdi səssiz oxunu seçən müəllimin dərslikdəki sual və tapşırıqlar üzrə ardıcıl iş aparması məqsədəuyğundur.
1.     Əsərin oxusundan (bunu fərqli şəkildə yerinə yetirə bilərsiniz) sonra parta yoldaşınızla birlikdə mətnin kənarındakı suallara cavab hazırlayın.
2.     Mətnin üçüncü parçasına aid suallar tərtib edin.
3.     Kiçik qruplarda birləşib, tərtib etdikləriniz də daxil olmaqla, bütün sualların cavabı ilə bağlı fikir mübadiləsi aparın.
4.     Çıxardığınız nəticələri təqdimatlar əsasında müzakirə edin.
5.     Əsərdən seçdiyiniz hissəyə ad verin, məzmununu hazırladığınız plan əsasında yaradıcı danışın.

Oxu başa çatdıqdan sonra şagirdlər tövsiyələrə uyğun olaraq, cütlük şəklində işləməklə mətnkənarı suallara cavab hazırlayırlar. Sonra həmin cütlüklər üçüncü parçanın məzmununa aid suallar tərtib edirlər. Cavabları məzmunca eyni, yaxud oxşar olan şagirdlər kiçik qruplarda birləşib, tərtib etdikləri də daxil olmaqla, bütün suallarla bağlı fikir mübadiləsi aparırlar. Yalnız bundan sonra qrup sözçülərinin təqdimatları əsasında fikir mübadiləsimüzakirə aparılır.
Əsərin məzmunu ilə bağlı qazanılmış məlumatın dərinləşdirilməsi və sistemə salınmasında bu mərhələnin əhəmiyyəti böyükdür. Müzakirə zamanı aşağıdakı suallardan istifadə etməklə əsərin ilkin qavranılmasını dərinləşdirmək olar:
1. Anabacı kim idi və məşğələdən evinə qayıdan qəhrəmana müraciət etməkdə məqsədi nə idi?
2. Anabacının əlindəki kağızda nə yazılmışdı?
3. Anabacı ilə söhbətin məzmunu nədən ibarət idi?
4. Anabacı xəstəyə yardım üçün verilən pulu alanda nə dedi?
5. Gətirdiyi coraba görə pul təklifini Anabacı nə üçün rədd etdi?
6. Anabacının hərəkətləri, davranışı əsərin qəhrəmanında hansı düşüncələr, suallar doğurdu?
Dərslikdəki növbəti tapşırıq (Əsərdən seçdiyiniz hissəyə ad verin, məzmununu hazırladığınız plan əsasında yaradıcı danışın) məzmunun mənimsənilməsi üzrə işin davamı kimi özünü göstərir. Bu prosesdə fəal dinləməyə və müzakirəyə nail olunmalıdır.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində müəllimin istiqamətləndirici suallardan istifadə etməsi faydalıdır. Diqqət Anabacı obrazına cəlb edilməklə şagirdlərdə belə qənaət möhkəmlənir ki, şərəf hissini unutmayan, ləyaqətlə ömür sürən insanlar başqalarından hörmət görür və nüfuz sahibi olurlar. Onlar həm ailədə, həm də cəmiyyətdə ədalətli, doğruçu, sözübütöv insanlar kimi tanınır və sevilirlər.
Çıxarılmış nəticənin fərziyyələrlə və tədqiqat sualı ilə müqayisə edilməsinə diqqət yetirilir.

Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsa­sın­da aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə meyarları:
Aydınlaşdırma
Hissələrəayırma
Plantərtibetmə
Nağıletmə
Müəyyənləşdirmə
Əsaslandırma
Nümayişetdirmə

