среда, 9 апреля 2014 г.

İşə qəbul imtahanı. Müasir dərsə verilən tələblər

İşə qəbul imtahanı. Müasir dərsə verilən tələblər

Tədqiqatçılar arasında dərsə, o cümlədən ədə­biyyat dərslərinə verilən müasir tələblər baxımından yekdil rəy yox­dur. Bu, təbii qarşılanmalıdır. Nəzərə almaq lazımdır ki, müasirlik həm də müəyyən mənada şərti anlayışdır. Bu günkü məktəb keçən əsrin səksəninci, doxsanıncı illərinin məktəbi de­yildir.  Hətta bir neçə il əvvəl məktəb üçün müasir hesab edilən me­todik baxış bu gü­nün tələbləri ilə səsləşməyə bilər. Təhsil sis­temi, məktəb qlo­bal­laşan, mürəkkəbləşən dünyanın reallıqlarına, zamanın sürətli axa­rına, elmin, texnikanın inkişafına, cəmiyyətin sosial tələb­lərinə uy­ğun olaraq daim təkmilləşir, inkişaf edir, yeni keyfiyyət səviyyəsinə qal­xır. Bütün bu dəyişmələr, təkamül prosesi digər fənlər kimi ədə­biy­yat tədrisində də gedir, dərsə verilən tələblərdə öz əksini tapır.
Təəssüf ki, bu problem üzrə aparılmış tədqiqatların nəticələri heç də həmişə məktəb təcrübəsinə ciddi təsir etmir, bir sıra hallarda obyektiv və subyektiv səbəblərdən dərsdə qarşıya qoyulan vəzifə­lə­rin yerinə yetirilməsi təmin olunmur.  Belə vəziyyətin  yaran­ması­nın səbəbləri müxtəlifdir. Elmi-nəzəri, praktik hazırlığı zəif olan müəl­­limlər fənnin özünəməxsusluğunu, şagirdlərin bilik səviy­yə­sini, təlim-tərbiyə vəzifələrini, materialın xarakterini nəzərə alma­dan bəsit, sxematik, qəlib dərslərə meyil göstərir, həlledici əhə­miy­yət kəsb edən yaradıcılıq axtarışlarından, metodika elminin son nailiy­yətlərindən istifadədən isə imtina edirlər. Eyni za­manda şa­gird­lərin təlim yükünün normallaşdırılması kimi mühüm prob­lem hələ də öz həllini tapmamışdır. Hələ də ədəbiyyat dərslərində müm­kün qədər çox əsərin “dabanbasma, qaçdı-qovdu” öyrədilməsi kimi artıq özünü doğrultmayan praktikaya son qoyulmayıb.
Son zamanlar məktəb təcrübəsində şou, tamaşa sə­ciy­yəli açıq dərs nümunələri də yaranmaqdadır. Belə “müasir” dərsə müəllim bəzən bir ay müddətində hazırlaşır, özünü, imkanlarını toparlayır, şagirdlərlə digər dərslərin hesabına ssenari üzrə məşqlər keçirir. Nəticədə görüntü xatirinə keçilən dərsin səmərəsi olmur, bütün enerjisini sərf etmiş müəllim də, şagirdlər də dərsdən sonra hələ xeyli vaxt özlərinə gələ bilmirlər.
Ədəbiyyat dərslərinə verilən müasir tələblər müəyyənləş­di­ri­lər­kən ilk növbədə bu fənnin özünəməxsus cəhətləri, qarşıya qoyulan tə­lim-tərbiyə vəzifələri nəzərə alınmalıdır. Hər bir ədəbiyyat dərsi söz sənətinin idrak, tərbiyə, inkişaf porensialının reallaşdırılması zə­minində şəxsiyyətyönümlü, nəticəyönümlü, inteqrativ səciyyə da­şı­malı, şagirdlərdə müasir dünyagörüşünün, demokratik, humanist dü­şüncənin, milli və ümumbəşəri dəyərlərin, həyati bacarıqların for­malaşdırılmasında, mütaliə mədəniyyətinin, şifahi və yazılı nitqin inkişafında irəliyə doğru bir addım olmalıdır.
