среда, 16 октября 2019 г.

Ədəbiyyat dərslərinə verilən müasir tələblər

Proqramlar, Dərs vəsaitləri, Məqalələr, Tövsiyələr, Soruşun cavab verək


Ədəbiyyat dərslərinə verilən müasir tələblər


Plan

1.   Dərs anlayışının mahiyyətinə dair     
2.   Müasir dərsi səciyyələndirən cəhətlər
3.   Ədəbiyyat dərslərinin səmərəliliyinin əsas amilləri

Cəmiyyətin, elmin, mədəniyyətin inkişafının hər mərhələsində dəyişən şəraitə uyğun olaraq gənc nəslin təlimi, tərbiyəsi qarşısında yeni vəzifələr qoyulur. Həmin vəzifələr təlim-tərbiyə prosesinin əsas təşkili forması olan dərsin nəzəri məsələlərində, təşkilində, me­to­dikasına verilən tələblərdə də öz əksini tapır. Bu, təbii, qar­şı­sı­alın­maz prosesdir. Cəmiyyətin dəyişən, artan tələbatına uyğun olaraq təhsil sistemi də daim müasirləşməli, yeniləşməlidir.
Dərsə verilən tələblərin müəyyənləşdirilməsi didaktikanın, fən­lərin tədrisi metodikasının qarşısında duran mühüm prob­lem­lər­dən­dir. Məlumdur ki, sinif-dərs sistemi ta qədim zamanlardan mövcud ol­muş fərdi təlimi əvəz etmişdir. İlk mərhələlərdə təlimdə şagirdin pas­sivliyi, biliklərin hazır şəkildə mənimsənilməsi, ehkamçılıq əsas yer tutmuşdur. Sonradan dərsin nəzəri əsasları – sistematiklik, ar­dı­cıl­lıq, biliklərin dərindən mənimsənilməsi, əyanilik, şagirdlərin fəal­lığı, psixi inkişaf xüsusiyyətlərinin nəzərə alınması kimi məsələlər iş­lənilmişdir.
Dərs anlayışının mahiyyəti barədə təlimin nəzəri məsələləri ilə məş­ğul olan tədqiqatçılar müxtəlif fikirlər irəli sürürlər. M. Mah­mu­dov dərsə məşğələnin durğun forması kimi yanaşmır. Tədqiqatçı  dər­sin bütün təlim-tərbiyə prosesinin deyil, müəllim və şagirdlərin qar­şılıqlı fəaliyyəti və ünsiyyətinin variativ, daim  inkişaf edən for­ması olması fikrini irəli sürür: «Dərs – müəyyən tərkibdə müəllim və şagirdlərin özündə təlimin məzmunu, formaları, metod və va­si­tə­lə­rini ehtiva edən və təlim prosesində təhsil, inkişaf, tərbiyə və­zi­fə­lərini yerinə yetirmək üçün müntəzəm şəkildə tətbiq edilən məq­səd­yönlü qarşılıqlı fəaliyyəti, ünsiyyəti prosesinin  təşkilinin dinamik və variativ  formasıdır.»[1]
N.Kazımovun fikrincə, dərs müvafiq sinifdə cədvəl üzrə müəy­yən vaxt ərzində tədris proqramına uyğun təşkil edilən məşğələdir.[2] B.Əhmədov dərsə aşağıdakı tərifin verilməsini mümkün hesab edir: «Müəllimin dərs ili üçün sabit tərkibli şagird qrupunun kol­lektiv idrak fəaliyyətinə (və həyata düzgün münasibətinin for­ma­laş­dı­rılması prosesinə) konkret rejim üzrə  (həm də kolektivin hər bir üz­vünün fərqli xüsusiyyətlərini nəzərə almaqla) bilavasitə rəhbərlik et­məsinə dərs deyilir.»[3]
Dərs anlayışı özündə şagirdlərin təlim, tərbiyə, inkişafı və­zi­fə­lərini yerinə yetirmək üçün  müəyyən vaxt kəsimində sabit tərkibdə müəllim və şagirdlərin fəaliyyətinin müntəzəm şəkildə tətbiq edilən  təş­kili formasını ehtiva edir.