I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Tanış olmayan söz­lə­rin mənasını lüğət­lər­dən, sorğu kitab­la­rın­dan istifadə et­mək­lə aydın­laş­dır­maqda çətinlik çəkir.
Tanış olmayan söz­lə­­rin mənasını lü­ğət­lərdən, sorğu kitab­la­rından suallar ver­mək­lə və kömək əsa­sında aydın­laş­dı­rır.
Tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.
Tanış olman sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
Hekayəni hissələrə ay­ırır, seçdiyi his­sə­nin planını tərtib et­mək­də, məzmununu yaradıcı nağıl et­məkdə çətinlik çəkir.
Hekayəni hissələrə ayırır, seçdiyi his­sə­nin planını suallar verməklə və kömək əsasında tərtib edir, məzmununu qismən yaradıcı nağıl edir.
Hekayəni hissələrə ayırır, seçdiyi hissənin planını tərtib edir, məzmununu əsasən yaradıcı nağıl edir.
Hekayəni hissələrə ayırır, seçdiyi hissənin planını tərtib edir, məzmununu yaradıcı nağıl edir.
Hekayədə bədii təsvir və ifadə va­si­tə­lə­rini müəy­yən­ləş­dirməkdə çətinlik çəkir.
Hekayədə bədii təs­vir və ifadə va­si­tə­lə­rini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.
Hekayədə bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.
Hekayədə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
Müzakirələrdə fərqli fikirlərə dözümlülük nümayiş etdirməkdə çətinlik çəkir.
Müzakirələrdə fərqli fikirlərə qismən dözümlülük nümayiş etdirir.
Müzakirələrdə fərqli fikirlərə əsasən dözümlülük nümayiş etdirir.
Müzakirələrdə fərqli fikirlərə dözümlülük nümayiş etdirir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.
          
Mövzu: Abdulla Şaiq. “Anabacı” – 3 saat
İkinci saat: Təhlil üzrə iş

Standartlar
Təlim nəticələri
1.2.2. Digər obrazların və müəllifin mühakimələrinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndirir.
·     Müəllifin mühakimələrindən çıxış etməklə hekayənin qəhrəmanlarını səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metonimiya, inversiya, simvol) rolunu aydınlaşdırır.
·     Hekayənin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini və konfliktini şərh edir, əsaslandırılmış münasibət bildirir.
·     Hekayənin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh edir, onlara əsaslandırılmış münasibət bildirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini şərh edir.
·     Hekayə ilə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini şərh edir.

Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi.
İş forması: fərdi iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş.  
Metod və priyomlar: müsahibə, problemin həlli, müzakirə, təqdimat.
Təchizat: dərslik, iş vərəqləri, əsərin məzmunu üzrə şəkillər.

Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza­ki­rə­si yolu ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına mü­ra­ciət etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına fərqli yollarla nail olmaq mümkündür. Rəmzi (simvolik) material qismində şərəf, ləyaqət, mənlik hissinin uca tutulmasının insan üçün vacib olduğunu əks etdirən deyimlərin, atalar sözlərinin, bədii əsərlərdən sitatların və s. xatırladılması, fikir mübadiləsi apa­rıl­ma­sı yerinə düşər. Bir variant da ilk dərsdən şagirdlərin diqqətinə çatdırılan “Düşünün” başlıqlı sual (Şərəf və ləyaqətini qorumaq üçün insanda hansı key­fiy­yət­lər olmalıdır?) əsasında yığcam müsahibə aparmaq və onu tədqiqat sualının for­ma­laşdırılması ilə yekunlaşdırmaq ola bilər.
Motivasiyanın yaradılmasının bir variantı da internetdən istifadə ilə şagirdlərin ədibin 130 illiyi ilə əlaqədar F.Köçərli adına Respublika Uşaq Kitabxanasının hazırladığı ədəbi-bədii kompozisiyadan (http://www.clb.az/files/mv/AShaiq.pdf) müəl­limin məqsədəmüvafiq saydığı bir parça ilə tanışlığı ola bilər.
Tədqiqat sualı: Ehtiyac içində məhrumiyyətlərlə dolu ömür yaşayan hekayə qəhrəmanının öz mənliyini, şərəf və ləyaqətini uca tutmasına səbəb, sizcə, nədir?
Fərqli fikirlərfərziyyələr dinlənilir və qeyd edilir.
Tədqiqatın aparılması. Hansı metod və iş formalarının seçilməsindən asılı olmayaraq, dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə müraciət edilməsi məqsədəuyğundur.
1.     Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Müəllifin oğlu, tanınmış ədəbiyyatşünas alim Kamal Talıbzadə yazır:
“Bizim evə gəlib-gedən, nənəm Mehri xanımla dostluq edən Nənəxanım adlı qoca bir arvad vardı, qara, köhnə çarşaba bürünüb gəzərdi... Onunla atam təsadüfən küçədə rastlaşmış, bir xahişini yerinə yetirmək üçün kimsəsiz qocanı evə gətirmiş və uçurum qarşısında duran bir ailəni fəlakətdən xilas etmişdi. Bu təsadüf atamın 1923-cü ildə qələmə aldığı “Anabacı” hekayəsinin yazılmasına səbəb olmuşdu. Qoca qadına edilmiş yaxşılıq müqabilində hədiyyə olaraq toxuduğu yun corabı təqdim edəndə atamın zəhmət haqqı vermək istəməsini o elə qəzəblə qarşılamış, ruhundakı etiraz o qədər güclü və əzəmətli olmuşdu ki, yazıçını qələmə müraciət etməyə, insan ləyaqəti haqqında əsər yazmağa ruhlandırmışdı...”
Yazıçı həyatda tanıdığı, müşahidə etdiyi Nənəxanımın və onun kimi onlarla insanın fərdi cizgilərini diqqətlə öyrənmiş, ümumiləşdirmə aparmış, parlaq, yaddaqalan ədəbi qəhrəmanını – Anabacı obrazını yaratmağa nail olmuşdur. Əsərin üzərində müşa­hi­də­lə­rinizi davam etdirin, bu obrazı yaradarkən müəllifin hansı bədii vasitələrdən və necə isti­fadə etdiyini aydınlaşdırmağa çalışın.
Mətnlə tanışlıqdan sonra şagirdlərin diqqəti “Araşdırın. Fikirləşin. Cavab verin” tap­şırığına yönəldilir. “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına daxil edilmiş bü­tün suallar tədqiqat sualının aydınlaşdırılmasına dəyərli töhfə verir. Başqa sözlə, əsərin möv­zusunun müəyyənləşdirilməsi, onda qaldırılmış problemin aydınlaşdırılması, ya­zı­çı mühakimələrinə diqqət yetirməklə baş qəhrəmanın səciyyələndirilməsi və s. tədqiqat sualına əsaslı cavab verilməsini təmin edir.

