Proqramlar, Dərs vəsaitləri, Məqalələr, Tövsiyələr, Soruşun cavab verək
Şagird bədii ədəbiyyatın
oxucusu kimi. Bədii əsəri mütaliə və qavrama xüsusiyyətləri
Plan
1. Şagirdlərin mütaliə vəziyyətinin və bədii
qavramasının öyrənilməsi
2. Məktəblilərin
mütaliə maraqları
3. Şagirdlərin bədii
ədəbiyyatı mütaliə xüsusiyyətləri
Şagirdlərin bədii ədəbiyyat
sahəsində maraq və meyillərinin, qavrama səviyyəsinin öyrənilməsi, nəzərə
alınması ədəbi təhsilin səmərəliliyinin yüksəldilməsinin, oxucu fəallığı və
müstəqilliyinin təmin edilməsinin mühüm şərtidir.
V-IX siniflərdə 10-15 yaşlı
məktəblilər təhsil alır. Yaş psixologiyasının yeniyetməlik dövrü kimi səciyyələndirdiyi
həmin mərhələdə məktəblilər ibtidai təhsil pilləsinə nisbətən daha yüksək
psixi fəaliyyət göstərir. Şagirdin fəal, müstəqil, yaradıcı təfəkkürünün
inkişafı bu yaş dövrünün əsas xüsusiyyətidir. Bu mərhələdə məktəblilərin
idrak müstəqilliyi artır, təlim fəaliyyəti özünütəhsil üzrə aktiv fəaliyyətlə,
getdikcə artan idraki tələbatların müstəqil təmin olunması ilə uzlaşır. Məktəblilər
müstəqil axtarıcılıq fəaliyyətinə, yaradıcılığa xüsusi meyil göstərirlər.
Şagirdlərin fərdi-psixoloji
xüsusiyyətlərinin öyrənilməsinə həsr olunmuş tədqiqatlar göstərir ki, orta təhsil
pilləsində ədəbi qabiliyyətlərin formalaşması daha intensiv şəkildə gedir.[1]
Bununla əlaqədar, artıq müəyyənləşmiş qabiliyyətlərin hərtərəfli inkişaf
etdirilməsi və bütün şagirdlərin maraq və qabiliyyətlərinin fəal şəkildə formalaşdırılması
üçün şərait yaratmaq vəzifəsi qarşıda durur.[2]
Yeniyetməlik dövrü şagirdlərin
mənəvi inkişafında, əxlaqi-etik davranış normalarına yiyələnmələrində mühüm mərhələdir.
Məktəblilər bu dövrdə onları əhatə edən şəxslərin, oxuduqları bədii əsərlərin
qəhrəmanlarının əxlaqi-psixoloji xüsusiyyətlərini dərk etməyə çalışırlar. Onlar
öz şəxsiyyətlərini (xarakterlərini, qabiliyyətlərini, hislərini, fəaliyyət
motivlərini) dərketmə prosesində özlərini başqaları ilə müqayisə edir, nümunə
axtarmağa başlayır və bu nümunə vasitəsilə özünütərbiyəyə səy göstərirlər.[3]
Orta təhsil pilləsində
şagirdlərin təlim fəaliyyətinin xarakter və formalarının dəyişilməsi daha yüksək
səviyyədə zehni fəaliyyət tələb edir. Onlar daha mürəkkəb cisim və hadisələri
qavramaq, təhlil etmək bacarığına yiyələnirlər. Şagirdlərin fikri fəaliyyətində
təfəkkürün konkret-obrazlı (əyani) komponentləri ilə yanaşı, mücərrəd təfəkkür
inkişaf edir. Bu cəhət nəzərər alınaraq ədəbiyyat təlimi prosesində şagirdlərin
intellektual imkanlarından səmərəli istifadə etmək, yaradıcı təfəkkürün
inkişafı, söz sənətinin qavranılması üçün əlverişli şərait yaratmaq lazımdır.