Pedaqoji ədəbiyyatda dərsə verilən tərbiyəvi, didaktik, psi­xo­loji, gigiyenik tələblər fərqləndirilir.[4] Bu baxımdan müasir dərsi di­dak­tik baxımdan səciyyələndirən əsas cəhətlərin aşağıdakı qrup­laş­dırıl­ması diqqəti cəlb edir:
-      Dərsdə şagirdlərlə səmərəli əks-əlaqənin təmin olun­ması, əmək­daşlıq şəraitinin, estetik-emosional mühitin yaradılması;
-      Müəllimin şagirdləri pedaqoji prosesin bərabərhüquqlu subyekti kimi qəbul etməsi;
-      Təlim metodları və üsullarının optimal seçilməsi, onların şagirdlərin yaşına və dinamik inkişaf səviyyəsinə uyğunluğu, habelə sistemli şəkildə tətbiqi;
-      Hər bir şagirdin fərdi-psixoloji, tədris-idrak və s. xüsusiyyət­lərinin nəzərə alınması;
-      Dərsdə təlimin inkişafetdirici aspektinin gücləndirilməsi, fərdiləşdirmə yolu ilə  şagirdlərdə bilik və bacarıqların səviyyəsinin artırılması;
-      Şagirdlərin müstəqil fəaliyyəti, sərbəst rəy söyləmələri, başqasının, o cümlədən müəllimin fikrinə münasibət bildirmələri üçün əlverişli şəraitin yaradılması;
-      Şagirdlərdə tədris materialındakı aparıcı ideyaları seçmək, habelə təhliletmə, ümumiləşdirmə bacarıqlarının aşılanması;
-      Şagirdlərə "öyrənməyi-öyrətmək" zəminində təlim vər­diş­lə­ri­nin aşılanması, müxtəlif məlumatların, biliklərin əldə edilməsi yol­larının, mənbələrinin müstəqil axtarılıb tapılması bacarıqlarının  for­malaşdırılması;
-      Şagirdlərin milli zəmində, vətənpərvərlik ruhunda tər­bi­yə­sin­də  dərsin imkanlarından istifadə edilməsi.[5]
N.Kazımov müasir dərsin təşkilinin müəllimdən ciddi hazırlıq tə­ləb etdiyini qeyd edir. Hazırlıq dövründə dərsin təhsil, tərbiyə, in­ki­şaf vəzifələrinin necə yerinə yetiriləcəyi müəllimin diqqət mər­kə­zində durur. Bu məqsədlə o, aşağıdakı fəaliyyət növlərini həyata ke­çirir:
- Dərsdə öyrədəcəyi əsas bilikləri (ideyanı, qaydanı, anlayışı) dəqiqləşdirir.
- Hansı tədris, idrak bacarıqlarını aşılayacağını konkret şəkildə müəyyyənləşdirir.
- Dərs zamanı hansı əxlaqi, mənəvi, estetik və s. keyfiyyətlərin formalaşmasına təkan veriləcəyini aydınlaşdırır.
- Dərsin məzmununu təşkil edən bilik və bacarıqlar vasitəsilə  hansı psixoloji funksiyaları (diqqəti, təxəyyülü, təfəkkürü, iradəni və s.) inkişaf etdirəcəyini konkretləşdirir.
