пятница, 22 апреля 2016 г.

ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ ŞAGİRDLƏRDƏ BƏDİİ ƏSƏR ÜZRƏ MÜHAKİMƏ XARAKTERLİ ESSE YAZMAQ BACARIĞININ FORMALAŞDIRILMASI


 Birinci saat: Mühakimə xarakterli esseyə hazırlıq.

Standartlar
Təlim nəticələri
2.2.1. Müzakirələrdə ədalətlilik və obyektivlik nümayiş etdirir.
Fərqli fikirlərə ədalətli,obyektiv münasibət bildirir.
3.1.1. Mövzu ilə bağlı əlavə mənbələrdən topladığı materialları əlaqələndirir, yazısında istifadə edir.
Müxtəlif mənbələrdən topladığı fikirləri əlaqələndirib istifadə edir.

Dərsin gedişi
Motivasiya. Buna müəllimin ədəbiyyat kabinetində saxladığı esse nümunələrinə baxış  və fikir mübadiləsinin  aparılması ilə nail olmaq mümkündür. Bu iş növü həm də motivasiyaya zəmin yaradır. Şagirdlərə sualla müraciət edilir: Mühakimə xarakterli esse dedikdə nə başa düşürsünüz? Belə esselərdə daha çox nəyə diqqət yetirilir?
Bu suallarla bağlı şagirdlərin rəy mübadiləsi, müzakirə aparması faydalıdır.
Tədqiqat sualı: Mühakimə xarakterli esse necə yazılır?
Şagirdlərin müxtəlif fikir və mülahizələri dinlənilir, lövhədə qeyd edilir.
Şagirdlərə izah edilir ki, essedə əsər və ya ondan bir parça üzrə şagirdin düşüncələri, əsərə müstəqil, əsaslandırılmış münasibəti əks olunur. Şagird əsərin ideya və məzmunundan çıxış edərək mühakimə xarakterli mətn hazırlayır.
Mühakimə xarakterli essedə şagirdin əsər barədə təəssüratları, fikir və mülahizələri əsas yer tutur. Odur ki, şagirdin ilk növbədə mövzuya diqqət yetirməsi zəruridir. Şagirdlərin əsərin məzmununu dərindən mənimsəmələri, oradakı qəhrəmanları səciyyələndirməsi, başlıca fikri müəyyənləşdirməsi  essenin yazılmasına hazırlıq işlərində mühüm əhəmiyyət kəsb edir. Dərsdə şagirdlərin diqqəti esse ilə bağlı aşağıdakı məsələlərə yönəldilir:
-          essenin məzmunu, maraqlı olması üçün mövzunun aydınlaşdırılıması;
-          yazı işində qarşıya məqsəd qoyulması;
-          giriş hissəsinin düşünülməsi. ( esseyə necə başlamaq lazımdır?)
-          əsas hissədə əks etdiriləcək fikirlərin dəqiqləşdirilməsi( əsərdə qaldırılan problemə, qəhrəmanlara, ideyaya münasibətin əsaslandırılması)
-          nəticə (əsərlə bağlı mühakimələrdən ümumi nəticə çıxarılması)
Şagirdlərə xatırladılır ki, onlar ədəbiyyat dərslərində  öyrənilən əsərlərin təhlili üzrə bilik və bacarıqları inşa yazıda tətbiq edir, dərinləşdirirlər. Mühakimə xarakterli essedə əsərin bədii xüsusiyyətlərinə (dilin aydınlığı, obrazlılığı və s.)  də münasibət bildirilməlidir.
Tədqiqatın aparılması mərhələsində Əzizə Cəfərzadənin “Çörək” hekayəsinin oxusu təşkil edilir.