Söz sənətinin qavranılması
dedikdə, əsərin ideya-məzmununun, bədii xüsusiyyətlərinin dərk edilməsi başa
düşülür. Psixoloqlar qavramanın sadəcə informasiya qəbul edilməsi kimi başa
düşülməsinin əleyhinə çıxır, onu sövqetmə, maraq, tələbatlarla sıx əlaqəli
olan fəaliyyət kimi şərh edirlər. “Uşaqları cisim və hadisəni qavramağa yönəltmək,
daha doğrusu, öyrətmək lazımdır. Bunun üçün cismi nəzərdən keçirərkən, yaxud
onu müşahidə edərkən şagirdləri həmin obyekti müəyyən qayda, sistem, ardıcıllıqla
nəzərdən keçirməyə istiqamətləndirmək zəruridir...
Hər hansı məşğələ zamanı, yeri gəldikcə, qarşıya müşahidə məqsədi qoymaq, müşahidənin
diqqətlə aparılıb toplanan faktlardan düzgün nəticə çıxarılmasına nail olmaq,
planlı, məqsədəuyğun qavrayışın
inkişafına ciddi təsir edir.”[4]
Bədii əsərlərin
qavranılması mürəkkəb yaradıcı proses olub məktəblinin dünyagörüşü, həyat, estetik, oxucu və
emosional təcrübəsi ilə bağlıdır. Xalq
yazıçısı Anar diqqəti bədii əsərin mütaliəsinə yaradıcı münasibətin zəruriliyinə
cəlb edərək yazır: ”Mütaliənin, kitablardan istifadənin də müxtəlif xüsusiyyətləri
var. Bir çox əcnəbi dillərə bələdliyinə baxmayaraq çox məhdud dünyagörüşünə
malik olan adamlara rast gəldiyimiz kimi, saysız-hesabsız kitablar oxuyaraq
bəsit təfəkkürlə yaşayanları da görmüşük. Kitabları bir-birinin ardınca,
dabanbasma, necə deyərlər, “udub, həzm etməyənlər” də az deyil. Mütaliə də
zehni həyatın başqa sahələri kimi yaradıcı münasibət tələb edir. Yadımdadır,
bir dəfə C.Cəfərov dedi:”Kitab oxumaq, təəssürat toplamaq – zehnin kəmiyyətcə
dolğunlaşmasıdır, zehnin keyfiyyətcə dolğunlaşması, zənginləşməsi isə
düşüncələrdir, fikrin daxili təkamülüdür.”[5]
Bədii əsərin qavranılmasına
şagirdin yaş xüsusiyyətləri ilə yanaşı, fərdi imkanları da təsir göstərir. Aparılmış tədqiqatlarda şagird
qavramasının üç tipi göstərilir: Birinci tip üçün əyani və obrazlı elementlərin
qavranılması səciyyəvidir. Bu şagirdlər
bədii mətn üzərində işə maraq göstərir, müəllifin istifadə etdiyi təsvir
və ifadə vasitələrinə diqqət yetirirlər.
İkinci tip üçün söz və məntiqi
elemenlərin qavranılması səciyyəvidir. Bu şagirdlər plan tərtibi, yekunlaşdırıcı
işlər zamanı fəallıq göstərir, bədii sözə həssas yanaşmırlar. Bu tip üçün bədii
əsərin tələm-tələsik, başdansovdu oxunması, hadisələrin nə ilə bitəcəyini
öyrənməyə maraq, bədii təsvirlərə, tarixi məlumatlara və s. diqqət yetirilməməsi
səciyyəvidir. Üçüncü tip qarışıq tipdir. Müəllim ayrı-ayrı siniflərdə şagirdlərin
bu qavrama xüsusiyyətlərini bildikdə, fərdi tapşırıqları düzgün müəyyənləşdirir,
şagirdlərin maraq və qabiliyyətlərini inkişaf etdirməyə nail olur.