Müasir ədəbiyyat dərsi yeni təlim texnologiyalarının məq­səd­yönlü tətbiq olunduğu dərsdir. Ədəbiyyat dərslərində infor­masiya-kom­munikasiya vasitələrindən istifadə, fəal, interaktiv me­tod­ların tət­biqi müəllimin yaradıcı fəaliyyətinə, şagirdlərin təd­qiqat­çılığa cəlb edilməsinə, əməkdaşlıq metodikasına yol açır.
Ədəbiyyat dərsləri müəllim və şagirdlərin dialoqu dərsləri ol­ma­lıdır. Müasir dərsdə müəllimin bu və ya digər mövzu ilə bağlı mü­lahizələrini, rəyini əvvəlcədən bildirərək sinfə öz mövqeyini qəbul etdirməsi, şagirdlərin biliyi hazır şəkildə mənimsəməsi,  daha çox bərpaedici fəaliyyət göstərməsi yolverilməz sayılır. Belə ki, dərs­də öyrədici mühit yaradılması, ədəbi-bədii materialların müza­kirəsi zamanı məktəblilərin öz fikirlərini sərbəst bildirməsi, rəy mü­badiləsi aparılması diqqət mərkəzində saxlanılmalıdır.
İnformasiya-kommunikasiya, bilik mənbələrinin artdığı bir dövr­­də ən yaxşı dərslik belə təlim-tərbiyə işində uğur qazanmaq üçün kifayət deyil. Ədəbiyyat dərslərinin səmərəliliyini təmin et­mək üçün dərslik, şagird üçün iş dəftəri, müəllim üçün metodik və­sait­dən ibarət komplektlə yanaşı, məktəbli lüğətləri, en­sik­lo­pe­di­ya­lar, sorğu kitabları və s. əlavə mənbələrin olması zəruridir. Ədəbiyyat  kabinetində kiçik kitabxananın yaradılması, orada şagirdlərin təlim tapşırıqlarını yerinə yetirməsi üçün əsərlərin saxlanılması dərsin səmərəliliyi baxımından çox əhəmiyyətlidir.
Ədəbiyyat dərslərində inteqrativ təlim imkanlarının real­laş­dırıl­ması, eyni mövzu, problem üzrə biliklərin inteqrasiya zəminində mə­nimsədilməsinə mühüm tələb kimi yanaşılmalıdır. Bu məqsədlə möv­zunun öyrənilməsi zamanı fəndaxili və fənlərarası (tarix, cog­ra­fiya, dil, din, hüquq, incəsənət və s.) əlaqələr sistemli şəkildə həyata ke­çirilməlidir. Bu yolla şagirdlərdə yaradıcı düşüncə tərzinin for­ma­laş­dırılması, onların qarşılaşdıqları təlimi problemləri digər fən­lər­dən, mənbələrdən qazandıqları biliklərin əlaqələn­dirilməsi, tətbiqi zə­minində həll etmələrinə imkan yaradılır.
Müasir dərs ənənəvi dərsdən sinifdə partaların düzülüşü ilə də fərq­lənir. Bu məsələyə inkişaf etmiş ölkələrin təhsil sistemində cid­di fikir verilir. Bizim alışdığımız sinifdə partaların ənənəvi ola­raq 3 sıra düzülməsi, şagirdlərin bir-birinin arxasında oturması dia­loqa, əməkdaşlığa imkan yaratmır. Müasir dərsin təşkili isə tələb edir ki, şagirdlər bir neçə qrupa ayrılsın, dairəvi duzulmuş parta­larda üz-üzə əyləşsin. İlk baxışda elə görünə bilər ki, bu məsələ çox da əhəmiyyətli deyildir. Lakin partaların belə düzülüşü müəllim  və  şagirdlərin əməkdaşlığının, qruplar üzrə axtarış, təd­qi­qat­­çılıq fəaliy­yəti­nin, diskussiyanın təşkili baxımından zəruridir.
