суббота, 28 сентября 2019 г.

Ədəbiyyat kurikulumu. Xüsusiyyətləri, məzmun xətləri, standartlar




Müasir məktəbdə ədəbiyyat tədrisinə yeni yanaşmanın ma­hiy­yəti hazırlanan kurikulum sənədlərində öz əksini tapmışdır. Ədə­biy­yat kurikulumunun ümumi orta və tam orta təhsil pil­lə­lə­rin­də qar­şıya qoyduğu məqsəd və vəzifələr təlimə ənənəvi baxışın, me­todik istiqamətin dəyişdirilməsini  qaçılmaz etmişdir.
Kurri­ku­lum  sözünün latınça mənası kurs, elm deməkdir. Bu ter­mindən 1876-cı ildən istifadə olunmağa başlanılıb. İlk fənn ku­rikulumları isə 1918-ci ildə ABŞ-da meydana gəlmişdir. Azər­bay­canda bu ter­min­dən keçən əsrin 90-cı illərindən etibarən istifadə olu­nur. Ku­ri­ku­lum təlimin məqsədi, məzmunu, standartları, tex­no­­lo­­gi­ya­la­rı­nı, son məqsədə çatmağın yolları, vasitə və üsulları, həm­çinin bu sahədəki fəaliyyətin səmərəliliyini yoxlamağın me­tod və  va­sitələrini özündə əks etdirən konseptual sənəddir.
Ədəbiyyat kurikulumunda şagirdlərin ədəbi təhsilinin məz­mu­nu­na aşağıdakı tələblər verilir:
1. Ədəbi təhsilin məzmununu şagirdlərin və cəmiyyətin tə­lə­ba­tı­na, dövlətin təhsil siyasətinə uyğunlaşdırmaq;
2. Məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, şa­gird­yö­nümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirmək;
3. Şagirdlərin təlim marağını, potensial imkanlarını nəzərə al­maq­la onlara  davamlı inkişaflarını təmin edən, müstəqil həyatda la­zım olan zəruri biliklərin və idraki, informativ-kommunikativ, psi­xo­motor  bacarıqların aşılanmasını təmin etmək;
Şəxsiyyətin inki­şa­fı­na dair yeni məqsədlər şagirddə məntiqi düşünmə, tənqidi yanaşma, müstəqil qərar qəbul etmək,  yaradıcı münasibət, bilikləri müstəqil əldə etmək, praktik problemləri həll etmək kimi idraki bacarıqların formalaşdırılmasını tələb edir.
4. Təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmət et­mə­yən, tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məlumat yönümlü məsələlərin daxil edilməsinə yol verməmək.
“Azərbaycan Respublikasında ümumi təhsilin milli kuri­ku­lu­mu” layihəsində ümumi və tam orta təhsil pillələrində  ədəbiyyat fən­ninin əsaslandırılması verilmiş, kursun əhəmiyyəti, məq­səd və vəzifələri dəqiqləşdirilmişdir. Kurikulumda qeyd edilir ki, özünə­məxsus inkişaf yolu keçmiş, iki min ildən artıq yaşı olan  Azər­baycan ədəbiyyatı dünya bədii mədəniyyəti xəzinəsinə dəyərli sənət abidələri bəxş etmişdir. Humanist və demokratik ideyaları par­laq şəkildə əks etdirən ədəbiyyatımızın ümumtəhsil məktəblərində tədrisi milli dövlətçilik maraqları baxımından böyük əhəmiyyət kəsb edir. Məktəb ədəbiyyat kursu həqiqi vətəndaşın və müasir dün­ya­görüşlü şəxsiyyətin yetişməsində mühüm payı olan fənlərdəndir.
Kurikulumda qeyd edilir ki, ümumtəhsil məktəblərində ədə­biy­yat tədrisinin məqsədi yüksək ideya-bədii dəyərə malik söz sənəti nü­munələrinin öyrədilməsi əsasında şagirdlərdə müasir dün­ya­görüşü, estetik zövq, mütaliə və həyati bacarıq­ların for­ma­laş­dı­rıl­ması, onların ədəbi təhsil, tərbiyə və in­ki­şafının təmin edilməsi, gənc nəslin milli və bəşəri mənəvi də­yər­lər zəminində tərbiyə al­ması, şifahi və yazılı nitqinin inkişaf etdirilməsidir.