Bədii əsərin qavranılması
şagirdlərin ədəbi təhsilinin bir elementi, onun əqli inkişafının, sosial
yetkinliyinin, emosional- estetik duyumunun göstəricisi kimi çıxış edir. Nəzərə
almaq lazımdır ki, bədii əsərin intensiv mütaliəsi heç də mətnin obrazlı təhlilinə
gətirib çıxarmır. Buna nail olmaq üçün şagirdlər ilk növbədə bədii əsərləri
müstəqil oxumağı, qavramağı öyrənməlidir. Doğrudur, bədii mətni obrazlı təhlil
etməyi şagirdlər məktəbdə öyrənirlər, lakin oxucunun müstəqil fəaliyyətindən,
mütaliəyə şüurlu münasibətindən çox şey asılıdır.[6]
Ədəbiyyat müəllimi bədii əsərin
oxusu və təhlili prosesində şagird
qavramasının xarakterini nəzərə almaqla kifayətlənməməli, həm də ona ciddi şəkildə
təsir göstərməyə çalışmalıdır. Bu məqsədlə
ilk növbədə bədii ədəbiyyatın mütaliəsi, qavranılması xüsusiyyətləri öyrənilməli,
onun nəticələri təlim prosesində nəzərə alınmalıdır.
Bədii əsərin mütaliəsi
zamanı oxucu təsvir edilən hadisələri, obrazları qavramaqla yazıçının həyat haqqında mühakimələri
ilə tanış olur. Əsərdə öz əksini tapan mənəvi-estetik problemlərin, insanın həyatı,
taleyi ilə bağlı səhnələrin dərk edilməsi,
hiss və duyğu süzgəcindən keçirilməsi prosesində oxucu özünü də dərk edir, indiki və
gələcək fəaliyyəti üçün zəruri olan təcrübə qazanır. Beləliklə, bədii ədəbiyyat oxucunun hiss və duyğularının, müstəqil düşüncəsinin, mənəvi aləminin, fəal həyat mövqeyinin formalaşmasına ciddi təsir göstərir.
Tədqiqatlar göstərir ki, məktəblilərdə
müxtəlif fakt və hadisələri tutuşdurmaq, oxşar vəziyyətlərdə ümumi cəhətləri,
əlamətləri müəyyənləşdirmək bacarığı inkişaf edir. Onları təkcə ayrı-ayrı
faktlar deyil, bu faktların əlaqəsi, birinin digərindən asılılığı da maraqlandırır.
Lakin həmin assosiativ əlaqələr bədii ədəbiyyata münasibətdə əksər hallarda
bəsit səciyyə daşıyır. Bir çox müəllimlər dərsdə öyrənilən əsərlərin mütaliəsi
ilə müstəqil mütaliə arasında bağlılığın olmamasından çox narahatdır. Ədəbiyyatdan
müxtəlif məşğələlərdə qazanılmış biliklər arasında mövcud olan obyektiv əlaqələr
şagird şüurunda kortəbii şəkildə, avtomatik surətdə yaranmır.
Çox vaxt eyni müəllifin
yaradıcılığı, eyni problem, mövzu üzrə biliklər bir-birindən təcrid olunmuş şəkildə,
şagird şüurunun müxtəlif “qatlarında” yerləşir. ”Şagirdlərə əksər hallarda elə
gəlir ki, hər cür fəlsəfi problemlər, dəyərli mənəvi ziddiyyətlər yalnız
proqram üzrə keçilən əsərlərə xas olur və buna görə də ədəbiyyat dərslərində öyrənilir.
Lakin bizim hər gün oxuduğumuz adi əsərlərdə bu xüsusiyyətlər yoxdur.”[7]
Ədəbi biliklərin dərinləşdirilməsi, həyat, cəmiyyət,
təbiət hadisələri haqqında məlumatların zənginləşdirilməsi, idraki tələbatların
ödənilməsi bədii ədəbiyyatın mütaliəsində başlıca motiv kimi çıxış edir.
Şagirdləri bədii ədəbiyyat
oxucusu kimi səciyyələndirən mühüm cəhətlərdən biri də mütaliə marağıdır. Məlumdur ki, maraqlar tələbatların əsasında
yaranır və idrak prosesində təhrikedici rol oynayır. Mütaliə marağı şagirdlərin
mənəvi maraqlarının tərkib hissəsi olub onu bu və ya digər mövzuda, janrda
kitabları, müəyyən sənətkarların əsərlərini oxumağa sövq edən amildir. Mütaliə
marağı şagirdin oxucu kimi yetkinlik səviyyəsini, onda kitaba, mütaliəyə necə
münasibət yarandığını əks etdirir.