Tədqiqatlar sübut edir ki, təlim prosesi hər bir şagirdin qa­bi­liy­yəti nəzərə alınmaqla təşkil olunarsa, sinifdəki uşaqların 95 faizi  tə­lim materialını tam mənimsəməyə qadirdir. Deməli, şa­girdlərin ma­raq və meyli, idraki qabiliyyətləri nəzərə alınmaqla keçilən ədəbiy­yat dərsinin müasirliyindən danışmaq daha doğru olar. Hazırda metodikada müəllimin bilik və bacarıqların dərsdə tələb etmək­lə deyil, şagirdlərdə maraq oyatmaqla, motivasiya yarat­maqla, fər­di xüsusiyyətləri nəzərə almaqla mənimsənilməsinə nail olmasına xü­susi önəm verilir. 
Müasir ədəbiyyat dərslərində bir-birini təkrarlayan nağılet­mələr, əzbərləmələr, bərpaedici səciyyəli, lüzumsuz faktlarla yük­lən­­miş söhbətlər deyil, bədii mətni qavramaq, dərk etmək mühiti ya­­radılmalıdır.
Müəllimin dərsə hansı ovqatla girməsi, psixoloji hazırlığı da çox əhəmiyyətlidir. Məktəblilərlə səmimi ünsiyyət, sənətkar, mü­zakirə olunan problem barədə dialoq, sinifdənxaric iş element­lərindən, inteqrativ təlimin imkanlarından istifadə ədəbiyyat dər­sin­də emosional ab-hava yaratmağa kömək edir. Söz sənəti nümunələri ilə ünsiyyət canlı olmalı, məktəblinin düşüncəsinə təsir etməli, öyrənilən əsərin məzmununa uyğun ovqat yaratmalıdır.
Eyni zamanda ədəbiyyat dərsində elmi dil, elmi fikir də səs­lən­məlidir. Nə qədər çətin olsa da, ədəbiyyat dərslərində emo­sional­lıq və elmiliyin vəhdəti təmin edilməlidir. Məhz bu zəmində əsərin tər­biyəvi imkanlarını təlim prosesində reallaşdırmaq, onun şagird şəx­­siyyətinə təsirini artırmaq olar.
Hər bir ədəbiyyat dərsinin ona bütövlük, tamlıq verən me­todik konsepsiyası olmalıdır. Bu və ya digər mövzu üzrə hər dərsin və ya dərs­lər sisteminin əsas məqsədi olmalı, hər bir dərs özündən əv­vəlkilərlə əlaqələndirilməli, özündən sonrakı dərslər üçün zəmin ya­rat­malıdır.
Ədəbiyyat dərslərində şagirdlərin nailiyyətlərinin, bilik və ba­­carıq­larının çevik qiymətləndirilməsi üçün qiymətləndirmə və­­rəqləri və cədvəlləri, testlər, şifahi və yazılı sor­ğulardan is­tifadə edilməlidir. Xüsusən dərslikdəki bölmələr (ay­rı-ayrı möv­zu­lar, rubrikalar) üzrə əsərlər keçildikdən sonra, ya­rımil yekun­laş­dı­rıl­dıq­da biliklərin testlə yoxlanılması çox sə­mə­rəlidir. Şagirdlərin dərs prosesində cavabları, bir qayda olaraq, müzakirə olunur, qiymətlən­dirmə isə dərsin sonuna, yekun mərhələsinə sax­lanılır. Bu da öz növbəsində bütün dərs ərzində məktəbliləri ar­xayınlaşmağa qoymur, onları daha fəal, yaradıcı işə sövq edir.