Bu məqsədə nail olmaq üçün:
- söz sənətinin mahiyyəti, daxili qanunları barədə zəruri təsəv­vür­lərin yaradılması;
- milli ədəbiyyatımızın, eləcə də dünya ədəbiyyatından nümu­nə­lərin öyrədilməsi əsasında milli və bəşəri dəyərlərin, həyati ba­carıqların formalaşdırılması;
-      şagirdlərin zəruri ədəbi-nəzəri biliklərə yiyələnməsi;
-      bədii əsərin oxusu, təhlili və qiymətləndirilməsi üzrə zəruri bacarıqların yaradılması;
-      ifadəli oxu bacarığının formalaşdırılması;
-      şifahi və yazılı nitq bacarıqlarının aşılanması təmin edil­­li­dir.
Azərbaycan ədəbiyyatının tədrisi vasitəsilə:
Ümumi orta təhsil pilləsində incəsənətin bir növü kimi söz sə­nətinin – şifahi və yazılı ədəbiyyatın xalqın mənəvi sərvəti olması, hə­yatı, taleyüklü məsələləri özünəməxsus bədii vasitələrlə əks et­dir­­si barədə şagirdlərdə dolğun təsəvvür yaradılır.
Milli və dünya ədəbiyyatından seçilmiş kamil sənət nümunələri vasitəsilə məktəblilərdə sözə, söz sənətinə həssas, bədii-emosional münasibət formalaşdırılır, təhlil, dəyərləndirmə, fikirlərini  şifahi və yazılı çatdırmaq bacarığı inkişaf etdirilir.
Ədəbiyyat nəzəriyyəsi üzrə zəruri biliklərə və mütaliə mə­­niy­yətinə yiyələnən şagirdlərdə konfliktlərə, problemlərə, ədəbi nailiy­yət­lərə əsaslandırılmış münasibətin formalaşması təmin edilir.
Tam orta təhsil pilləsində şagirdlərin əsas təhsil pilləsində qa­zan­dıqları bacarıq və vərdişlər təkmilləşdirilməklə tarixi-xronoloji ar­dıcıllıqla Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yolu, ədəbi ənənə və əlaqələri, Azərbaycan və dünya ədəbiyyatının görkəmli ədəbi simalarının yaradıcılığından nümunələr öyrənilir, ədəbiyyat nə­zəriyyəsinə dair məlumatlar genişləndirilir, məktəblilərin ədəbi-bədii, tənqidi təfəkkürünün formalaşması təmin olunur.
Ədəbiyyat kurikulumunun fənyönümlü deyil, şəx­siy­yət­yö­nüm­lü, nəticəyönümlü, interaktiv, inteqrativ səciyyə daşıması, müəl­­lim və şagirdin əməkdaşlığına əsaslanan mahiyyəti, ümumi orta və tam orta təhsil pillələrində bu fənnin tədrisinin yeni metodik sisteminin yaradılmasını zəruri edir. Təhsil prosesləri ilə bağlı bütün fəaliy­yət­lərin səmərəli təşkilinə  hərtərəfli imkan ya­radan bu sənəd ənənəvi tə­lim proqramı, tədris planı, plan­laş­dırmadan köklü şəkildə fərq­lənir.
Məlumdur ki, ədəbiyyat proqramlarında tədris planındakı  saat­lara uyğun olaraq konkret mövzular, bədii mətnlər müəy­yən­ləş­dirilir, hər mövzuya ayrılan dərs saatları göstərilir. Kurikulum isə müəl­­limin məzmun xətlərindən, təlim nəticələrindən, verilən me­to­dik tövsiyələrdən, nümunələrdən, konkret sinfin hazırlıq sə­viy­yə­sin­dən çıxış edərək mövzuları, bədii mətnləri, bu və ya digər möv­zuya ayrılan saatları müstəqil müəy­yən­ləşdirməsinə yol açır.
