пятница, 22 апреля 2016 г.

KURİKULUM ÜZRƏ ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ M.Ə.SABİRİN “ƏKİNÇİ” SATİRASININ ÖYRƏDİLMƏSİ İMKANLARI

          Ümumtəhsil məktəblərinin  VIII sinifləri üçün kurikulum üzrə ədəbiyyat dərsliklərinə görkəmli sənətkarımız. M.Ə.Sabirin “Əkinçi” şeiri daxil edilmiş, əsərin tədrisinə 3 saat ayrılmışdır. Məktəb təcrübəsinin öyrənilməsi , ədəbiyyat müəllimləri ilə fikir mübadiləsi, təlim prosesinin müşahidəsi kurikulum üzrə dərslərdə klassik ədəbiyyatın tədrisi ilə bağlı metodik tövsiyələrə ehtiyacın olduğunu göstərir.

            “Əkinçi” satirasının tədrisinə ayrılmış 3 dərs saatının aşağıdakı kimi planlaşdırılması məqsədəuyğundur:
1.Əsərin məzmunu üzrə iş
2.Əsərin təhlili
3. Tətbiq. Müzakirə. Yaradıcı iş
-                 Birinci dərs saatında əsərin məzmununun öyrənilməsinə motivasiya, problemin qoyuluşu mərhələsi ilə başlanılır. Bu mərhələdəki işi fərqli variantlarda təşkil etmək olar. Vaxta qənaət baxımından dərslikdəki “Yada salın” başlıqlı suallar əsasında (Mirzə Ələkbər Sabirin hansı əsərləri ilə tanışsınız? Bu əsərlərdə diqqətinizi daha çox cəlb edən nə olub?) yığcam müsahibə aparmaqla tədqiqat sualını müəyyənləşdirmək mümkündür   Digər bir variant aşağıdakı məzmunda ola bilər: İnternetdə (YouTube https: // www. youtube.com /watch?v= CSleAiEghw0) M.Ə.Sabirin“Oxutmuram, əl çəkin” şeirinə yazılmış mahnıdan bir parça səsləndirilir. Təsirli musiqi sədaları şagirdlərdə şeirin məzmununa müvafiq ovqat yaradır. Müəllim “Dinlədiyiniz mahnı sizdə hansı düşüncələr oyatdı?”, “Şairin bu mövzuda şeir yazmasına səbəb, sizcə, nədir?” suallarının əsasında yığcam müsahibə aparır və sonda tədqiqat sualı formalaşdırılır.
Tədqiqat sualı: Satirik şeirdə şair mülkədarın əkinçiyə münasibəti ilə bağlı hansı məsələlərdən söz açıb?
            Fərziyyələr dinlənilir və təkrara yol verilmədən qeyd edilir.
Tədqiqatın aparılması. Şeirin oxusu üzrə iş fərqli məzmunda ( müəllimin nümunəvi ifadəli oxusu, səsli oxu, fərdi səssiz oxu) təşkil edilə bilər. Şagirdlərin klassik satirik əsərin məzmununu dərindən mənimsəməsi baxımından izahlı oxunun tətbiqi mümkündür. İzahlı oxu əsərin məzmununu, orada işlənmiş bədii təsvir və ifadə vasitələrini şagirdlərin dolğun şəkildə qavramasını təmin etməlidir. İzahlı oxu prosesində şagirdlərin müstəqillik və fəallıq nümayiş etdirməsinə nail olmaq zəruridir. İzahlı oxu nə qədər səmərəli aparılsa da, iş başa çatdlqdan sonra mətni şagirdlərin bir daha nəzərdən keçirmələri faydalıdır. Bu, məzmunla bağlı qazanılmış təsəvvürün tamlığına əhəmiyyətli təsir edir.
Müəllim satiranın məzmununu daha dərindən mənimsətmək üçün əyani vəsait kimi Əzim Əzimzadənin “Hophopnamə”yə çəkdiyi şəkillərdən, eləcə də Ə.Əzimsadə haqqında kitabdakı şəkillərdən  ( N.Nəcəfov. Əzim Əzimzadə. Bakı: Azərnəşr, 1973.) istifadə edə bilər.  Şagirdlər, müəllimin təklifi ilə kiçik qruplarda birləşib, qənaətlərini bölüşür, fikirlərini ümumiləşdirirlər.
1.      Əsəri oxuyun ( səsli və ya səssiz), kiçik qruplarda aşağıdakı suallar üzrə təqdimat hazırlayın.
-          Şeirin yazıldığı dövrdə kəndlinin həyatı, vəziyyəti necə idi?
-          Əsərdə əkinçiyə kimin dilindən müraciət edilir?
-          Mülkədarı hiddətləndirən nədir?
-          Kəndlinin ağır vəziyyəti, amansızcasına istismar olunması hansı misralarda daha qabarıq ifadə olunmuşdur.?
-          Kəndlinin yalvarışları, məzlum vəziyyəti mülkədara necə təsir edir?
-          Mülkədarın kəndliyə münasibəti hansı söz və ifadələrdə öz əksini tapmışdır?
-          Mülkədarın kəndlidən fərqli məişəti, həyat tərzi satiranın hansı bəndində öz əksini tapıb?
Şeirin ilk bəndindəki həmqafiyə sözləri göstərin.