Biri var idi, biri yox idi, öz əlinin zəhməti ilə çörəyini qazanan Etibar adında bir kişi var idi.Bu kişinin gülərüz, mehriban arvadı, bir-birindən xırda on iki balası var idi. Etibar kişi hər səhər gün çıxmamışdan yerindən durub cütünü qoşar, yer şumlar, taxıl əkər. Sular, alnının tərini tökə-tökə qızmar yayda  biçin biçər, xırman döyərdi. Bu ağır zəhmətlə başa gələn çörəyin də  qədir-qiymətini, hörmətini yaxşı bilərdi. Bir dəni çöldə qoymaz, bir tikə çörəyin ayaq altına düşməsinə razı olmazdı. Odur ki, bərəkət də ondan qaçmaz, nemət başından yağardı.
Günlərin birində bu ölkənin padşahı ovdan qayıdanda yolu Etibar kişinin evinin yanından düşdü. Gördü ki, səliqə-səhmanlı həyətdə bir dəstə uşaq oynaşır. Hamısı da böyüklü-kiçikli bir-birinə oxşayır. Deyəsən, bacı-qardaşdılar. Hamısının da yanağından qan damır. Elə bil ölkədəki qıtlıqdan heç bunların xəbəri yoxdur. Şah darğanı çağırtdırıb elə atüstü hal-əhval tutdu, soruşdu:
-          Bu ev kimindir, bu külfət, bu colma-cocuq kimindir?
Darğa qorxa-qorxa dedi:
-          Cütcü Etibar kişinin həyətidir. On iki də xırda-xırda uşağı var.
Şahı heyrət götürdü:
-          Yaxşı, bu qıtlıq zəmanədə o, bu külfəti necə dolandırır? Yəqin ata-babasından ona çoxlu qızıl-gümüş qalıb.
-          Xeyr, bircə cütü var. Daha heç nəyi yoxdur.
Şah danışdıqca onun ağıllı vəziri həyətə, burada oynaşan uşaqlara göz qoymuşdu. Nə fikrə gəldisə, birdən sözə qarışdı:
-          Bunun bircə sirri var. Mən, deyəsən, o sirri tapmışam.
Şah maraqla soruşdu:
-          Nədi?
Vəzir gözünü həyətdən çəkmədən cavab verdi:
-          Bu evdə çörəyə hörmət var. Bir bax, o qədər uşaq olan həyətdə ayaq altında bir qırıq çörək  yoxdur.
Elə bu vaxt Etibar kişinin arvadı təndirxanadan çıxdı.Başındakı tabaqda qıpqırmızı qızarmış lalagükü çörəklər buğlanır., sarı buğda çörəyinin ətri burnuna dəyənləri bihuş eləyirdi. Uşaqlardan kiçikləri anasının qıçlarına sarmaşdılar:
-          Ana, qoğal, ana, kökə...
Arvad heç körpələrinə tərəf əyilmədi, evə doğru irəlilədi və uşaqlara belə cavab verdi:
-          Gedin əlinizi tərtəmiz yuyun, mən də evdə süfrə salım, gəlin oturun, çörəyi orda yeyin.
Bunu eşidən vəzir dedi:
-          Görürsünüzmü, bu evdə çörəyin qədir-qiyməti böyükdür.
Şah dedi:
-          Yaxşı, bax, ola bilməz ki, çörəkdən bir qırıq ayaq altına düşməsin, axı onlar uşaqdırlar.
-          Yox, hökmdarım, görünür ki, ana onlara təndir çörəyini lazım olan qədər verir. Təndir çörəyi ovulmur. Uşaqlar artıq dişdəmi, loxmanı yerə atmırlar.
Padşah saraya qayıtdı. Nə düşündüsə, səhər belə bir əmr verdi: Ölkədə heç kəs təndir çörəyi bişirməsin. Hamı yalnız yuxa, nazik lavaş, sac çörəyi bişirib yesin.
            Bir müddət sonra padşah vəzirə dedi:
-          Vəzir, bilmirsən, o cütçü necədir?
-          Darğa deyir ki, bu il də buğdası yaxşı gəlib. Bərəkət başından yağır.
Şah ata minib dedi:
-          Gedək, vəzir, öz gözümlə görməsəm, inanmaram.
Onlar söhbətləşə-söhbətləşə Etibar kişinin həyərinə çatdılar. Gördülər ki, həyətdə oynayan uşaqların hər birinin boynundan ağ, təmiz parçadan tikilmiş kiçik bir torba asılıb. Uşaq lavaş-yuxa yemək istəyəndə ağzını torbaya tutub yeyir və qırıntılar da ora tökülür. Bunu görən vəzir dilləndi:
-          Gördünüzmü, hökmdarım? Bu yurddan çörək əskik olmaz. Burda onun qədrini də bilirlər, hörmətini də. Onu ayaq altına düşməyə qoymurlar.
Əsərlə tanışlıqdan sonra müəllim şagirdlərə essenin  mövzusu üzrə suallarla müraciət edir:
1.Qıtlıq zamanı Etibar kişinin ailəsi necə dolanır?
2.Şah nə üçün həyətdəki uşaqları görəndə təəccüblənir?
3. Vəzir Etibar kişinin ailəsinin firavan dolanmasının səbəbini nə ilə izah etdi?
4. Şah saraya qayıdanda nə əmr etdi?
5.Etibar kişinin həyətinə çatanda şah nəyin şahidi oldu?
Əsərin  məzmunu üzrə müsahibədən sonra şagirdlərin diqqəti aşağıdakl məsələlərə yönəldilir:
- obrazların xarakterindəki başlıca cəhətlərin aşkara çıxarılması və münasibət bildirilməsi;
- obrazların davranış və əməllərindəki özünəməxsusluğun müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
- obrazlara yazıçının münasibətinin aydınlaşdırılması, mühakimədə nəzərə alınması;
- əsərdəki başlıca fikrə münasibət bildirilməsi;
- əsərin bədii təsir gücünü artıran vasitələrə diqqət yetirilməsi.
- əsərlə bağlı fikir və malahizələrin əsaslandırılması.
Şagirdlərə əsərin təhlili üzrə suallarla müraciət edilir:
1.      Xalqımızın çörəklə bağlı hansı adətləri var?
2.      Əsər hansı mövzuda yazılıb?
3.      Etibar kişi ailəsinin çörəyə münasibəti sizə necə təsir etdi?
4.      Əsərdəki başlıca fikir nədən ibarətdir?
5.      Əsər sizdə hansı fikirlər, düşüncələr oyatdı?
Cavablar dinlənilir və müzakirə olunur.
      Əslində şagirdlərə verilən suallar mühakimə xarakterli essenin planının ümumi cizgiləridir. Lakin nəzərə almaq lazımdır ki, essedə hamı üçün ümumi plan ola bilməz. Essenin planını hər şagird müstəqil olaraq, özü müəyyənləşdirməlidir. Müəllim şagirdlərin nəzərinə çatdırır ki, gələcəkdə bu suallardan çıxış edərək konkret mövzu üzrə essenin planını müstəqil tərtib etməlidirlər.
Essenin planının yazılmaması şagirdin qiymətinin aşağı salınması üçün əsas ola bilməz. Altıncı sinifdə şagirdlərin  1-1,5 səhifə  həcmində inşa (esseyə) yazdıqlarını nəzərə alıb mütləq plan yazılmasını tələb etmək məqsədəuyğun deyil.Başlıca cəhət essenin planlı şəkildə yazılması, bütövlüyün, tamlığın gözlənilməsidir. Plan aşağıdakı tələblərə cavab verməlidir: mövzuya uyğun olmalı, başlıca fikri ifadə etməli, məntiqi ardıcıllığı, üslubi dəqiqliyi təmin etməlidir.
Qiymətləndirmə.
Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə meyarları
Fərqli fikirlərə ədalətli, obyektiv münasibət bildirmə
Materialı əlaqələndirib istifadəetmə
I səviyyə
I I səviyyə  
III  səviyyə
I Vsəviyyə
Ədalətli, obyektiv mövqe nümayiş etdirə bilmir.
Ədalətli, obyektiv mövqe nümayiş etdirməkdə çətinlik çəkir.
Əsasən ədalətli, obyektiv mövqe nümayiş etdirir.
Ədalətli, obyektiv mövqe nümayiş etdirir.
Materialları əlaqələndirə və onlardan istifadə edə bilmir.