Ənənəvi fənn proqramlarının elmi təmayülünə uyğun olaraq müəllim çalışır ki, şagirdlərə mümkün qədər çox elmi  bilik versin. Sanki hər bir şagird gələcəkdə mütləq ədəbiyyatçı olmalı, bədii əsər yazmalıdır. Nəticədə ədəbiyyat dərs­lərində şagirdin beyni həyatda ona lazım olmayacaq lüzumsuz bilik və məlumatla yüklənir.
Ədəbiyyat kurikulumunda isə şəxsiyyətə lazım olan həyati ba­ca­rıq­­ların (bilik və idraki, sosial və praktik bacarıqlar) formalaş­dırılması diqqət mərkəzində saxlanılır, ümumi orta, tam orta təhsil pillə­lərində hər sinif üçün bu bacarıqlar üzrə təlim nəticələri dəqiq gös­tərilir. Şəx­siyyətin inkişafına dair yeni məqsədlər şagirddə mən­­tiqi düşünmə, tənqidi yanaşma, müstəqil qərar qəbul et­mək,  yara­dıcı münasibət, bilikləri müstəqil əldə etmək, praktik prob­lemləri həll etmək kimi idraki bacarıqların formalaş­dırıl­masını tələb edir.
Kurikulum sənədlərində şagirdlərdə mütaliə bacarıqlarının for­malaşdırılması mühüm vəzifə kimi qarşıya qoyulur. Bu, ədəbiyyat müəl­liminin fəaliyyətinin əsas istiqamətlərindən olub təlimin prak­tik yönümün gücləndirilməsini təmin edir. Məlumdur ki, bilik­lərin mənimsənilməsi, onları fəal tətbiq etməyə imkan ve­rən bacarıqların formalaşdırılması şəxsiyyətin yaradıcılıq im­kan­la­rı­nın aşkara çıxa­rıl­masına və inkişaf etdirilməsinə, mənəvi-estetik ba­xımdan zən­gin­ləş­məsinə imkan yaradır.
Ədəbiyyat kurikulumunda ümumi orta və tam orta təhsil pil­lə­lə­rində şagirdlərin hansı bacarıqlara yiyələnməli olduğu dəqiq gös­tə­rilmişdir. Müəllim məktəblilərin bilik və bacarıqlardan üzvi əla­qə­də istifadə etməsinə xüsusi diqqət yetirməli, mütaliə ba­ca­rıq­ları si­nif­dən-sinfə keçdikcə yeni, daha mürəkkəb əsərlər üzərində tət­biq edi­lərək dərinləşdirilməlidir.
Məktəbdə bədii əsər üzrə işin özünəməxsus strukturu, məntiqi ar­dıcıllığı vardır ki, bunlardan kurikulumda da imtina etmək müm­kün deyildir. Bədii mətnin oxusu, məzmununun mənimsənilməsi (əsə­rin ilkin qav­ra­nıl­ma­sı, tanış olmayan söz və ifadələrin müəy­yən­ləşdirilməsi, mə­na­sı­nın aydınlaşdırılması, plan tərtibi, nağıletmə və s.) əsərin təhlili (möv­zu, ideya, problem, obrazlar baxımından təhlil və qiy­mət­lən­di­ril­mə) üzrə bacarıqların formalaşdırılması prosesində şa­girdlərin yaş xü­susiyyətləri, qavrama imkanları nəzərə alınmalı­dır.
Məlumdur ki, şagirdlərin mütaliə bacarıqlarına yiyələnməsi ədə­biyyata marağın artırılması, əsərdə qaldırılan problemlərin, onun ideya-məzmununun, sənətkarlıq xüsusiyyətlərinin qavranılması üçün zəruri şərtdir. Dərsə hazırlıq mərhələsində ədəbi-bədii nü­mu­nə­lər üzrə iş planlaşdırilarkən hansı bacarıqlar üzrə iş aparılacağı də­qiqləşdirilir. Məktəblilər dərsdə mətni mənimsəməklə yanaşı, mətn üzərində iş üsullarını öyrənir.