1. Hekayənin mövzusunu və onda qaldırılmış başlıca problemi müəyyənləşdirin. Gəldiyiniz nəticəyə əsasən cədvəldə qeydlər edin.

Əsərin mövzusu
Əsərdə diqqətə çatdırılan başlıca problem
Problemin həllini yazıçı nədə görür?
Problemin həlli barədə siz nə düşünürsünüz?





2. Anabacı obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.

Anabacı obrazı
Onun xarakterindəki başlıca cəhətlər
Müəllifin bu obraz haqqında mühakimələri
Sizin ona münasibətiniz




3. Hekayənin müəllifi haqqında sizdə hansı təsəvvür yarandı? Fikrinizi nümunələrlə əsaslandırın.

4. Əsərin bədii təsir gücü hansı vasitələrlə artırılmışdır? Cədvəldən istifadə edin.

Əsərin bədii təsir gücünü artıran vasitələr
Bədii təsvir və ifadə vasitələri (nümunələrlə əsaslandırmalı)
Obrazlı söz, ifadə və cümlələr (nümunələrlə əsaslandırmalı)
Təsvirlər (nümunələrlə əsaslandırmalı)




5. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Cədvəldən istifadə edin.

Əsərin əsas ideyası
Nə üçün belə düşünürsünüz?