Şagirdlərin mütaliə dairəsi
genişləndikcə, oxucu təcrübəsi artdıqca, ümumi səviyyəsi yüksəldikcə mütaliə
maraqları da müəyyən dəyişikliyə uğrayır. Mütaliə marağının dəyişməsinə,
inkişafına mühit, ailə, məktəb, şagirdin öz fərdi-psixoloji xüsusiyyətləri və
digər amillər də təsir göstərir. Məhz bu amillərin təsiri ilə ayrı-ayrı təlim
pillələrində şagirdlərin mütaliə maraqlarında müxtəliflik müşahidə edilir. Elə
şagirdlər var ki, müəyyən mövzularda əsərlərə marağı bəzən bütün təhsil illərində
sabit qalır, onların peşə seçməsində, şəxsiyyətinin, mənəvi aləminin
formalaşmasında mühüm rol oynayır.
Bəs müasir məktəblilərin
mütaliə marağı necədir? Onlar hansı əsərləri
oxuyur, ümumi mədəniyyəti, oxuduqları əsərlərə münasibətləri necədir? Bu məsələləri aydınlaşdırmaq üçün ədəbiyyat müəllimi
şagirdlərin mütaliə marağının öyrənilməsi üzrə ardıcıl iş aparmalıdır. Məktəb
təcrübəsində bu məqsədlə şagirdlərlə aparılan fərdi söhbətlər, anket
sorğularında aşağıdakı məsələlər aydınlaşdırılır:
-
Şagird hansı mövzuda əsərləri oxumağı xoşlayır?
-
Hansı sənətkarların əsərləri mütaliə edilir?
-
Məktəblinin ev kitabxanası varmı?
-
Bədii əsər kimin məsləhəti ilə seçilir?
-
Müstəqil mütaliəyə nə qədər vaxt ayrılır?
-
Oxunmuş kitabda şagirdi daha çox nə cəlb edir?
Tədqiqat müxtəlif yaşlı məktəblilərin
bədii ədəbiyyatı mütaliə xüsusiyyətləri barədə aşağıdakı nəticələrə gəlməyə imkan
verir. V-VI sinif şagirdlərində nağıllara, təbiət, heyvanlar, quşlar, müharibə,
qəhrəmanlıq mövzusunda əsərlərə, kiçik həcmli,
süjetli şeirlərə maraq güclüdür. Onları bədii əsərdə daha çox diqqəti çəkən
dramatik səhnələr, maraqlı epizodlar, xalq nağıllarında qəhrəmanın başına gələn
qeyri-adi əhvalatlar, sehrli qüvvələrlə mübarizə, humanist ideyalar, xeyirin
şər üzərində qələbəsi cəlb edir.
Məktəblilər əsərin qəhrəmanı
haqqında qəti, emosional, çox vaxt birtərəfli fikir yürüdürlər. Belə əsərlərin
mütaliəsi uşaqlarda zəngin təəssürat oyadır, qəhrəmanlar onların başına gələn
hadisələr uzun müddət hafizələrindən silinmir.
VII-VIII sinif şagirdlərində
öz yaşıdlarının həyatından, təhsilindən, arzu və istəklərindən bəhs edən,
fantastika, macəra mövzusunda əsərlərə maraq artır, onlar qəhrəmanın şəxsiyyətinə, xarakterinə diqqət
yetirirlər. Lakin bu yaşda məktəblilər çox zaman qəhrəmanın şəxsiyyətinə bütöv
yanaşmada çətinlik çəkir, onun xarakterindəki təzadlı cəhətlərdən, davranış
motivlərindən yaxşı baş çıxarmırlar.
Yuxarı yaşlı məktəblilər gənclərin
həyatından, mənəvi axtarışlarından, arzularından bəhs edən əsərlərə maraq
göstərirlər. Məktəblilər həmin əsərlərdə
onları düşündürən məsələlərə, aktual mənəvi problemlərə cavab axtarır,
bu yolla öz həyat ideallarını müəyyənləşdirmək istəyirlər. Onlar qəhrəmanın
mürəkkəb daxili aləminə diqqət yetirir, müəllifin yaradıcı şəxsiyyətini,
dünyagörüşünü dərk etməyə çalışırlar.