Mütaliə bacarıqlarının formalaşdırılması üzrə iş bədii əsərin təhlili zamanı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi  ba­xı­mın­dan zəruridir. Mütaliə bacarıqlarına yiyələnən şagirdlər ob­raz­ların xarakteri, davranışı, başqalarına münasibətində, qəhrəmanlara müəllif münasibətində, yazıçı sənətkarlığında əvvəl nəzərdən qa­çırdıqları yeni cəhətləri üzə çıxarırlar. Nəzərə almaq lazımdır ki, adətən bədii təhlil zamanı bir yox, bir neçə bacarığın for­ma­laş­dı­rıl­ması üzrə iş aparılır.
Kurikulumda hər sinifdə məktəblilərin hazırlıq səviyyəsinə uyğun olaraq əsə­rin süjetindəki səbəb-nəticə əlaqələrinin, problem və konfliktlərin, qəh­rəmanların xarakterinin, hərəkət və davranış­la­rı­nın, müəllif möv­qeyinin, sənətkarlıq xüsusiyyətlərinin müəy­yən­ləşdirilməsi, on­lara əsas­landırılmış münasibət bildirilməsi üzrə ba­ca­rıqların for­malaş­dırılması ön plana çəkilir.
Kurikulumda bədii əsərin oxusu, qavranılması, təhlili, şifahi və ya­zılı nitqin inkişafı üzrə bacarıqlar varislik, ardıcıllıq, sadədən mü­rək­kəbə, asan­dan çətinə prinsipi gözlənilməklə siniflər üzrə də­qiq­ləşdirilmiş, böl­mələr üzrə yerləşdirilmişdir.
Ədəbiyyat kurikulumunun mühüm xüsusiyyətlərindən biri bu­ra­da ədəbiyyat təlimi qarşısında qoyulan məqsəd və vəzifələr, ümu­mi orta və tam orta təhsil pilləsində gözlənilən təlim nəticələri nə­zərə alınmaqla məzmun xətlərinin müəyənləşdirilməsidir. Ədə­biy­­yat fənni üzrə 3 məzmun xətti müəyyənləşdirilmişdir: 1. Ədə­biy­­­­yat və həyat həqiqətləri; 2. Şifahi nitq; 3. Yazılı nitq.
Ədəbiyyat və həyat həqiqətləri məzmun xətti ümumi orta təh­­sil pilləsində bədii ədəbiyyatda əksini tapan milli-bəşəri də­yər­lərin, mənəvi-estetik problemlərin qavranılması, təhlili, onlara əsas­lan­dırılmış münasibətin formalaşdırılması, mürəkkəb həyat ha­di­sə­lə­rinin, ziddiyyətli situasiyaların dərk edilməsinə və qiy­mət­lən­di­ril­məsinə zəmin yaradır. Bədii həqiqətlə həyat həqiqətlərinin mü­qa­yi­sə­si, əlaqələrin açıqlanması söz sənətinin mahiyyətinin başa dü­şül­mə­sinə, eləcə də insan həyatında, cəmiyyətdə müşahidə edilən mü­hüm hadisələrin dərk edilib dəyərləndirilməsinə səbəb olur.
Söz sənəti olmaqla ədəbiyyatın incəliklərinin, obrazların, bədii təs­vir və ifadə vasitələrinin mənimsənilməsi müxtəlif ədəbi növdə və janrda olan əsərlərin mütaliəsinə maraq oyadır, mətnin ifadəli oxusu ilə bağlı bacarıqları inkişaf etdirir, şifahi və yazılı nitq üçün zə­ruri olan lüğət ehtiyatını zənginləşdirir.
Ədəbiyyat və həyat həqiqətləri məzmun xətti tam orta təhsil pil­ləsində ədəbiyyat nümunələrinin öyrənilməsi, müxtəlif informasiya mən­bələrindən seçilmiş materialların mövzu, ideya, dil və üslub xüsusiyyətləri baxımından dəyərləndirilməsinə imkan yaradır, in­for­ma­siyaların faktlara əsaslanmaqla tənqidi araşdırılmasını təmin edir, müxtəlif ədəbi növlərdə və janrlarda olan ədəbi əsərlərdəki problem və konfliktlərin, ictimai-siyasi həyatdakı mühüm ha­di­sə­lə­rin ümum­bə­şəri və  milli mənəvi dəyərlər baxımından qiy­mət­lən­di­ril­məsi üçün əsas olur.