Müəllim hansı təlim üsullarından, əyani və texniki vasitələrdən, hansı mənbələrdən, sorğu kitablarından, lüğətdən istifadə edəcəyini  əvvəlcədən aydınlaşdırır. Şagirdlərə növbəti dərsin mövzusunu şüur­lu başa düşməyə imkan verən müvafiq materialı  təkrar etmək, müşahidələr aparmaq, lazımi material toplamaq kimi tapşırıqlar ve­ri­lir. Tədqiqatçı dərsə verilən tələbləri aşağıdakı kimi müəy­yən­ləş­dirmişdir:
-       Dərsdə əsas didaktik vəzifənin müəyyənliyi;
-       Dərsin quruluşunun aydınlığı;
-       Təlimin təhsilləndirici, tərbiyələndirici və inişafetdirici  və­zifə­lərinin dərsdə vəhdətdə həyata keçirilməsi;
-       Dərsdə əks-əlaqənin ardıcıl təmin edilməsi;
-       Dərsdə şagird fəallığı və şüurluluğunun  təmin edilməsi;
-       Anlayışların formalaşmasına texniki və əyani vasitələrin  xidmət etməsi;
-       Dərsdə insanpərvərliyin hökm sürməsi;
-       Dərsdə kollektiv və fərdi işin uzlaşdırılması;
-       Dərsdə xəlqilik ruhunun olması;
-       Dərs vaxtından səmərəli istifadə olunması.[6]
B.Əhmədovun dərsə verdiyi tələblər sırasında müasir dövrdə böyük əhəmiyyət kəsb edən şagirdlərin idrak fəallığı və müstəqil­li­yi­nin qüvvətləndirilməsi, intensivləşdirmə, problem-situasiyanın ya­ra­dıl­masını qeyd etməsi təqdirəlayiqdir:
-      Elmilik, ideyalılıq;
-      Dərsdə bütün şagirdlərin işə cəlb olunmasının zəruriliyi, on­la­rın idrak fəallığı və müstəqilliyinin qüvvətləndirilməsi;
-      Metod və priyomların dərsin məqsədinə, şagirdlərin real sə­viy­yəsinə uyğun seçilməsi;
-      Dərsdə problem-situasiyasının yaradılması;
-      Dərsdə əks-əlaqənin yaradılması;
-      Dərsin intensivləşdirilməsi;
-      Dərsdə şagirdlərin hazırlıq səviyyəsinin nəzərə alınması;
-      Texniki vasitələrin tətbiqi və proqramlaşdırmadan istifadə  və s.[7]
Metodikanın vəzifəsi didaktik tələblərdən çıxış edərək  hər fənn üzrə dərslərin məqsəd və vəzifələrinə, özünəməxsus cəhətlərinə uy­ğun müasir tələblərin müəyyən edilməsidir. Bu baxımdan  «Orta mək­­təbdə ədəbiyyat tədrisi» dərs vəsaitində bilavasitə ədəbiyyat dərs­­lərinə ve­ri­lən əsas tələblərin müəyyənləşdirilməsi diqqəti cəlb edir:
-     Ədəbiyyat  dərsinin elmiliyi;
-     Ədəbiyyat dərsinin ideyalılığı;
-     Ədəbiyyat dərsinin intensivliyi;
-     Ədəbiyyat dərsinin emosionallığı;
-     Ədəbiyyat dərsində texniki vəsaitdən istifadə;
-     Ədəbiyyatın başqa təlim  fənləri ilə  əlaqələndirilməsi;
-   Ədəbiyyat dərsində şagirdlərin müstəqilliyi[8].
C.Əhmədov dərsə verilən tələbləri əsasən didaktik aspektdən şərh etmiş, ədəbiyyat fənninin özünüməxsus cəhətləri diqqətdən yayın­mışdır:
-     Şagirdlərin faydalı vərdişlərə, mükəmməl biliyə yiyələnməsi, qarşıya qoyulan məqsədə çatmaq üçün  dəqiqlik və məqsəd aydın­lı­ğı, onların yaş və bilik səviyyələrinə  müvafiq imkanlardan səmərəli is­tifadə edilməsi;
-     Dərsin özündən əvvəlki və sonrakı məşğələlərlə əlaqəsi;
-     Dərsdə təlimlə tərbiyənin vəhdəti;
-     Dərsin bütün mərhələlərində şagirdlərin fəallığının təmin edil­məsi;
-     Şagirlərin əmək intizamının təmin edilməsi;
-     Dərsdə vaxtdan səmərəli istifadə edilməsi;
-     Dərsin zəruri vəsaitlə təmin edilməsi.[9]
Ş.Mikayılovun elmi-metodik mənbələrə, qabaqcıl müəllimlərin iş təcrübəsinə əsaslanmaqla müəyyənləşdirdiyi ədəbiyyat dərsinə ve­rilən tələblər bu gün də öz əhəmiyyətini saxlamaqdadır:
- Ədəbiyyat idrak və tərbiyə vasitəsidir;
- Ədəbiyyat dərsində elmilik;
- Ədəbiyyat dərslərində ideyalılıq;
- Ədəbiyyat dərslərinin intensivliyi;
- Ədəbiyyat dərsi emosional olmalıdır;
- Ədəbiyyatın başqa təlim fənləri ilə əlaqələndirilməsi;
- Ədəbiyyat dərslərində texniki vasitələrdən istifadə;
- Ədəbiyyat dərsinin quruluşu.[10]
F.Yusifovun tədqiqatında son dövrdə ədəbiyyatın tədrisi qar­şı­sın­da qoyulan bir sıra tələblər qeyd edilir:
- Ədəbiyyat tədrisi prosesində şagirdlərə vətənpərvərlik tər­bi­yə­si­nin aşılanması müasir dövrün əsas problemi kimi;
- Ədəbi parçaların tədrisini humanistləşdirmək müasir dərsin ak­tual bir keyfiyyəti kimi;
- Bədii materialın öyrədilməsində yazıçı ideyasının düzgün qiy­mət­ləndirilməsi;
- Dərsin intensivləşdirilməsi. Dərsin hər mərhələsindən mak­si­mum dərəcədə səmərəli istifadə edilməsi;
- Tədris materiallarının öyrədilməsində təlimin texniki va­si­tə­lə­rin­dən istifadə edilməsi;
- Tədris prosesində fəndaxili və yaxın fənlər arasında əlaqənin ön plana çəkilməsi;
-  Şagirdlərin müstəqil fəaliyyətə alışdırılması.[11]
Y.Aslanov pedaqoji ədəbiyyata istinadən dərsin məntiqi və psixoloji cəhətdən tam olması, şagirdlərin fəallığı, dərsdə müxtəlif üsul və vasitələrdən istifadə, kollektiv və fərdi işin uzlaşdırılması kimi ənənəvi tələblərlə yanaşı, dərsdə yüksək təhsil və tərbiyə səmərəsi əldə edilməsini müasir tələblər kimi qeyd edir.[12]
Göründüyü kimi, tədqiqatçılar arasında dərsə, o cümlədən ədə­biyyat dərslərinə verilən müasir tələblər baxımından yekdil rəy yox­dur. Bu, təbii qarşılanmalıdır. Nəzərə almaq lazımdır ki, müasirlik həm də müəyyən mənada şərti anlayışdır. Bu günkü məktəb keçən əsrin səksəninci, doxsanıncı illərinin məktəbi de­yildir.  Hətta bir neçə il əvvəl məktəb üçün müasir hesab edilən me­todik baxış bu gü­nün tələbləri ilə səsləşməyə bilər. Təhsil sis­temi, məktəb qlo­bal­laşan, mürəkkəbləşən dünyanın reallıqlarına, zamanın sürətli axa­rına, elmin, texnikanın inkişafına, cəmiyyətin sosial tələb­lərinə uy­ğun olaraq daim təkmilləşir, inkişaf edir, yeni keyfiyyət səviyyəsinə qal­xır. Bütün bu dəyişmələr, təkamül prosesi digər fənlər kimi ədə­biy­yat tədrisində də gedir, dərsə verilən tələblərdə öz əksini tapır.
Təəssüf ki, bu problem üzrə aparılmış tədqiqatların nəticələri heç də həmişə məktəb təcrübəsinə ciddi təsir etmir, bir sıra hallarda obyektiv və subyektiv səbəblərdən dərsdə qarşıya qoyulan vəzifə­lə­rin yerinə yetirilməsi təmin olunmur.  Belə vəziyyətin  yaran­ması­nın səbəbləri müxtəlifdir. Elmi-nəzəri, praktik hazırlığı zəif olan müəl­­limlər fənnin özünəməxsusluğunu, şagirdlərin bilik səviy­yə­sini, təlim-tərbiyə vəzifələrini, materialın xarakterini nəzərə alma­dan bəsit, sxematik, qəlib dərslərə meyil göstərir, həlledici əhə­miy­yət kəsb edən yaradıcılıq axtarışlarından, metodika elminin son nailiy­yətlərindən istifadədən isə imtina edirlər. Eyni za­manda şa­gird­lərin təlim yükünün normallaşdırılması kimi mühüm prob­lem hələ də öz həllini tapmamışdır. Hələ də ədəbiyyat dərslərində müm­kün qədər çox əsərin “dabanbasma, qaçdı-qovdu” öyrədilməsi kimi artıq özünü doğrultmayan praktikaya son qoyulmayıb.