Kiçik qruplarda işin təşkilinə üstünlük verən müəllim dərslikdəki tapşırığa yaradıcı ya­naşa bilər. Sualların dəyişdirilməsi, onlara əlavələr edilməsi, yeni cədvəl for­ma­la­rı­nın təklif edilməsi və s. müəllimin istəyindən asılı olaraq, həyata keçirilə bilər. Hər qru­pa iş vərəqində bir sual təklif edilsə də, bütün qrupların əlavə mənbələrlə təmin edil­mə­si məqsədəuyğundur. Məsələn, K.Talıbzadənin tərtib etdiyi “Şaiqanə yad et” (Bakı, 1981) kitabındakı “Həmişə yadımda olan insan” mətni hekayə ilə bağlı aparılan tədqiqat üçün maraqlı mənbədir. Eləcə də T.Əhmədovun “Abdulla Şaiq” (Bakı, 2009), “Əgər Şaiq olmasaydı” (Bakı, 2012) kitablarından seçilmiş bölmələrlə tanışlıq şagird­lə­rin daha səmərəli tədqiqat aparmalarına imkan yaradar.
Tədqiqat zamanı şagirdlərə hekayənin müəllifi və Anabacı obrazları ilə bağlı cavab­larında əsərdən aşağıdakı iki nümunəyə də münasibət bildirmələri tövsiyə edilir:
1.      Bir аz sоnrа bu qоcа və düşkün qаdınа əl tutmаq məqsədi ilə bir qədər pul vеrmək istərkən dik-dik üzümə bахdı. Sərt bir səslə:
– Bu nədir? Mən bunu sənə sаtmаq üçün gətirməmişəm. Оnun üçün bаzаr vаr. Bunu sənə bəхşiş gətirmişəm, – dеyə əllərini çаrşаbının аltındа bir-birinə sıхаrаq sахlаdı. О bu sözləri dеyərkən gözlərindəki ildırımlar tа qəlbimin içində pаrtlаyаn kimi оldu, yохsul, miskin bildiyim bu qаrının bu qədər qəhər və hiddəti qаrşısındа biiхtiyаr titrədim.
Hər zаmаn hüzn, iztirаblа məni yаrаlаyаn bu miskin qаdın bu dəfə məğrurluğu ilə məni qоrхutdu. Bir dаhа üzünə bахdım. Bu dəfə üzünə qəhər və hiddət qığılcımlarının yerinə vəzifələrini bitirmiş оlаnlаrа məxsus qürur rəngi çökmüşdü. Gözlərinin bахışı, ziyası qəlbinin rаhаt-rаhаt döyündüyünü göstərirdi. Hеç bir zаmаn görmədiyim bu rəng, bu işıq nədən dоğmuşdu?
2. Köhnə nəslin sоn qəhrəmаnı оlаn bu qаdın hələ qаrşımdа оturmuş, mənə mеydаn охuyur, həm də аtа-bаbаdаnqаlmа kеçmiş əхlаq və səciyyələrini bütün hаl və hərəkətləri ilə mənə аnlаdırdı. Аrtıq yаrım əsr əvvəlin cаnlı tаriхi оlаn bu qаdın, nəzərimdə dаhа böyümüş, dаhа cаnlаnmış, sanki mənə: “Yохsul оlsаm dа, qəlbim geniş, ruhum ucаdır” dеmək istəyirdi. Çох gözəl, bunu mən də еtirаf еdirəm. Lаkin, еy yüksək qаdın, söylə, altmış illik səfil bir həyаtın sənə yükləmiş оlduğu аğır yüklər bеlini bükmüş, gözlərinin nurunu аlmış, dizlərini taqətsiz etmiş olduğu hаldа, necə olmuş ki, qəlbinə, ruhuna tохunmаmışdır? Sən mənə bunu аnlаt!       
Cədvəllərlə işləməyə şagirdlər xüsusi maraq göstərirlər. Müəllim buna laqeyd qal­ma­malı, cədvəllərdəki tələblərə əhatəli cavab yazılmasına diqqət yetirməlidir. Cədvəl­lə­rin formasına, qeyd edildiyi kimi, müəllim yaradıcı yanaşa bilər. O, lazım gələrsə, cəd­vəllərə əlavələr etməkdə, yaxud onlarda sadələşdirmə aparmaqda sərbəstdir.
Məlumat mübadiləsi mərhələsində kiçik qrupların təqdimatlarının fəal dinlə­nil­mə­­si təmin olunur. Qrup sözçülərinin məlumatları necə, hansı səriştə ilə çat­dır­dıq­larına müəl­lim diqqət yetirir, təkrarların, əhəmiyyətsiz faktların xatırladılmasına yol verilmir. Bunun ehtiyatla və yerində həyata keçirilməsi şagird təqdimatlarının daha məzmunlu ol­­masında, həmin mərhələnin səmərəliliyində az rol oynamır. Bütün bunlara bax­ma­yaraq, cavablarda pərakəndəlik, əsaslan­dırıl­ma­mış müla­hi­zə­lər, birtərəfli yanaşma mü­şa­hidə edilir. Bunlar məlumatın müza­ki­rə­si və təşkili mər­hələsində aradan qaldırılır. Müzakirənin diskussiya xarakterli olma­sına, hər bir şagir­din öz fikrini sərbəst ifadə et­məsinə imkan yaradılır. Baş­lı­cası isə, hər qrupun cava­bına digər qrupların yaradıcı ya­naşmaları təmin edil­mə­li­dir. Başqa sözlə, hər bir qrupun şagirdləri digər qrup­ların əldə etdikləri nəticələrə təkcə təqdimatlar əsa­sında deyil, hekayə ilə bağlı qazandıqları bütün bilik və bacarıqlar zəminində ciddi münasibət bildirməli, tutarlı əla­və­lər etməli, onlarda zəruri düzəlişlər apar­ma­lı­dır. Məsələn, tapşırığın 2-ci sualı (Heka­yənin mövzusunu və onda qaldırılmış baş­lıca problemi müəyyənləşdirin. Gəl­di­yiniz nə­ticəyə əsasən cədvəldə qeydlər edin) üzərində işləyən qrupun təqdimatına digər qrup­lar mü­nasibət bildirərkən cədvəldə əksini tapmış bütün tələblərlə (əsərin möv­zusu; əsər­də diqqətə çatdırılan başlıca problem; problemin həllini yazıçı nədə görür; prob­le­min həlli barədə şagirdlərin özləri nə düşünür) bağlı öz mövqelərini ortaya qoy­malı­dır­lar.
Deyilənlərin ümumi ideya halına salınması, ümumiləşdirmənin aparılması növbəti mərhələdə həyata keçirilir.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması. Bu mərhələnin səmə­rə­li keçməsi müəllimin əvvəlcədən hazırladığı istiqamətləndirici suallardan xeyli də­rəcədə asılıdır. Bu, şagirdlərin müstəqilliyini və fəallığını əlindən almır, əksinə, onlara mənimsədiklərinə əsaslanmaqla fikirlərini ümumiləşdirmə əsasında ifadə etməyə imkan verir. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, “altmış illik səfil bir həyat” bu zərif qadının belini “ağır yüklərlə” büksə də, “gözlərinin nurunu” alsa da, “dizlərini taqətsiz etsə” də “qəlbinə, ruhuna toxuna” bilməmişdir. “Ata-babadanqalma keçmiş əxlaq və səciyyə” “köhnə nəslin qəhrəmanı olan” bu qadında mənlik, şərəf və ləyaqət hissini qoruyub saxlamışdır.
Çıxarılmış nəticələr şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə, tədqiqat sualı ilə müqayisə edilir.
 Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsa­sında aparmaq məqsədəuyğundur.