X-XI sinif şagirdləri əksər
hallarda estetik səciyyəli ümumiləşdirmələrdən istifadə edərək əsərin bədii
dəyərini qiymətləndirməyə qadirdir. Bu yaşda məktəblilər əsər barədə təəssüratlarını
sistemləşdirməyə, onu tam halında dərk etməyə nail olurlar. Müasir ədəbiyyat
nümunələri müstəqil həyatın astanasında olan gənclərin arzu və istəkləri, mənəvi
axtarışları, idealları ilə daha yaxından səsləşir, öz həyat mövqeyini müəyyənləşdirməkdə
onlara kömək edir.
Şagirdlər çox zaman həyatdakı
qəhrəmanları yox, bədii əsər qəhrəmanlarını
nümunə seçir, bu qəhrəmanlara bənzəmək istəyirlər. Ədəbi qəhrəmanların çətinliklərə
qarşı əzmkarlığı, fəal həyat mövqeyi tutması məktəblilərdə dərin rəğbət hissi
doğurur. Müəllim şagirdlərin bu xüsusiyyətlərindən istifadə edərək bədii əsərdə
qoyulmuş mənəvi-estetik problemləri düzgün başa düşmələrinə, qəhrəmanların
daxili aləminə nüfuz etmələrinə nail olmalı, mənəvi keyfiyyətlər, oxucu
bacarıqları aşılamalıdır. Bu həm də ona görə vacibdir ki, şagirdlərin
bir qismi mənəvi kateqoriyaları səthi başa düşürlər.
Məktəblilərdə
klassik ədəbiyyat nümunələrinin mütaliəsinə marağın artırılması diqqət mərkəzində
saxlanılmalıdır. Zamanın sınaqlarından çıxmış klassik ədəbiyyat inciləri gənc
oxucuların mütaliəsində öz layiqli yerini tutmalıdır.
Şagirdlərə
aydın olmalıdır ki, klassik əsərlər bizim üçün ... ancaq tarixi dünyagörüşü
naminə öyrənilməsi faydalı olan, ötüb keçmiş varlıq deyil, həm də aktual mədəni
sərvətdir, ancaq tarixi fakt deyil, həm də müasir bədii yaradıcılıq amilidir.
Bu – keçmişdir, lakin keçib getmiş deyildir. Bizə keçmişdən irs qalmış ədəbiyyat
indiki dövrdə yaranmış ədəbiyyat kimi müasir intellektual həyatın tərkib hissəsidir.[8]
Görkəmli tənqiçi-ədəbiyyatşünas
Y.Qarayev yazır: “Klassik - əbədi deməkdir. Klassiki klassik olmayandan
ayıran yeganə cəhət də elə budur. Klassikin
əsərinə müasirliyi kənardan əlavə etmirlər. Əsrdən-əsrə klassiklər özləri
addımlayır. Daha doğrusu, bəşəriyyət, xalqlar özü əsrdən-əsrə addımladıqca
klassikə daha çox yaxınlaşırlar. Məqsəd dahi klassikin yaradıcılığına məxsus
nəhayətsizliyin, bitməz-tükənməzliyin yeni hüdudlarını kəşf etməkdir.”[9]
Məktəblilər poeziya nümunələrini
nəsr əsərlərinə nisbətən çətinliklə qavrayırlar. Bu, ilk növbədə uşaqlarda
poetik təxəyyülün zəif inkişafı ilə əlaqədardır. Lirik əsərlərin ideya-bədii
xüsusiyyətlərini, xüsusən assosiasiyaları, metaforaları başa düşmək, düzgün
qiymətləndirmək üçün şagirdin emosional-mənəvi təcrübəyə, sənətkarın hiss və
həyəcanlarını, oxucuya aşılamaq istədiyi əhvali-ruhiyyəni duymaq, daxilən
yaşamaq, “özününküləşdirmək” bacarığına malik olması zəruridir. Əks-təqdirdə o,
mətndəki ovqatı duymaqda, sözaltı mənanı
başa düşməkdə, əsərin dərin qatlarına nüfuz etməkdə çətinlik çəkəcəkdir.
