İşə qəbul imtahanı. Ədəbiyyat fənn kurikulumunun xüsusiyyətləri
Kurikulum təlimin məqsədi, məzmunu, standartları, texnologiyalarını,
son məqsədə çatmağın yolları, vasitə və üsulları, həmçinin bu sahədəki fəaliyyətin
səmərəliliyini yoxlamağın metod və vasitələrini
özündə əks etdirən konseptual sənəddir.
Ədəbiyyat kurikulumunda
şagirdlərin ədəbi təhsilinin məzmununa
aşağıdakı tələblər verilir:
1. Ədəbi təhsilin məzmununu
şagirdlərin və cəmiyyətin tələbatına, dövlətin təhsil siyasətinə
uyğunlaşdırmaq;
2. Məzmunu nəticəyönümlülük,
şəxsiyyətyönümlülük, şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirmək;
3. Şagirdlərin təlim
marağını, potensial imkanlarını nəzərə almaqla onlara davamlı inkişaflarını təmin edən, müstəqil həyatda
lazım olan zəruri biliklərin və idraki, informativ-kommunikativ, psixomotor bacarıqların aşılanmasını təmin etmək;
Şəxsiyyətin inkişafına
dair yeni məqsədlər şagirddə məntiqi düşünmə, tənqidi yanaşma, müstəqil qərar qəbul
etmək, yaradıcı münasibət, bilikləri
müstəqil əldə etmək, praktik problemləri həll etmək kimi idraki bacarıqların
formalaşdırılmasını tələb edir.
4. Təhsilin
məzmununa şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi xarakterdə
olmayan, məzmunu ağırlaşdıran məlumat yönümlü məsələlərin daxil edilməsinə yol
verməmək.
“Azərbaycan
Respublikasında ümumi təhsilin milli kurikulumu” layihəsində ümumi və tam orta təhsil pillələrində ədəbiyyat fənninin əsaslandırılması
verilmiş, kursun əhəmiyyəti, məqsəd və vəzifələri dəqiqləşdirilmişdir.
Kurikulumda qeyd edilir ki, özünəməxsus inkişaf yolu keçmiş, iki min ildən
artıq yaşı olan Azərbaycan ədəbiyyatı
dünya bədii mədəniyyəti xəzinəsinə dəyərli sənət abidələri bəxş etmişdir.
Humanist və demokratik ideyaları parlaq şəkildə əks etdirən ədəbiyyatımızın
ümumtəhsil məktəblərində tədrisi milli dövlətçilik maraqları baxımından böyük əhəmiyyət
kəsb edir. Məktəb ədəbiyyat kursu həqiqi vətəndaşın və müasir dünyagörüşlü şəxsiyyətin
yetişməsində mühüm payı olan fənlərdəndir.
Kurikulumda qeyd edilir ki, ümumtəhsil məktəblərində ədəbiyyat tədrisinin
məqsədi yüksək ideya-bədii dəyərə
malik söz sənəti nümunələrinin öyrədilməsi əsasında şagirdlərdə müasir dünyagörüşü,
estetik zövq, mütaliə və həyati bacarıqların formalaşdırılması, onların ədəbi
təhsil, tərbiyə və inkişafının təmin edilməsi, gənc nəslin milli və bəşəri mənəvi
dəyərlər zəminində tərbiyə alması, şifahi və yazılı nitqinin inkişaf
etdirilməsidir.
Bu məqsədə nail olmaq
üçün:
-söz sənətinin mahiyyəti, daxili qanunları barədə zəruri təsəvvürlərin
yaradılması;
- milli ədəbiyyatımızın, eləcə də dünya ədəbiyyatından nümunələrin
öyrədilməsi əsasında milli və bəşəri dəyərlərin, həyati bacarıqların
formalaşdırılması;
- şagirdlərin zəruri ədəbi- nəzəri biliklərə yiyələnməsi;
- bədii əsərin oxusu, təhlili və qiymətləndirilməsi üzrə zəruri
bacarıqların yaradılması;
-
ifadəli
oxu bacarığının formalaşdırılması;
-
şifahi
və yazılı nitq bacarıqlarının aşılanması təmin edilməlidir.
Azərbaycan ədəbiyyatının
tədrisi vasitəsilə:
Ümumi orta təhsil pilləsində incəsənətin bir növü kimi söz sənətinin –
şifahi və yazılı ədəbiyyatın xalqın mənəvi sərvəti olması, həyatı,
taleyüklü məsələləri
özünəməxsus bədii vasitələrlə əks etdirməsi barədə şagirdlərdə dolğun təsəvvür
yaradılır.