Aparılmış tədqiqat, elmi-metodik ədəbiyyatın təhlili, qabaqcıl iş təcrübəsinin öyrənilib ümumiləşdirilməsi əsasında, eləcə də son illərdə Təhsil Nazirliyi tərəfindən keçirilən “İlin müəllimi” mü­sa­biqə­sindəki meyarlar nəzərə alınmaqla müasir ədəbiyyat dərs­lərinə verilən tələblər aşağıdakı kimi müəyyənləşdirilmişdir:
1.      Mövzu ilə bağlı orijinal formanın seçilməsı, fərdi, cütlər, qruplar üzrə və kollektiv işin uzlaşdırılması;
2.      Mövzu ilə əlaqədar ədəbi, mənəvi-estetik problemin müəy­­yən edilməsi və həlli prosesinə şagirdlərin fəal cəlbi;
3.      Dərsdə müəllim-şagird, şagird-şagird əməkdaşlığının, həs­sas ünsiyyətin, emosional, işgüzar mühitin yaradılması;
4.      Ədəbiyyat fənninin səciyyəsinə, təlim materialına uyğun fəal, interaktiv təlim metodlarından məqsədyonlü istifadə;
5.      Tədris olunan mövzunun dərs prosesində mənimsədilməsi;
6.      Şagirdlərin ədəbi bilik və bacarıqlarının bütünlüklə qiy­mət­ləndirilməsi üçün çevik formalardan istifadə  olunması;
7.      Ədəbiyyat dərsində təhsil, tərbiyə və inkişaf  vəzifələrinin qarşılıqlı əlaqədə həyata keçirilməsi, mövzu ilə bağlı şagirdlərə mü­vafiq həyatı bacarıqların aşılanması;
8.      Şagirdlərə fərdi yanaşmanın, onların idrak fəallığının, müs­tə­­qillik və təşəbbüskarlığının təmin edilməsi;
9.      Təlim vaxtının optimal bölüşdürülməsi;
10.  Əyanilikdən məqsədyönlü istifadə olunması;
11.  İnformasiya-kommunikasiya texnologiyalarından istifadə edil­məsi;
12.  Fəndaxili və fənlərarası inteqrasiyanın yaradılması.
Müasir dərs yalnız müəllimin qısa müddətdə konkret məşğələyə ha­zırlığının deyil, həm də uzun illər ərzində zərrə-zərrə topladığı me­todik təcrübənin, metodika elminin nailiyyətlərindən yara­dı­cı­lıq­la bəhrələnməyin məhsulu kimi meydana çıxır. Ümumən isə is­tə­ni­lən dərsin təkmilləşdirilməsi imkanları məhdud deyil, burada hər dəfə yeni metodik ideyalar, tətbiqlər, orijinal dərs variantları üçün ya­radıcılıq imkanları, geniş meydan vardır.

Hər bir ədəbiyyat dərsi konkret sinfin şagirdlərinin bilik və ba­ca­rıq­ları, təlim məqsədləri, metodik imkanlar, təlim materialının həc­mi, mü­rəkkəblik səviyyəsi, vaxt və s. nəzərə alınmaqla təşkil olun­­malı­dır.Təsadüfi deyil ki, yaradıcı müəllimin paralel siniflərdə eyni möv­zu­da dediyi dərslər heç vaxt bir-birinin təkrarı olmur, biri digərindən me­to­dik çalarlar, tapıntılar, özünəməxsus, təkrarolun­maz cəhətləri ilə fərq­lənir. Bu mənada “dərs müəllimin ya­ra­dı­cılığıdır, pedaqoji əsəri­dir” fikri ilə razılaşmaq lazım gəlir.

Mənbə: Bilal Həsənli. Ədəbiyyatın tədrisi metodikası. Bakı:Müəllim, 2013.s.58-63.

Комментариев нет:

Отправить комментарий