Əsərdə işlədilmiş rədifləri yazın.

Məzlum, fəryad, tülkülük, ədəb, insanlıq, çəltik, lal ol sözlərinə sinonimlər seçin.

2.       Cədvəldəki tapşırıqları yerinə yetirin..






3.Şeirdə işlənilmiş bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin, cədvəldə yazın.
Bədii təsvir və ifadə vasitəsi
Əsərdən gətirilən nümunə
3.      Epitet

4.      Bədii sual

5.      Bədii təzad

4. Əsər barədə düşündüklərinizi dəftərinizdə cədvəl şəklinə qeyd edin.
s.
Əsərdə diqqətinizi daha çox cəlb edənlər
Bunun səbəbi





Dərsin məlumatın mübadiləsi və müzakirəsi mərhələlərində aparılan iş kiçik qrupların təqdimatına əsaslanır. İlk növbədə qrupların bir-birinin işinin məzmunu ilə ətraflı tanış olmalarlna imkan yaradılmalıdır. Eləcə də müzakirənin diskussiya səciyyəli olmasına, hər bir şagirdin öz mövqeyini sərbəst  ifadə etməsinə səy göstərilməlidir. Müəllim əvvəlcədən hazırladığı suallardan istifadə etməklə müzakirənin daha dolğun məzmun qazanmasına çalışmalıdır. Əsərdəki bəyzadə və əkinçi obrazına məxsus səciyyəvi cəhətlərin aydın təsəvvür edilməsi, mülahizələrin əsərdən gətirilən nümunələrlə təsdiq edilməsi, fikirlərin əlaqələndirilməsi, müqayisə edilməsi müzakirədə həyata keçirilməli olan mühüm məsələlərdir.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində indiyə kimi deyilmiş bütün fikirlərin ümumiləşdirilməsi, vahid, ümumi ideya şəklinə salınması ön plana çəkilməlidir. Əsərdən gətirilən nünunələr şagirdlərdə aşağıdakı qənaəti yaradır :şair bu satirada əkinçilərin düşdüyü ağır vəziyyəti təsvir edir. Əkinçini istismar edən, onu səfalət içində yaşamağa məhkum edən bəyzadə, mülkədar öz dili ilə mənsub olduğu təbəqəni ifşa edir. Şair əkinçinin düşdüyü məhrumiyyətlərdə günahkar olan mənfi tipi – mülkədarı  öz dili ifşa etməklə əsərin bədii təsir gücünü qat-qat artırmışdır.
Çıxarılmış nəticənin tədqiqat sualı ilə əlaqəsinin aydınlaşdırılmasına, şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisəsinə xüsusi diqqət yetirilir.
Dərsin sonunda şagirdlərə kitabxanadan, internetdən( You Tube. ttps://www.youtube.b com/watch?v =KquG3fRFVLI ) “Mirzə Ələkbərin ev muzeyində” filmi) və ya Google.az saytından M.Ə. Sabirin həyatı və yaradıcılığı haqqında əlavə məlumat toplamaq tapşırığı verilir.
İkinci dərs saatında ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi ilə həyata keçirilir.
Motivasiya, problemin qoyuluşu. Müəllim motivasiyanı qarşıya qoyduğu məqsəddən, təchizat imkanından, sinfin səviyyəsindən və s. çıxış edərək  müxtəlif yollarla yarada bilər. Dərslikdəki “Düşünün” başlıqlı sual əsasında (Satirik sənətkarı əkinçi haqqında əsər yazmağa nə sövq edə bilər?) yığcam müsahibə aparmaq və nəticədə tədqiqat sualının müəyyənləşdirilməsinə nail olmaq vaxta qənaət baxımından məqsədəuyğundur.
Motivasiya yaradılmasının digər yolu internetdən ( You Tube  https://www.youtube. com/watch? v =jWeYsQNccZA) “Mirzə Ələkbər Sabir” filmindən bir parçanın nümayiş etdirilməsi ola bilər.