Son zamanlar məktəb təcrübəsində şou, tamaşa sə­ciy­yəli açıq dərs nümunələri də yaranmaqdadır. Belə “müasir” dərsə müəllim bəzən bir ay müddətində hazırlaşır, özünü, imkanlarını toparlayır, şagirdlərlə digər dərslərin hesabına ssenari üzrə məşqlər keçirir. Nəticədə görüntü xatirinə keçilən dərsin səmərəsi olmur, bütün enerjisini sərf etmiş müəllim də, şagirdlər də dərsdən sonra hələ xeyli vaxt özlərinə gələ bilmirlər.
Ədəbiyyat dərslərinə verilən müasir tələblər müəyyənləş­di­ri­lər­kən ilk növbədə bu fənnin özünəməxsus cəhətləri, qarşıya qoyulan tə­lim-tərbiyə vəzifələri nəzərə alınmalıdır. Hər bir ədəbiyyat dərsi söz sənətinin idrak, tərbiyə, inkişaf potensialının reallaşdırılması zə­minində şəxsiyyətyönümlü, nəticəyönümlü, inteqrativ səciyyə da­şı­malı, şagirdlərdə müasir dünyagörüşünün, demokratik, humanist dü­şüncənin, milli və ümumbəşəri dəyərlərin, həyati bacarıqların for­malaşdırılmasında, mütaliə mədəniyyətinin, şifahi və yazılı nitqin inkişafında irəliyə doğru bir addım olmalıdır.
Müasir ədəbiyyat dərsi yeni təlim texnologiyalarının məq­səd­yönlü tətbiq olunduğu dərsdir. Ədəbiyyat dərslərində infor­masiya-kom­munikasiya vasitələrindən istifadə, fəal, interaktiv me­tod­ların tət­biqi müəllimin yaradıcı fəaliyyətinə, şagirdlərin təd­qiqat­çılığa cəlb edilməsinə, əməkdaşlıq metodikasına yol açır.
Ədəbiyyat dərsləri müəllim və şagirdlərin dialoqu dərsləri ol­ma­lıdır. Müasir dərsdə müəllimin bu və ya digər mövzu ilə bağlı mü­lahizələrini, rəyini əvvəlcədən bildirərək sinfə öz mövqeyini qəbul etdirməsi, şagirdlərin biliyi hazır şəkildə mənimsəməsi,  daha çox bərpaedici fəaliyyət göstərməsi yolverilməz sayılır. Belə ki, dərs­də öyrədici mühit yaradılması, ədəbi-bədii materialların müza­kirəsi zamanı məktəblilərin öz fikirlərini sərbəst bildirməsi, rəy mü­badiləsi aparılması diqqət mərkəzində saxlanılmalıdır.
İnformasiya-kommunikasiya, bilik mənbələrinin artdığı bir dövr­­də ən yaxşı dərslik belə təlim-tərbiyə işində uğur qazanmaq üçün kifayət deyil. Ədəbiyyat dərslərinin səmərəliliyini təmin et­mək üçün dərslik, şagird üçün iş dəftəri, müəllim üçün metodik və­sait­dən ibarət komplektlə yanaşı, məktəbli lüğətləri, en­sik­lo­pe­di­ya­lar, sorğu kitabları və s. əlavə mənbələrin olması zəruridir. Ədəbiyyat  kabinetində kiçik kitabxananın yaradılması, orada şagirdlərin təlim tapşırıqlarını yerinə yetirməsi üçün əsərlərin saxlanılması dərsin səmərəliliyi baxımından çox əhəmiyyətlidir.