Şifahi nitq məzmun xətti ümumi orta təhsil pilləsində ədəbi nü­munələrlə bağlı fikirlərin  obrazlı sözlərdən, bədii təsvir və ifadə va­sitələrindən istifadə etməklə aydın, ardıcıl, məqsədyönlü və yığ­cam ifadə edilməsinə imkan yaradır.
Şifahi nitq məzmun xətti tam orta təhsil pilləsində ədəbi əsər­lərin məzmun və ideyası ilə bağlı fakt və hadisələrə əsaslandırılmış mü­nasibət bildirilməsini, bədii-obrazlı ifadələrdən  istifadə olun­ma­sını təmin edir, müxtəlif mənbələrdən toplanmış materiallara əsas­lanmaqla müzakirələrdə ədəbi nailiyyətlərə müstəqil münasibət bildirilməsinə imkan yaradır.
Yazılı nitq məzmun xətti ümumi orta təhsil pilləsində mövzu, problemlə bağlı müxtəlif mənbələrdən informasiyaların, fakt və dəlillərin seçilməsini, ümumiləşdirilməsini, fikrin aydın, dəqiq çat­dı­rılmasında onlardan istifadə olunmasını təmin edir. Müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, esse, hekayə) yazılara dair bacarıqların formalaşmasına imkan yaradır.
Tam orta təhsil pilləsində yazılı nitq məzmun xətti müxtəlif üs­lublarda yazıların yazılmasını, görkəmli ədəbi şəxsiyyətlər, ədə­biy­yat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə təqdimatların ha­zır­lanmasını təmin edir.
Kurikulumun həyata keçirilməsi zamanı müəllim məzmun xət­ləri və standartlarınin  şəxsiyyətin problemi həlletmə, mü­ha­ki­mə yürütmə və əsaslandırma, təqdimetmə, tətbiqetmə, mü­qa­yisə, əlaqə­ləndirmə və s. fəaliyyət standartları ilə kəsişməsinə nail olmalıdır.
Kurikulumda məzmun xəttinə uyğun olaraq hər sinifdə təlim stan­dartlarının və nəticələrinin müəyyənləşdirilməsi müəllimin istər ayrı-ayrı dərslərdə, istərsə də bütövlükdə tədris ili ərzində öz fəaliy­yətini məqsədyönlü qurmasına imkan verir. Müəllim dərs ilinin so­nun­da hansı təlim nəticələrini əldə etməli olduğunu dəqiq bildiyi üçün şagirdlərdə həmin təlim nəticələrinə uyğun bacarıqların for­ma­laş­dırılması üzrə ardıcıl, sistemli iş aparır.
Milli Kurikulum çərçivə sə­nədində “Ədəbiyyat” fənni üzrə ümumi orta və tam orta təhsil pil­lələri üçün aşağıdakı ümumi təlim nəticələri müəyyən edilmişdir:

Ümumi orta təhsil pilləsi (V-IX siniflər) üzrə şagird:

- ədəbi-bədii  nümunələri onların məzmunundan irəli gələn mə­na çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhətdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir;
- yazılı nitqində məzmuna uyğun üslub müəyyənləşdirir, or­foq­rafiya və orfoepiya qaydalarına əməl edir, söz ehtiyatından səmərəli is­tifadə edir, fikirlərini ardıcıl və məntiqi ifadə edir, ümu­mi­ləş­dir­mələr  aparır;
- ədəbi nümunələrlə bağlı fikirlərini aydın, ardıcıl, məq­səd­yönlü, yığcam, yeri gəldikcə bədii təsvir vasitələrindən istifadə et­mək­lə  şərh edir;
- müxtəlif janrlarda yazılmış mətnlər üzərində sərbəst işləyir, onlarda ifadə olunmuş əsas ideyanı şərh edir, mətni məzmununa uyğun hissələrə ayırır və müvafiq plan tərtib edir;
- şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətlərini, xa­rak­terik xüsusiyyətlərini konkret nümunələrlə izah edir, öz fikirlərini mü­qayisələr aparmaqla əsaslandırır;
- ədəbi əsərləri məzmun və ideya istiqamətinə, sənətkarlıq cə­hət­lərinə, obrazların səciyyəsinə görə təhlil edir, öz şəxsi mü­na­si­bə­tini, mülahizələrini bildirir;
- ədəbi əsərlərin kollektiv müzakirəsi zamanı başqalarının fik­rinə tolerant, obyektiv və ədalətli münasibət göstərir, öz mü­la­hi­zə­lə­rini əsaslandırır, ümumi rəyə gəlməyi bacarır.