Tədqiqat sualı : “Əkinçi” satirasını yazmaqda şairin başlıca niyyəti nə olmuşdur?
Tədqiqatın aparılması. Tədqiqat işini fərqli məzmunda və formada təşkil etmək mümkündür. Deməli, müəllim ən optimal hesab etdiyi yolu seçməkdə sərbəstdir. Lakin bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırığa müraciət edilməsi faydalıdır.
Əsərin təhlilinə hazırlaşın.
1. Mətni oxuyun.Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Sənətkar müxtəlif növ və janrlarda yazılmış əsərlərdə hadisələri və insanları
müxtəlif şəkildə təsvir edə bilər. O, hadisələri, insanları tərənnüm edə bilər, və ya istehza, gülüş yolu ilə tənqid edə bilər. Satirik əsərdə sənətkarın gülüşü daha şiddətli olur, ictimai həyatdakı nöqsanlar, mənfiliklər qəzəblə, acı gülüşlə ifşa edilir.Satiradan bədii ədəbiyyatın bütün növlərində istifadə olunur. Satirik şeir, satirik hekayə, satirik poema  və s.
Satirik əsərdə cəmiyyətdəki ədalətsizlik, nadanlıq, cəhalət, ikiüzlülük, tamahkarlıq və s. eybəcərliklər kəskin tənqid atəşinə tutulur. Sənətkar satirik surətləri təsvir etməklə oxucuda mənfiliklərə etiraz hissi oyadır, onu mübarizəyə səsləyir.
Ədəbiyyatımızda satirik şeirin böyük ustadı sayılan Sabir XX əsrin əvvəllərində cəmiyyətdə mövcud olan eybəcər hallara qarşı barışmaz mövqeyini əks etdirən, bu gün də dillər əzbəri olan ifşaedici əsərlər müəllifidir. Yeni məzmunlu, kəsərli satirik şeirin dəyərli nümunələrindən olan “Əkinçi” şeiri 1907-ci ildə məşhur “Molla Nəsrəddin” jurnalında çap edilmişdir.
     Sabir qüdrətli sənətkar kimi ifşa etdiyi tipin daxili aləmini, zəhmət adamına- əkinçiyə münasibətini onun öz dili ilə hərtərəfli açır. Əsəri oxuduqca mülkədarındaxili aləminin, əkinçiyə münasibətinin necə açılmasına, şairin  bənzətmə, kinayə və satira üsulundan, bədii suallardan  istifadə məharətinə diqqət yetirin, bir əsr bundan əvvəl yazılmış satirik şeirə oxucu marağının səbəbini aydınlaşdırın.
     “Əkinçi” satirası əruz vəzninin həzəc bəhrində  yazılıb. Bu bəhrdə yazılan şeirlər axıcı, rəvan, gözəl səslə , xoş avazla oxunur. Şeir həzəc bəhrinin məfilü, məfailü, məfailü, fəilün ölçüsündə yazılmışdır.

Şagirdlər kiçik qruplarda “Araşdırın.Fikirləşin.Cavab verin” başlığı altındakı
sual və tapşırıqlar üzrə təqdimat hazırlayırlar. Hər qrupa iş vərəqlərində 2 sual, tapşırıq verilir.

Araşdırın.Fikirləşin.Cavab verin
1.      Mülkədarın nitqinə, hərəkətlərinə əsaslanaraq xarakterindəki mühüm cəhətləri aydınlaşdırın.
Mülkədarın məişəti,  xarakterindəki başlıca cəhətlər
Şairin ona münasibəti
Sizin ona münasibətiniz




2.      Əsərdəki məişət təsvirlərinə, mülkədarın nitqinə əsaslanaraq, əkinçini səciyyələndirin.
3.      Sizcə, təsvir olunan vəziyyətdə kim haqlıdır: mülkədar, yoxsa əkinçi? Nə üçün?
4.      Şeir hansı mövzuda yazılıb, onda  diqqəti cəlb edən mühüm problem nədir? Müəllif həmin problemin həllində nəyə üstünlük verir? Siz necə düşünürsünüz?
Şeirin mövzusu
Əsərdə mühüm olan problem hansıdır?
Şair bu problemin həll yolunu nədə görür?
Siz necə düşünürsünüz?