Ədəbiyyat dərslərində inteqrativ təlim imkanlarının real­laş­dırıl­ması, eyni mövzu, problem üzrə biliklərin inteqrasiya zəminində mə­nimsədilməsinə mühüm tələb kimi yanaşılmalıdır. Bu məqsədlə möv­zunun öyrənilməsi zamanı fəndaxili və fənlərarası (tarix, coğ­ra­fiya, dil, din, hüquq, incəsənət və s.) əlaqələr sistemli şəkildə həyata ke­çirilməlidir. Bu yolla şagirdlərdə yaradıcı düşüncə tərzinin for­ma­laş­dırılması, onların qarşılaşdıqları təlimi problemləri digər fən­lər­dən, mənbələrdən qazandıqları biliklərin əlaqələn­dirilməsi, tətbiqi zə­minində həll etmələrinə imkan yaradılır.
Müasir dərs ənənəvi dərsdən sinifdə partaların düzülüşü ilə də fərq­lənir. Bu məsələyə inkişaf etmiş ölkələrin təhsil sistemində cid­di fikir verilir. Bizim alışdığımız sinifdə partaların ənənəvi ola­raq 3 sıra düzülməsi, şagirdlərin bir-birinin arxasında oturması dia­loqa, əməkdaşlığa imkan yaratmır. Müasir dərsin təşkili isə tələb edir ki, şagirdlər bir neçə qrupa ayrılsın, dairəvi düzülmüş parta­larda üz-üzə əyləşsin. İlk baxışda elə görünə bilər ki, bu məsələ çox da əhəmiyyətli deyildir. Lakin partaların belə düzülüşü müəllim   şagirdlərin əməkdaşlığının, qruplar üzrə axtarış, təd­qi­qat­­çılıq fəaliy­yəti­nin, diskussiyanın təşkili baxımından zəruridir.
Tədqiqatlar sübut edir ki, təlim prosesi hər bir şagirdin qa­bi­liy­yəti nəzərə alınmaqla təşkil olunarsa, sinifdəki uşaqların 95 faizi  tə­lim materialını tam mənimsəməyə qadirdir. Deməli, şa­girdlərin ma­raq və meyli, idraki qabiliyyətləri nəzərə alınmaqla keçilən ədəbiy­yat dərsinin müasirliyindən danışmaq daha doğru olar. Hazırda metodikada müəllimin bilik və bacarıqların dərsdə tələb etmək­lə deyil, şagirdlərdə maraq oyatmaqla, motivasiya yarat­maqla, fər­di xüsusiyyətləri nəzərə almaqla mənimsənilməsinə nail olmasına xü­susi önəm verilir. 
Müasir ədəbiyyat dərslərində bir-birini təkrarlayan nağılet­mələr, əzbərləmələr, bərpaedici səciyyəli, lüzumsuz faktlarla yük­lən­­miş söhbətlər deyil, bədii mətni qavramaq, dərk etmək mühiti ya­­radılmalıdır.
Müəllimin dərsə hansı ovqatla girməsi, psixoloji hazırlığı da çox əhəmiyyətlidir. Məktəblilərlə səmimi ünsiyyət, sənətkar, mü­zakirə olunan problem barədə dialoq, sinifdənxaric iş element­lərindən, inteqrativ təlimin imkanlarından istifadə ədəbiyyat dər­sin­də emosional ab-hava yaratmağa kömək edir. Söz sənəti nümunələri ilə ünsiyyət canlı olmalı, məktəblinin düşüncəsinə təsir etməli, öyrənilən əsərin məzmununa uyğun ovqat yaratmalıdır.
Eyni zamanda ədəbiyyat dərsində elmi dil, elmi fikir də səs­lən­məlidir. Nə qədər çətin olsa da, ədəbiyyat dərslərində emo­sional­lıq və elmiliyin vəhdəti təmin edilməlidir. Məhz bu zəmində əsərin tər­biyəvi imkanlarını təlim prosesində reallaşdırmaq, onun şagird şəx­­siyyətinə təsirini artırmaq olar.