Qiymətləndirmə meyarları:
Səciyyələndirmə
Aydınlaşdırma
Şərhetmə
Münasibətbildirmə

I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Ədəbi qəhrəmanları müəllifin mühakimə­lərindən çıxış etmək­lə səciyyə­ləndir­məkdə çətinlik çəkir.
Ədəbi qəhrəmanları müəllifin mühakimə­lərindən çıxış et­mək­lə qismən sə­­­­ciy­­­yə­lən­dirir.
Ədəbi qəhrəmanları müəllifin mühakimə­lərindən çıxış et­mək­lə əsasən səciyyə­lən­dirir.
Ədəbi qəhrəmanları müəllifin mühaki­mələrindən çıxış et­məklə səciyyə­lən­dirir.
Hekayədə bədii təs­vir və ifadə va­si­tə­lə­rinin rolunu aydın­laş­dırmaqda çətinlik çəkir.
Hekayədə bədii təsvir və ifadə vasitələrinin rolunu suallar ver­mək­lə, müəllimin köməyi ilə aydınlaşdırır.
Hekayədə bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.
Hekayədə bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.




Hekayənin mövzu­sunu, ideya-bədii xüsusiy­yətlərini şərh etməkdə, əsas­landırılmış müna­sibət bildirməkdə çətinlik çəkir.
Hekayənin möv­zusunu, ideya-bədii xüsusiy­yətlərini şərh edir, suallar və müəllimin köməyi ilə əsas­lan­dırılmış münasibət bildirir.
Hekayənin mövzusunu, ideya-bədii xüsusiy­yətlərini şərh edir, münasibətini əksər hallarda əsaslandırır.
Hekayənin möv­zusunu, ideya-bədii xüsusiy­yət­lərini şərh edir, onlara əsaslan­dı­rılmış münasibət bildirir.
Hekayə ilə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini şərh etməkdə çətinlik çəkir.
Hekayə ilə bağlı təqdimat və çıxış­la­rında  müxtəlif mənbə­lərdən topladığı materiallara qismən əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini müəllimin köməyi ilə şərh edir.
Hekayə ilə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən topladığı materiallara əksər hallarda əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini  şərh edir.
Hekayə ilə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini şərh edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.


Комментариев нет:

Отправить комментарий