5.      Ə

5.      Ə
5        Əsərlə bağlı düzgün fikirləri müəyyənləşdirin.
A.    Satirik əsərdir.
B.     Kəndlilərin ağır həyatı təsvir edilib.
C.     Əsərdə istismarçılar əlində əsir-yesir olan kəndlinin faciəsi təəssüf hissi ilə verilir.
D.    Mübariz kəndli obrazı yaradılıb.
E.     Mülkədarın iç üzü öz dili ilə ifşa edilir.
6. Əsərdəki başlıca fikir – ideya nədir? Həyatdan və bədii ədəbiyyatdan bu satiradakı ideyanı təsdiq edən nümunələr gətirin.
7.Şeirdəki  başlıca fikirlə səsləşən atalar sözlərini müəyyənləşdirin.
İş insanın cövhəridir.
İşləməyən dişləməz.
Tənbələ dedilər: Qapını ört. Dedi: Külək örtər.
Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
Əkən bir, biçən bir, yeyən on bir.
Əkinçi cütündə gərək.
Əkməsən, biçməzsən.
6.      Doğru hesab etdiyiniz fikirləri müəyyənləşdirin və əsaslandırın.
-          Əkinçinin düşdüyü ağır vəziyyətdə özü günahkardır.
-          Şair mülkədarın əkinçiyə qarşı ədalətsizliyini tənqid edir.
-          Sabir kəndli hüququnun alovlu müdafiəçisi kimi çıxış edir.
-          Mülkədarın dilindən çıxan hədələyici ifadələr satirik tipin yırtıcı xarakterini açır.
-          Əsərdəki kəndli mübariz, öz hüquqlarını müdafiə etməyi bacaran zəhmət adamıdır.
Məlumat mübadiləsi və müzakirəsi. Tədqiqatın aparılmasına ayrılmış vaxt başa çatdıqdan sonra, hər qrupun özünün müəyyənləşdirdiyi sözçüsü təqdimatla çıxış edir. Təqdimat diqqətlə dinlənilir. Sonra müəllim təqdimat edən qrupun digər üzvlərinin təqdimata əlavəsi və ya fərqli mövqeyi olub-olmadığını soruşur. Digər qrupların  sözçüyə sualları və cavablar dinlənilib müzakirə olunur.
Təqdimat və çıxışlarda bədii təsvir və ifadə vasitələrindən, mənası yeni öyrənilmiş sözlərdən necə istifadə olunduğuna diqqət yetirilir.
Müzakirə zamanı müəllim dialoji nitq bacarığının nümayişinə,  fikirlərin sərbəst söylənilməsinə,  müqayisəsinə, onlara əlavələrin edilməsinə, təkliflərin irəli sürülməsinə, daha dəqiq qənaətlərin yaranmasına diqqət yetirir və işə bütövlükdə istiqamət verir.
Nəticənin şıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində müzakirədə söylənilənlər əsasında yekun mövqe, ümumi ideya müəyyənləşdirilir.Şagirdlər satirik şeirdə müəllifin ədəbi priyom kimi tipi öz dili ilə ifşa etməsini, sətiraltı mənaların olduğunu qeyd edirlər. Belə bir qənaət yaradılır ki, əslində sənətkar mənfi tipin  -mülkədarın mənəvi eybəcərliyini öz dili ilə ifşa etmiş, kəndlini istismar edən bəyzadələrin iç üzünü açmışdır.