Hər bir ədəbiyyat dərsinin ona bütövlük, tamlıq verən me­todik konsepsiyası olmalıdır. Bu və ya digər mövzu üzrə hər dərsin və ya dərs­lər sisteminin əsas məqsədi olmalı, hər bir dərs özündən əv­vəlkilərlə əlaqələndirilməli, özündən sonrakı dərslər üçün zəmin ya­rat­malıdır.
Ədəbiyyat dərslərində şagirdlərin nailiyyətlərinin, bilik və ba­­carıq­larının çevik qiymətləndirilməsi üçün qiymətləndirmə və­­rəqləri və cədvəlləri, testlər, şifahi və yazılı sor­ğulardan is­tifadə edil­məlidir. Xüsusən dərslikdəki bölmələr (ay­rı-ayrı möv­zu­lar, rubri­kalar) üzrə əsərlər keçildikdən sonra, ya­rımil yekun­laş­dı­rıl­dıq­da bilik­lərin testlə yoxlanılması çox sə­mə­rəlidir. Şagirdlərin dərs pro­sesində cavabları, bir qayda olaraq, müzakirə olunur, qiymətlən­dirmə isə dərsin sonuna, yekun mərhələsinə sax­lanılır. Bu da öz növbəsində bütün dərs ərzində məktəbliləri ar­xayınlaşmağa qoymur, onları daha fəal, yaradıcı işə sövq edir.
Aparılmış tədqiqat, elmi-metodik ədəbiyyatın təhlili, qabaqcıl iş təcrübəsinin öyrənilib ümumiləşdirilməsi əsasında, eləcə də son illərdə Təhsil Nazirliyi tərəfindən keçirilən “İlin müəllimi” mü­sa­biqə­sindəki meyarlar nəzərə alınmaqla müasir ədəbiyyat dərs­lərinə verilən tələblər aşağıdakı kimi müəyyənləşdirilmişdir:
1.      Mövzu ilə bağlı orijinal formanın seçilməsı, fərdi, cütlər, qruplar üzrə və kollektiv işin uzlaşdırılması;
2.      Mövzu ilə əlaqədar ədəbi, mənəvi-estetik problemin müəy­­yən edilməsi və həlli prosesinə şagirdlərin fəal cəlbi;
3.      Dərsdə müəllim-şagird, şagird-şagird əməkdaşlığının, həs­sas ünsiyyətin, emosional, işgüzar mühitin yaradılması;
4.      Ədəbiyyat fənninin səciyyəsinə, təlim materialına uyğun fəal, interaktiv təlim metodlarından məqsədyönlü istifadə;
5.      Tədris olunan mövzunun dərs prosesində mənimsədilməsi;
6.      Şagirdlərin ədəbi bilik və bacarıqlarının bütünlüklə qiy­mət­ləndirilməsi üçün çevik formalardan istifadə  olunması;
7.      Ədəbiyyat dərsində təhsil, tərbiyə və inkişaf vəzifələrinin qarşılıqlı əlaqədə həyata keçirilməsi, mövzu ilə bağlı şagird­lərə mü­vafiq həyatı bacarıqların aşılanması;
8.      Şagirdlərə fərdi yanaşmanın, onların idrak fəallığının, müs­tə­­qillik və təşəbbüskarlığının təmin edilməsi;
9.      Təlim vaxtının optimal bölüşdürülməsi;
10.  Əyanilikdən məqsədyönlü istifadə olunması;
11.  İnformasiya-kommunikasiya texnologiyalarından istifadə edil­məsi;
12.  Fəndaxili və fənlərarası inteqrasiyanın yaradılması.
Müasir dərs yalnız müəllimin qısa müddətdə konkret məşğələyə ha­zırlığının deyil, həm də uzun illər ərzində zərrə-zərrə topladığı me­todik təcrübənin, metodika elminin nailiyyətlərindən yara­dı­cı­lıq­la bəhrələnməyin məhsulu kimi meydana çıxır. Ümumən isə is­tə­ni­lən dərsin təkmilləşdirilməsi imkanları məhdud deyil, burada hər dəfə yeni metodik ideyalar, tətbiqlər, orijinal dərs variantları üçün ya­radıcılıq imkanları, geniş meydan vardır.