Materialları qismən əlaqələndirir və onlardan istifadə edir.
Materialları əsasən  əlaqələndirir və onlardan istifadə edir.
Materialları əlaqələndirir və onlardan istifadə edir.
Ev tapşırığı:
“Ə.Cəfərzadənin “Çörək” hekayəsində təsvir edilənlər məndə hansı düşüncələr doğurdu” mövzusunda esseyə hazırlıq məqsədilə qeydlər aparmaq.
Təlim məqsədlərinin dərsdə reallaşdırılma səviyyəsindən asılı olaraq, ev tapşırığını müəllim müstəqil müəyyənləşdirə bilər. Bu zaman şagirdlərin maraq və imkanları nəzərə alınır.
İkinci saat: “Ə.Cəfərzadənin “Çörək” hekayəsində təsvir edilənlər məndə hansı düşüncələr doğurdu” mövzusunda mühakimə  xarakterli esse yazılması
Standartlar
Təlim nəticələri
3.1.1. Mövzu ilə bağlı əlavə mənbələrdən topladığı materialları əlaqələndirir, yazısında istifadə
Müxtəlif mənbələrdən topladığı fikirləri əlaqələndirib istifadə edir.
3.1.2. Bədii nümunələrdəki başlıca problemi müəyyənləşdirir, əsaslandırılmış münasibət bildirir.
Başlıca problemi müəyyənləşdirir, əsaslandırılmış münasibət bildirir.
3.1.3. 1,5-2 səhifə həcmində mühakimə və təsvir xarakterli mətnlər (inşa, esse) yazır. 
Mühakimə xarakterli esse yazır, mövqeyini əsaslandırır.
Dərsin gedişi
Motivasiya. Şagirdlərə essenin  öyrədici xarakter daşıdığı bildirilir. Kiçik müsahibə aparılaraq şagirdlərin essenin yazılması ilə bağlı suallarına aydınlıq gətirilir. Ən yaxşı esselərin fənn kabinetindəki ədəbi guşədə nümayiş etdiriləcəyi qeyd olunur.
Tədqiqatın aparılması. Əsərdə təsvir edilən hadisəyə, ayrı-ayrı obrazlara, hekayədəki başlıca fikrə, müəllif mövqeyinə , əsərdəki bədii təsvir və ifadə vasitələrinin roluna, əsərin müasir dövr üçün əhəmiyyətinə yığcam, müstəqil münasibət bildirmələrinin mümkünlüyü şagirdlərin diqqətinə çatdırılır. Lakin essenin həcmi nəzərə alınaraq, rəyin xarakteri, hansı məsələlərin öz əksini daha qabarıq tapması ilə bağlı şagirdin özünün müstəqil seçim etməsinin zəruriliyi vurğulanır.
Essedə bədii əsərin mətninə istinad edilməsi, müəyyən faktlar, sitatlar seçilməsi ilə bağlı tövsiyələr verilir. Mövzu ilə bağlı müsahibə, söhbət, fikir mübadiləsi şagirdləri essenin yazılmasına hazırlayır.Essenin yazılması prosesinə nəzarət edən müəllimin şagirdlərə fərdi məsləhətlər, tövsiyələr verməsi, onları istiqamətləndirməsi məqsədəuyğundur. Bu zaman ilk növbədə şagirdin yaradıcılığının məhsulu olan yazı işində müstəqil mövqeyin ifadə olunmasına, və əsaslandırılmasına diqqət yetirilir. Ayrı-ayrı şagirdlərin yazısındakı uğurlu cümlələr, fikirlər qeyd edilir, mövzu ilə bağlı mülahizələrin, düşüncələrin ifadə olunmasına dair məsləhət verilir.
Essenin öyrədici xarakter daşıdığı nəzərə alınaraq, şagirdlərə esseni qiymətləndirmək (özünüqiymətləndirmə) bacarığı aşılanması diqqət mərkəzində saxlanılır. Bu zaman aşağıdakı məsələlərə fikir vermək tövsiyə olunur:
-          Esse mövzuya uyğundurmu?
-          Mühakimə inandırıcı, dolğundurmu?
-          Essenin hissələri ( giriş, əsas hissə, nəticə) arasında tənasüb gözlənilibmi?
-          Hansı əlavə və düzəlişlərin aparılması zəruridir?
-          Hökmlər, mülahizələr əsaslandırılıbmı?
Şagirdlərin öz esselərinin üslubunu təkmilləşdirməsi üzrə iş aparılır. Hər cümlə, ifadə diqqətlə oxunur, uğursuz cümlələr dəyişdirilir, düzəliş edilir.
Şagirdin yazdığı esseni özünün qiymətləndirməsi çox əhəmiyyətlidir.Müəllimin qeydləri əsasında yazısını təkmilləşdirən şagird diqqətli olmaq, səhvlərə yol verməməyi öyrənir. Adətən şagird inşalarında aşağıdakı səhvlərə yol verilir:
-          mövzudan kənara çıxılması;
-          müşahidə və təəssüratların qənaətləndirici olmaması,
-          söylənilən fikirlərin bəsitliyi;
-          faktiki səhvlərə yol verilməsi;
-          Essenin hissələri arasında əlaqənin gözlənilməməsi;
-          Üslub səhvləri( söz və ifadələrin yerində işlədilməməsi, dilin yoxsulluğu).
Dərsin sonunda şagirdlər esseləri növbəti dərsdə müzakirə və qiymətləndirmə üçün təhvil verirlər. Yazı işlərinin yoxlanılması, formativ qiymətləndirilməsi dərsdən sonra aparılır, nəticələr növbəti dərsədək elan edilir.
Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında (əlaqələndirmə, münasibətbildirmə, mühakiməyürütmə) aparmaq məqsədəuyğundur.
Ədəbiyyat
1.      Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. Azərbaycan müəllimi” qəzeti, 25 oktyabr 2013 N41 (8558).
2.      Azərbaycan Respublikasında ümumi təhsilin milli kuri­ku­lu­mu. Bakı. 2006.
3.      Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədə­­biyyat fənni kurikulumu. V-XI siniflər. (Təlim Azərbaycan di­lin­də olan məktəblər üçün) “Azərbaycan müəllimi” qəzeti, 24 dek. 2010 N 50.




Комментариев нет:

Отправить комментарий