Sahibkarın – mülkədarın əkinçiyə müraciəti şəklində yazılmış bu satirada şair mülkədarların kəndliyə münasibətini kəskin satira və kinayə dili ilə ifşa etmişdir. Əsərdə həyatın sərt həqiqətləri – qul halına salınmış əkinçinin düşdüyü ağır vəziyyət və bunun səbəbləri, harınlamış mülkədarın zülmkarlığı, amansızlığı  inandırıcı sənət dili ilə əks olunmuşdur.
            Şair  zəhmətkeş insanın düşdüyü ağır vəziyyətə, taleyinə laqeyd olan , yalnız öz var-dövlətini artırmaq barədə düşünən mülkədara acı-acı gülür. Bu, məhvedici, öldürücü gülüşdür.
            Çıxarılmış nəticənin şagirdlərin fərziyyələri və tədqiqat sualı ilə müqayisə edilməsinə xüsusi diqqət yetirilir
Şagirdlərə digər fənlərdən və müxtəlif mənbələrdən topladıqları məlumat əsasında “XX əsrin əvvəllərində Azərbaycan kəndi və kəndlisi” mövzusunda şifahi təqdimat hazırlamaq tapşırığı verilir
Üçüncü dərs saatında ev tapşırığının yerinə yetirilməsi səviyyəsi şifahi təqdimatların dinlənilməsi və müzakirəsi ilə müəyyənləşdirilir.
Motivasiya, problemin qoyuluşu. Şagirdləri əsər üzrə bilikləri tətbiq etməyə, yaradıcı işə sövq etmək məqsədilə xalq rəssamı Ə.Əzimzadənin “Hophopnamə”yə çəkdiyi karikaturalar, rəssam Nəcəfqulunun “”Sabirin tipləri” bukleti nümayiş etdirilməsi, müzakirə aparılması məqsədəuyğundur.          Müzakirə nəticəsində tədqiqat sualı formalaşdırılır.
Tədqiqat sualı. “Əkinçi”şeirinin əmək mövzusunda öyrəndiyiniz digər əsərlərlə ideya-məzmun baxımından hansı oxşar və fərqli cəhətləri var?
              Fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə yazılır.
              Əməyə, əməkçi insana həsr olunmuş əsərlərin müqayisəli təhlili üzrə dərsi müxtəlif variantlarda təşkil etmək olar. Müəllim bədii əsərlərin növ, janr, ideya-məzmun baxımından müqayisəli təhlili üçün  üçün əvvəlki siniflərdə əmək mövzusunda öyrənilmiş digər əsərləri seçə bilər. Mümkün variantlardan biri şagirdlərin “Əkinçi” şeirini V sinifdə variativ dərslikdən öyrəndikləri Nizami Gəncəvinin “Kərpickəsən kişinin dastanı”, Süleyman Rəhmovun “Qara torpaq və sarı qızıl” hekayəsiilə müqayisəli təhlil etmələri, əsərin bədii xüsusiyyətləri üzərində iş aparmalarıdır.
Tədqiqatın aparılması.
Şagirdlər kiçik qruplarda birləşib aşağıdakı sual və tapşırıqlar üzrə tədqiqat aparırlar:
1.      “Əkinçi” şeirindəki təsvir olunan əkinçinin N. Gəncəvinin “Kərpickəsən kişinin dastanı”əsərindəki kərpickəsən kişi ilə hansı oxşar və fərqli cəhətləri var?
2.      “Əkinçi” şeirinin N. Gəncəvinin “Kərpickəsən kişinin dastanı”əsəri ilə növ baxımından  müqayisə edin.