Hər bir ədəbiyyat dərsi konkret sinfin şagirdlərinin bilik və ba­ca­rıq­ları, təlim məqsədləri, metodik imkanlar, təlim materialının həc­mi, mü­rəkkəblik səviyyəsi, vaxt və s. nəzərə alınmaqla təşkil olun­­malı­dır.Təsadüfi deyil ki, yaradıcı müəllimin paralel siniflərdə eyni möv­zu­da dediyi dərslər heç vaxt bir-birinin təkrarı olmur, biri digərindən me­to­dik çalarlar, tapıntılar, özünəməxsus, təkrarolun­maz cəhətləri ilə fərq­lənir. Bu mənada “dərs müəllimin ya­ra­dı­cılığıdır, pedaqoji əsəri­dir” fikri ilə razılaşmaq lazım gəlir.

Ədəbiyyat

1.    Aslanov Y. Ədəbiyyat tədrisi: Ənənə və müasirlik. Bakı: APU-nun nəşri, 2011.
2.    Əhmədov B.A., Rzayev A.Q. Pedaqogikadan mühazirə kons­pektləri. Bakı: Maarif, 1983.
3.    Hacıyev A.C. Azərbaycan ədəbiyyatının tədrisi metodikası. Bakı: Təhsil, 2003.
4.    Hüseynoğlu S. Ədəbiyyat dərslərində yeni texnolo­giyalar: Fəal/ interaktiv təlim. Bakı, 2009
5.    İbadova B. Müasir dərs necə olmalıdır?//Kurikulum, 2009 N 4, səh.54-56.
6.    Kazımov N.M. Məktəb pedaqogikası. Bakı: Çaşıoğlu, 2002.  
7.    Mehdizadə M.M. Müasir dərsə verilən tələblər. Bakı, 1970.
8.    Mikayılov Ş.A. Elmi-metodik əsərlərdən seçmələr. Bakı: Araz, 2009.
9.    Qarabaglı Ə.M. Azərbaycan ədəbiyyatının tədrisi meto­di­ka­sı. Bakı: Maarif, 1968.
10.                        Orta məktəbdə ədəbiyyat tədrisi. I hissə. A.M.Babayevin re­dak­təsi ilə. Bakı: Maarif, 1976.
11.    Yusifov F.A. Ədəbiyyatın tədrisi metodikası. Bakı: ADPU, 2010.
12.  Махмутов М.И. Современный урок. M.:Педаго­ги­ка, 1981.



[1]Махмутов М.И. Современный урок. M: Просвещение, 1985, с. 44.
[2] Kazımov N.M. Məktəb pedaqogikası. Bakı: Çaşıoğlu, 2002. s.204.
[3] Əhmədov B.A. Pedaqogikadan mühazirə konspektləri. Bakı: Maarif, 1983. s.188.
[4] Онищук В.А. Урок в современной школе. М.: Просвещение, 1986.
с.46-52.
[5] A.Cahangirov, F.Qədirov. Müasir dərs. “Azərbaycan müəllimi” qəzeti, 21-27 sentyabr, 2000-ci il.
[6] Kazımov N.M. Məktəb pedaqogikası. Bakı: Çaşıoğlu, 2002. s. 209-214.
[7] Əhmədov B.A., Rzayev A.K. Pedaqogikadan mühazirə konspektləri. Bakı: Maarif, 1983. с.190.
[8] «Orta məktəbdə ədəbiyyat tədrisi», I hissə.A.M.Babyevin red. ilə. Bakı: Maarif, 1976. s. 101.
[9] Əhmədov C.M. Ədəbiyyatın tədrisi metodikası. Bakı: Bakı Universiteti, 1991. s. 182-186.
[10] Mikayılov Ş. A.Elmi-metodik əsərlərdən seçmələr. Bakı: Araz, 2009, s. 36-76.
[11] Yusifov F. A.Ədəbiyyatın tədrisi metodikası. Bakı: ADPU, 2010.
[12] Aslanov Y. Ədəbiyyat tədrisi. Ənənə və müasirlik. Bakı: ADPU, 2011.

Комментариев нет:

Отправить комментарий