Tam  orta təhsil pilləsi (X-XI siniflər) üzrə şagird:
- oxuduğu ədəbi nümunələri bədii-emosional və obrazlı qav­ra­dı­ğını nümayiş etdirir;
- ayrı-ayrı mövzulara dair müvafiq üslublarda yaradıcı xarak­terli yazılar yazır;
- mövzu, süjet, kompozisiya, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi baxımından ədəbi nümunələr üzərində araşdır­ma­lar aparır;
- ədəbi nümunələri mövzu, janr, problem baxımından müqayisə edir, əsaslandırılmış rəy bildirir;
- ədəbi əsərin məzmununa və ideyasına onun yarandığı dövrdə mövcud olan ictimai-siyasi və əxlaqi-etik dəyərlər kontekstində qiymət verir;
- ədəbi mövzulara aid tədbirlərin təşkilində iştirak edir, ədəbi nailiyyətlərə münasibət bildirir;
- mənbələr üzərində işləyir, görkəmli ədəbi şəxsiyyətlər, ədə­biy­yat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə materiallar top­layır, müxtəlif ədəbi mövzularda təqdimatlar hazırlayır.
Ayrı-ayrı məzmun xətlərinin mahiyyətinin kurikulumda ay­dın­laş­dırılması müəllimə dərsdə müzakirə üçün ədəbi-bədii nü­mu­nə­lə­rin seçilməsində müəyyən sərbəstlik verir. Kurikulum üzrə dərs­lər­də müzakirə üçün bədii əsərlərin aşağıdakı meyarlar üzrə seçil­mə­si məq­sədəuyğundur:
-        əsərin yüksək ideya-bədii dəyərə malik olması;
-        söz sənəti nümunələrinin janr, mövzu müxtəlifliyi, aktual mənəvi-estetik problemləri əks etdirməsi;
-        Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatından seç­mə­lərə yer verilməsi;
-        əsərin humanist istiqaməti, şagird şəxsiyyətinə müsbət təsiri;
-        əsərin şagirdlərin inkişafı məqsədlərinə, maraq dairəsinə, yaş və qavrama xüsusiyyətlərinə uyğun olması;
Bədii nümunələr seçilərkən mədəni-tarixi ənənələrimiz nəzərə alın­malı, milli ədəbi təhsil  sisteminin zəngin təcrübəsindən istifadə edil­məlidir.
Ədəbiyyat kurikulumunda qarşıya qoyulan təlim nəticələrinə nail olmaq üçün yalnız dərslik, iş dəftəri, müəllim üçün metodik və­sa­it hazırlanması, nəşri kifayət deyildir. İstər müəllim, istərsə də şa­girdlər üçün bilavasitə ədəbiyyat təlimi ilə əlaqədar elmi- metodik tə­minat, əlavə mənbələr, resurslar olmalıdır.
Ədəbiyyat fənni üzrə əlavə mənbələri (resursları) aşağıdaki kimi qrup­laş­dır­maq olar:
1.      Ədəbi ensiklopediyalar
2.      Ədəbiyyat üzrə məlumat, sorğu kitabları
3.      Ədəbiyyat lüğətləri
4.      Ədəbiyyatla bağlı elmi-kütləvi kitablar
5.      Zəngin kitabxana fondu (elektron kitabxana, elektron dərs­lik­lər daxil olmaqla)
6.      Məktəb elektron məsləhət xidməti
7.      Kompyuter proqramları ilə iş, internetə çıxış, video çəkiliş, mətnin surətini çoxaltmaq imkanları və s.
8.      Ədəbiyyat kurikulumunun mahiyyətini, həyata keçirilməsini izah edən, aydınlaşdıran metodik vəsaitlərin (müəllim üçün) ha­zır­lan­ması, nəşri.