Hansı cəhətlərinə görə müqayisə olunurlar?
Əsərlərin adı
Növ baxımından
“Əkinçi”
“Kərpickəsən kişinin dastanı”




3.      . Əməkçi insandan bəhs edən i“Əkinçi” şeirini Nizami Gəncəvinin “Kərpickəsən kiçinin dastanı”,  S.Rəhmovun “Qara torpaq və sarı qızıl” əsərləri ilə ideya, məzmun baxımından müqayisə edin.

Hansı cəhətlərinə görə müqayisə olunurlar?
Əsərlərin adı
İdeya, məzmun baxımından
“Kərpickəsən kişinin dastanı”
“Əkinçi”

“Qara torpaq və sarı qızıl”





4.      Şeirdəki bədii təsvir və ifadə vasitələrininin əsərin təsir gücünün artırılmasında rolunu aydınlaşdırın.
5.”Əkinçi” şeirinin satirik əsər olduğunu əsaslandırın.
6.M.Ə.Sabirin əkinçiyə və mülkədara münasibətini müqayisəli şərh edin.
Fərqli tapşırıqlar üzərində işləyən qruplara müəllim istiqamətləndirici suallar vasitəsilə kömək edir. O, həmçinin  çətinlik çəkən qruplara müqayisənin hansı məqamlarda və necə aparılması, növ, janr, ideya-məzmun xüsusiyyətlərinin aydınlaşdırılması və s. barədə yığcam tövsiyələr verə bilər.
Məlumat mübadiləsi və müzakirəsi mərhələsində qrupların təqdimatları dinlənilir. Bu məqsədlə şagirdlərin lövhədə Venn diaqramı və müqayisə cədvəli üzrə işləmələrinə imkan yaradılır.Təqdimatlar üzrə diskussiya zamanı şagirdlərin müstəqillik və fəallıq göstərmələrinə, öz mülahizələrini əsaslandırmalarına, müxalif fikrə ədalətli mövqedən yanaşmalarına  xüsusi diqqət yetirilir.
Fikirlərin ümumiləşdirilməsi, vahid ideya şəklinə salınması, son nəticənin çıxarılması növbəti mərhələdə həyata keçirilir.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində müəllimin istiqamətləndirici suallardan istifadə etməsi şagirdlərin yüksək fəallığına səbəb olur. Şagirdlər
hər üç əsərin mövzu yaxınlığını, əməkçi insana münasibətin əks olunduğunu nümunələr əsasında izah etməkdə çətinlik çəkmirlər. Eləcə də nümunələrin fərqli janrlarda olması, maraqlı qafiyə sisteminə malik olmaları onların oxşar cəhətləri kimi asanlıqla qeyd edilir. Bu əsərlərin fərqli cəhətləri ilə bağlı ümumiləşdirmənin aparılması, nəticənin şıxarılması asan olmur və məhz bu məqamda müəllimin istiqamətləndirici suallarına daha çox ehtiyac duyulur.Nizaminin mənzum hekayəsində halal əməyə bağlılıq, əməkçi insana ehtiram motivləri güclüdür. Şair kərpickəsən qoca ilə cavan oğlanın söhbəti vasitəsilə gənc nəslə əməksevərlik, zəhmət adamına hörmət hissi aşılayır. Bu əsər epik növün nümunəsi kimi istər növ, istərsə də janr baxımından müqayisə olunan digər şeirlərdən fərqlənir.
            Sabirin “Əkinçi” şeiri satirik əsərdir. Şeirdə bəyzadənin, mülkədarın dili ilə XX əsrin əvəllərində kəndlilərin amansız istismar , soyğunçuluq və təbii fəlakətlər nəticəsində düşdüyü ağır vəziyyətini təsvir etmişdir.Şair həyat həqiqətlərini əks etdirən bu satira ilə kəndliləri ayıltmağa, öz hüquqları  uğrunda mübarizə aparmağa səsləyir. Tipi öz dili ilə ifşa edən şair - mülkədarın iç üzünü açmaqla yanaşı, hüquqsuz, dilənçi vəziyyətində yaşayan  kəndlini də bunun səbəbləri barədə düşünməyə sövq edir.  “Məzlumluq edib başlama fəryadə, əkinçi! Qoyma özünü tülkülüyə, adə, əkinçi!” misraları kəndlini amansızcasına istismar edən mülkədarın bütün eybəcərliyini sadə, aydın dillə oxucuya göstərir.
            S.Rəhimovun “Qara torpaq və sarı qızıl” hekayəsində isə qardaşların timsalında əməyə laqeydliyin və bağlılığın insan taleyində rolu bədii dillə əks etdirilir. Sənətkar qardaşların öz əməksevərliyi ilə firavan, xoşbəxt həyata qovuşmasını gənc nəslə bir örnək kimi göstərir. Əsərdə insanı ucaldan, ona səadət gətirən əmək tərənnüm edilir.
            Çıxarılmış nəticələrin fərziyyələrlə, tədqiqat sualı ilə müqayisəsinə ayrıca diqqət yetirilir.     Şagirdlərə ev tapşırığı kimi kitabxanadan, internetdəki mənbələrdən  ( google.az) istifadə edərək  “Sabirin satiraları” mövzusunda məruzə hazırlamaq tapşırılır.
                   

                     Ədəbiyyat
1.      Mirəhmədov Ə.Sabir. Bakı: EA nəşriyyatı, 1958.
2.      Sabir M.Ə. Hophopnamə. Bakı: Yazıçı, 1972.
3.      Zamanov A, Sabir bu gün. Bakı.1985. .
4.      Hüseynoğlu S., Həsənli B. və b. Ədəbiyyat. VIII sinif üçün dərslik. Bakı: Bakınəşr, 2015.
5.      Həsənli B. , Hüseynoğlu S. və b. Ədəbiyyat. VIII sinif. Müəllim üçün metodik vəsait. Bakı: Bakınəşr, 2015.

Комментариев нет:

Отправить комментарий