”Şeirlərdə “yad”, şəxsən
yaşanılmamış hislərlə qarşılaşdıqda o,
(şagird - B.H.) həmin hislərdən yan keçir, bu zaman poeziyanın heç bir estetik
təsirindən danışmaq lazım gəlmir. Yeniyetmələrdə, bəzən isə hətta gənclərdə
başqasının halına acımaq məziyyətinin olmaması, emosional laqeydlik, özgənin
daxili aləminə diqqətsizlik poetik əsərlərlə iş zamanı maneəyə çevrilir.”[10]
Şagirdlərə yüksək mənəvi-estetik
hislər aşılanması, onların emosional təcrübələrinin zənginləşdirilməsi,
poeziya nümunələrini mütaliə etmək, qavramaq bacarığının təkmilləşdirilməsi,
poetik ümumiləşdirmənin xarakteri haqqında dərin bilik verilməsi ədəbiyyat
dərslərində diqqət mərkəzində saxlanılmalıdır.
Geniş maraqları, bir çox məsələlər
barədə müstəqil rəyi, mülahizələri olan,
musiqidən, kinodan, kompyuter texnologiyasından baş çıxaran müasir məktəblini yüksək ideya-bədii
dəyərə malik bədii ədəbiyyatın mütaliəsinə, əsl sənətkarla dialoqa sövq etmək
lazımdır. Yalnız quru nəsihətləri, hazır hökmləri təkrar edən, bədii cəhətdən
zəif əsərlər şagird-oxucunu cəlb etmir, onun hiss və duyğularına
emosional-estetik təsir göstərmir.
Şagirdlər xoşladıqları əsərlərin
doğurduğu təəssüratlar barədə suallara cavablarında bir qayda olaraq, məktəbdə öyrənilən bədii mətnlərə
üstünlük verir, kəskin süjetli əsərlərdən, qəhrəmanlardan bəhs edir. Onların
bir qismi ən çox xoşladıqları sənətkarlar haqqında suala cavab verərkən çətinlik
çəkir, hansı mövzuda əsərlərə maraq göstərdiklərini qeyd etdikləri halda, müəlliflərini
əksər hallarda xatırlaya bilmirlər.
V-VII siniflərdə məktəblilərdə
bədii əsərə sadəlövh-realist münasibət diqqəti cəlb edir. Onlar bədii əsərdə təsvir
olunanlara həyatda baş vermiş hadisə, qəhrəmanlara real, həyatda mövcud olan
insanlar kimi yanaşırlar. Sadəlövh realizm öz əksini əsərin “sənədliliyinə”,
təsvir olunan hadisələrin doğruluğuna inam bəslənilməsində, adi, məişət səviyyəsində
dərk edilməsində, bədii təxəyyülün, ümumiləşdirmənin, tipikliyin rolunun başa düşülməməsində tapır. Yeniyetmə
oxucunun sadəlövh realizmi onun ədəbi qəhrəmana münasibətində özünü qabarıq büruzə
verir. Qəhrəmanın əsas xüsusiyyətləri əsərin bədii sistemindən təcrid olunur
və bir növ real aləmə keçirilir.[11]
“Sadəlövh
realist oxu ən azı 3 əsas elementlə tamamlanmalı
və dəqiqləşdirilməlidir: 1. İnsan obrazlarının qavranılması əsərdəki digər
obrazların qavranılmasını sıradan çıxarmamalıdır. 2. İnsan obrzlarının
qavranılması müasirləşdirilməməlidir. 3. İnsan obrazları əsərin ideyasının
qavranılması qarşısında sədd çəkməməlidir.”[12]
Bir çox tədqiqatçılar
şagirdlərin bədii əsəri sadəlövh-realist qavramasının ilk dövrlərdə qorunub
saxlanılmasının tərəfdarıdır. Əgər müəllim şagirdlərə ədəbi qəhrəmanın həyatda
mövcud olmadığını başa salmaq istəyirsə də, bu, istənilən nəticəni vermir, əsərin doğurduğu təəssüratın sönükləşməsinə gətirib
çıxarır.