Digər mühüm məqam öyrəniləcək bədii əsərlərin sayı ilə bağ­lıdır. V-XI siniflər üçün ədəbiyyat proqramlarına onlarla lirik, epik, dra­matik əsər daxil edilmişdir. Kurikulum üzrə isə dərslərdə öy­rənilən əsər­lərin kəmiyyət baxımından çox olması məqbul sa­yılmır. Əsas mə­sələ  bədii əsərin ideya-bədii məzmununun dərin­dən mə­nim­sə­nil­məsi, bu yolla mövzu, problem, əsərin sənətkarlıq xüsusiy­yətləri, ədə­bi növ, janr barədə mükəmməl bilik əldə edilməsidir.
Kurikulumda ümumi orta təhsilin (V-IX siniflər) icbariliyi  nəzərə alınmışdır. Bu, əsas götürülərək ümumi orta təhsil pilləsini bitirən şa­gird­lərin şifahi xalq ədəbiyyatı, qədim və orta əsrlər, yeni dövr, ən yeni dövr ədəbiyyatından seçmələri öy­rən­məsi, Azərbay­can ədə­biy­yatının ümumi inkişaf yolu barədə  biliklərə yiyələn­məsinə im­kan yaradılır. Ümumi orta təhsilin VIII-IX si­nif­lə­rin­də ədəbiyyatdan seçmələrin xronoloji ar­dı­cıl­lıq­la, varisliyi göz­lə­mək­lə öyrənilməsi təmin olunur.  
Tam orta təhsil pilləsində təlimin təmayülləşməsi (hu­­ma­ni­tar, texniki, təbiət fənləri və s.) tələbi nəzərə alınaraq ədəbiyyatın tarixi-ədəbi əsasda tədrisi, müxtəlif dövrlərdə yaranan, ədəbi növ, janr baxımından fərqlənən, ayrı-ayrı ədəbi cərəyanlara məxsus əsərlərin dərindən öyrənilməsi məqsədəuyğundur. Bu təhsil pilləsində təlim məqsəd­lə­ri, şagirdlərin yaş və bilik səviyyəsinə uyğun olaraq nis­bətən iri­həcm­li, müasir insanı düşündürən mürəkkəb problemləri, həyati kon­­fliktləri, sosial siyasi  həyatdakı mühüm hadisələri, tale­yük­lü mə­sələ­ləri, milli və ümumbəşəri mənəvi dəyərləri yüksək sənət­kar­­lıqla əks etdirən əsərlərin öyrənilməsi vacib sayılır.
Həllini gözləyən problemlərdən biri də sənətkarın tərcümeyi-halı­nın öyrənilməsi ilə bağlıdır. Kurikulum üzrə ədəbiyyat dərs­lik­lə­rin­də sənətkarın tərcümeyi-halı barədə faktların, rəqəmlərin, yer, şəxs, əsər adları ilə yüklənmiş mətnlərin verilməsinə ehtiyac yox­dur. Ku­ri­kulum üzrə dərslərdə müəllimin yığcam təqdimatından son­ra sə­nətkarın yaradıcı şəxsiyyəti barədə zəruri məlumatları şagird­lərin tövsiyə olunan müxtəlif mənbələrdən  müstəqil şəkildə top­laması, bu barədə çıxışlar, təqdimatlar hazırlaması daha fay­dalıdır.
Ədəbiyyat

1.    Azərbaycan Respublikasının Təhsil Qanunu. “Azərbaycan müəl­limi”, 11 sentyabr,  2009 N 35 (8348).
2.     Azərbaycan Respublikasında ümumi təhsilin milli kur­ri­ku­lu­mu. Bakı. 2006.
3.    Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədə­­biyyat fənni kurikulumu. V-XI siniflər. (Təlim Azərbaycan di­lin­də olan məktəblər üçün) “Azərb. müəllimi” qəzeti, 24 dek. 2010 N 50.
4.    Ümumi təhsilin fənn standartları (I-XI siniflər) Bakı: Mütərcim, 2012.
5.    Abbasov Ə. Yeni fənn kurikulumlarının səciyyəvi cəhətləri. Azərbaycan məktəbi, 2007 №1, s.60-68.
6.       Əhmədov C.M. Ədəbiyyatın tədrisi metodikası. Bakı: BDU-nun nəşri, 1992.
7. Həbibbəyli İ., Həsənov B., Mustafayeva A., Əliyev S. Ədəbiyyat. 11-ci sinif üçün dərs­lik. Bakı: Bakınəşr,   2019.
8. Həsənov B., Mustafayeva A., Əliyev S. Ədəbiyyat. 11-ci sinif.  Müəllim üçün metodik vəsait. Bakı: Bakınəşr,   2019.

9.       Həsənli B., Hüseynoğlu S., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat.V sinif.  Müəllim üçün metodik vəsait.Bakı: Bakınəşr, 2016.

10.    Həsənli B.A. Ədəbiyyatın tədrisi metodikası. Bakı: Bakınəşr, 2014.
11.    Həsənli B.A., Nəcəfov N. Ədəbiyyat. 9-cu sinif üçün dərs­lik. Bakı: Çaşıoğlu,  2009.
12.    Həsənli B.A.,  Mustafayeva A., Hüseynoğlu S., Verdiyeva N. Ədəbiyyat. 9-cu sinif üçün dərs­lik. Bakı: Bakınəşr,   2016.
13.       Həsənli B., Hüseynoğlu S., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat.V sinif.  Müəllim üçün metodik vəsait.Bakı: Bakınəşr, 2016.
14.    Həsənli B.A., Hüseynoğlu S., Quliyev Ə.Q. Ədəbiyyat.             6-cı sinif üçün dərslik. Bakı: Çaşıoğlu,  2009.
15.    Həsənli B., Hüseynoğlu S., Məmmədova S., Mustafayeva A. Ədəbiyyat. VII sinif. Müəllim üçün metodik vəsait. Bakı: Bakınəşr, 2014.
16.    Həsənli B., Hüseynoğlu S., Mustafayeva A., Verdiyeva N. Ədəbiyyat. VIII sinif. Müəllim üçün metodik vəsait. Bakı: Bakınəşr, 2014.
17.    Həsənli B., Mustafayeva A., Hüseynoğlu S., Verdiyeva N. Ədəbiyyat. IX sinif. Müəllim üçün metodik vəsait. Bakı: Bakınəşr, 2014.
18. Həsənov B., Hüseynoğlu S., Mustafayeva A. Ədəbiyyat. X sinif. Müəllim üçün metodik vəsait. Bakı: Bakınəşr, 2014.  
  19. Hüseynoğlu S.,  Həsənli B.A.,  Mustafayeva A.Ədəbiyyat. 10-cu sinif üçün dərs­lik. Bakı: Bakınəşr,   2018. 
20.   Hüseynoğlu S. Ədəbiyyat dərslərində yeni texnologiyalar: Fəal/ interaktiv təlim. Bakı, 2009.
21.    Hüseynoğlu S., Həsənli B., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. V sinif  üçün dərslik. Bakı: Bakınəşr,2016.
22.    Hüseynoğlu S., Həsənli B.,  Məmmədova S., Mustafayeva A. Ədəbiyyat. VII sinif  üçün dərslik. Bakı: Bakınəşr,2016.
23.    Hüseynoğlu S., Həsənli B.,  Mustafayeva A., Verdiyeva N., Məmmədova S.,  Ədəbiyyat. VIII sinif  üçün dərslik. Bakı: Bakınəşr, 2014.
24.       Hüseynoğlu S., Həsənli B., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün dərslik. Bakı: Bakınəşr, 2016.
25.  Quliyev Ə.Q., Hüseynoğlu S., Həsənli B.A. Ədəbiyyat fən­nin­dən metodik vəsait. Bakı, 2003.



Комментариев нет:

Отправить комментарий