Bədii əsərin sadəlövh-realist
qavranılması yeniyetmələrin ədəbi inkişafının ilk mərhələlərində müsbət rol
oynayır. Bu, şagirdlərin yaş və psixoloji xüsusiyyətləri ilə bağlı olub, təbiət
və cəmiyyət hadisələrini, real insanların və ədəbi qəhrəmanların daxili aləmini
dərk etmək bacarığına yiyələnmələrində zəruri mərhələdir. Bu zaman şagirdlərin
əsərdən aldığı emosional-estetik təəssüratın, əsərdəki ovqatı duymaq, yaşamaq
bacarığının dərinləşdirilməsi, bədii mətnin daha güclü təsir göstərməsi üçün
zəmin yaranır.
Eyni zamanda nəzərə almaq
lazımdır ki, şagird- oxucunun inkişafının ilk mərhələlərində müsbət rol
oynayan sadəlövh-realist qavrama zaman keçdikcə yeni keyfiyyət səviyyəsinə yüksəlmirsə,
ədəbiyyatın özünəməxsusluğunun, dərinliyinin dərk edilməsində maneəyə
çevrilir. Odur ki, sadəlövh-realist qavramanın tədricən şüurlu oxucu qavraması
səviyyəsinə qaldırılması, şagirdlər emosional, iradi, intellektual cəhətdən
inkişaf etdikcə bədii ədəbiyyatın söz sənəti kimi özünəməxsusluğunun başa
salınması, əsəri dərindən qavramaq bacarığının aşılanması zəruridir.
Bu mürəkkəb iş təlim
prosesində diqqət mərkəzində saxlanıldıqda şagirdlər əsərin doğurduğu hiss və
duyğuları, emosional təəssüratı qoruyub saxlamaqla bərabər, bədii təsvirin şərtiliyini,
təsvir və ifadə vasitələrinin rolunu dərk edirlər. Onların əsərin bədii, estetik dəyərini dolğun şəkildə dərk etməsi mümkün
olur.
Mütaliə üçün əsər seçərkən
məktəblilər müəllim, kitabxanaçı ilə yanaşı, yaşıdlarının da rəyinə, tövsiyəsinə
diqqət yetirir. Şagirdlərin özünütəsdiqə, kollektivdə mövqe qazanmağa can
atması kimi psixoloji amillər də bu cəhətdən öz təsirini göstərir.
Əlbəttə, şagirdlərin
yaşıdları ilə oxucu ünsiyyəti, mütaliə etdikləri əsərlər barədə rəy mübadiləsi,
bir-birinə tövsiyələr verməsi təbii və faydalıdır. Lakin müşahidələr göstərir
ki, bəzi hallarda şagirdlər bir-birlərinə yüksək ideya-bədii dəyərə malik
olmayan, yaşlarına uyğun gəlməyən əsərləri də tövsiyə edirlər. Bu arzuedilməz
vəziyyətin qarşısını almaq üçün müəllim yeniyetmə oxucuların mütaliəsinə həssaslıqla
müdaxilə etməli, onların hansı əsərləri oxuduqlarından xəbərdar olmalı, vaxtında
lazımi tövsiyələr verməlidir.
Bu baxımdan şagirdlərin
müstəqil mütaliəsinə müəllimin təsirinin get-gedə zəifləməsi narahatlıq
doğurur. Dərsdənkənar, proqramdankənar informasiyanın mənbəyi kimi müəllimin
rolu sinifdən-sinfə, ildən-ilə azalır. Ailənin, mühitin isə şagird şəxsiyyətinin
formalaşmasında rolu getdikcə artır.
Son illərdə bədii ədəbiyyatın
mütaliəsinə marağın azalmasına, ədəbiyyatın qavranılmasına, bədii
informasiyanın dərk edilməsinə müasir texniki vasitələr təsir göstərir. Müəllim
bu reallığı nəzərə almalı, dərsin və sinifdənxaric işlərin imkanlarından
istifadə edərək şagirdlərin bu sahədəki fəaliyyətinə də təsir etməlidir. Kino,
televiziya, video, kompyuter, internet, mobil telefonun uşağın həyatında
geniş yer tutması nəticəsində mütaliənin əvvəlki mövqelərini itirməsi ciddi
problem kimi qarşıda durur. Ali məktəblərə testlə qəbul imtahanı verən şagirdlərin
əksəriyyətində bədii ədəbiyyatın mütaliəsinə həvəs azalmış, ədəbi-tarixi
fakt və hadisələri əzbərləməyə, əsərin qısa məzmununu öyrənməyə meyil
artmışdır.
Məşhur şair İ.Brodski Nobel
mükafatı məruzəsində demişdir:” Bizi özümüzdən qoruyan qanunlar ola bilməz,
heç bir cinayət məcəlləsi ədəbiyyat əleyhinə cinayətlər üçün cəzalar nəzərdə
tutmur. Həmin cinayətlər içərisində ən ağırı müəlliflərin təqib olunması, senzura
məhdudiyyətləri, kitabların yandırılması deyil. Daha ağır cinayət var -
kitablara laqeydlik, onların oxunmaması. Bu cinayətin cəzasını insan ömrü boyu
çəkir; əgər həmin cinayəti millət edirsə, o, buna görə öz tarixi ilə cəzalanır.”
Bu baxımdan oxucu fəallığının
artırılması məktəbin başlıca vəzifələrindən biridir. Şagirdlərin mütaliə mədəniyyəti
cəmiyyətin mənəvi potensialının mühüm göstəricisi sayılır. Şagirdlərin mütaliə
dairəsinin genişləndirilməsi mənəvi mədəniyyətin qaynaqları, humanitar biliklərin
zənginləşdirilməsi ilə bağlı məsələdir.
Şagird mütaliəsindəki bir çox çatışmazlıqların səbəbi onların yaş və fərdi xüsusiyyətləri ilə deyil, daha çox məktəbdə ədəbiyyat tədrisinin
nöqsanları ilə bağlıdır. Məktəbdə ədəbiyyatın öyrənilməsi bədii mətnin təbiətinə
zidd olmamalı, oxucu qavraması nəzərə alınmalı, mütaliə motivasiya əsasında, şagirdin
maraqları nəzərə alınmaqla təşkil edilməlidir.
Məktəblilərdə bədii əsərin
oxusuna sabit tələbat, yaradıcı münasibət aşılamaq, estetik zövq tərbiyə edilməsinə
nail olmaq üçün müəllim bu mütaliənin həqiqi mənzərəsini bilməli, şagird-oxucunun
formalaşmasına məqsədyönlü təsir göstərməlidir.
Ədəbiyyat
1. Богданова О.Ю., Леонов С.А., Чертов В.Ф. Методика преподавания
литературы. M.:
Академиа, 2000.
2.
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı:
Maarif, 1989, s.237-238.
3. Əhmədov C.M. Ədəbiyyatın tədrisi metodikası. Bakı: Bakı Universiteti,
1992.
4.
Əliyev P.B. Ümumtəhsil məktəblərində
Azərbaycan klassik ədəbiyyatının tədrisi (Şeir nümunələri əsasında). Bakı:
Maarif, 2007.
5. Əliyev R.İ. Psixologiya. Bakı: Nurlan, 2008.
6. Mетодика преподавания литературы. Под ред. З.Я.Рез. М.Просвещение, 1985.
7. Mikayılov Ş.A., Bəkirova A.M. Ümumtəhsil məktəblərinin V-XI siniflərində
ədəbiyyatın tədrisi metodikası. Bakı: Naksuana, 2008.
[1]
Ягункова В.П. Формирование компонентов литературных способностей у
школьников V класса. В книге «Вопросы
психологии способностей». Под ред. В.А.Крутецкого. М.:Педагогика, 1973, с. 216.
[3]
Божович Л.И., Славина Л.С. Психическое развитие ребенка и ее воспитание.
(Новое в жизни, науке и технике). Серия педагогики и психологии.
М.: Знание, 1979, N 12. с. 96.
[4] Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya.
Bakı: Maarif, 1989, s.237-238.
[8]
Бушмин Ф. Преемственность в развитии литературы. Л.: Художественная
литература, 1978, с. 67-68.
[11]
Беленькая Л.И. Социально-психологическая типология читателей-детей (тип
читателя переходный от детского к подростковому) В сб. Социология и психология
чтения. Тр.ГБЛ, Т.15. М.: Книга, 1979, с.111.
Комментариев нет:
Отправить комментарий