Milli
və dünya ədəbiyyatından seçilmiş kamil sənət nümunələri vasitəsilə məktəblilərdə
sözə, söz sənətinə həssas, bədii-emosional münasibət formalaşdırılır, təhlil, dəyərləndirmə,
fikirlərini şifahi və yazılı çatdırmaq
bacarığı inkişaf etdirilir.
Ədəbiyyat
nəzəriyyəsi üzrə zəruri biliklərə və mütaliə mədəniyyətinə yiyələnən şagirdlərdə
konfliktlərə, problemlərə, ədəbi nailiyyətlərə əsaslandırılmış münasibətin
formalaşması təmin edilir.
Tam orta təhsil pilləsində
şagirdlərin əsas
təhsil pilləsində qazandıqları
bacarıq və vərdişlər təkmilləşdirilməklə tarixi-xronoloji ardıcıllıqla
Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yolu, ədəbi ənənə və əlaqələri, Azərbaycan
və dünya ədəbiyyatının görkəmli ədəbi simalarının yaradıcılığından nümunələr
öyrənilir, ədəbiyyat nəzəriyyəsinə
dair məlumatlar genişləndirilir, məktəblilərin ədəbi-bədii, tənqidi təfəkkürünün
formalaşması təmin olunur.
Ədəbiyyat kurikulumunun fənyönümlü deyil, şəxsiyyətyönümlü,
nəticəyönümlü, interaktiv, inteqrativ səciyyə daşıması, müəllim və şagirdin əməkdaşlığına
əsaslanan mahiyyəti, ümumi orta və tam orta təhsil pillələrində bu fənnin tədrisinin
yeni metodik sisteminin yaradılmasını zəruri edir. Təhsil prosesləri ilə bağlı
bütün fəaliyyətlərin səmərəli təşkilinə
hərtərəfli imkan yaradan bu sənəd ənənəvi təlim
proqramı, tədris planı, planlaşdırmadan köklü şəkildə fərqlənir.
Məlumdur ki, ədəbiyyat
proqramlarında tədris planındakı saatlara
uyğun olaraq konkret mövzular, bədii mətnlər müəyyənləşdirilir, hər mövzuya
ayrılan dərs saatları göstərilir. Kurikulum isə müəllimin
məzmun xətlərindən, təlim nəticələrindən, verilən metodik tövsiyələrdən,
nümunələrdən, konkret sinfin hazırlıq səviyyəsindən çıxış edərək mövzuları, bədii mətnləri, bu və ya digər
mövzuya ayrılan saatları müstəqil müəyyənləşdirməsinə yol açır.
Ənənəvi fənn proqramlarının
elmi təmayülünə uyğun olaraq müəllim çalışır ki, şagirdlərə mümkün qədər çox
elmi bilik versin. Sanki hər bir şagird
gələcəkdə mütləq ədəbiyyatçı olmalı, bədii əsər yazmalıdır. Nəticədə ədəbiyyat
dərslərində şagirdin beyni həyatda ona lazım olmayacaq lüzumsuz bilik və məlumatla
yüklənir.
Ədəbiyyat kurikulumunda isə
şəxsiyyətə lazım olan həyati bacarıqların (bilik və idraki, sosial və praktik
bacarıqlar) formalaşdırılması diqqət mərkəzində saxlanılır,
ümumi orta, tam orta təhsil pillələrində hər sinif üçün bu bacarıqlar üzrə təlim
nəticələri dəqiq göstərilir. Şəxsiyyətin
inkişafına dair yeni məqsədlər şagirddə məntiqi düşünmə, tənqidi yanaşma,
müstəqil qərar qəbul etmək, yaradıcı
münasibət, bilikləri müstəqil əldə etmək, praktik problemləri həll etmək kimi
idraki bacarıqların formalaşdırılmasını tələb edir.
Kurikulum sənədlərində şagirdlərdə mütaliə
bacarıqlarının formalaşdırılması mühüm vəzifə kimi qarşıya qoyulur. Bu, ədəbiyyat
müəlliminin fəaliyyətinin əsas istiqamətlərindən olub təlimin praktik yönümün
gücləndirilməsini təmin edir. Məlumdur ki, biliklərin mənimsənilməsi, onları fəal
tətbiq etməyə imkan verən bacarıqların formalaşdırılması şəxsiyyətin
yaradıcılıq imkanlarının aşkara çıxarılmasına və inkişaf etdirilməsinə, mənəvi-estetik
baxımdan zənginləşməsinə imkan yaradır.
Ədəbiyyat kurikulumunda
ümumi orta və tam orta təhsil pillələrində şagirdlərin hansı bacarıqlara yiyələnməli olduğu dəqiq göstərilmişdir.
Müəllim məktəblilərin bilik və bacarıqlardan üzvi əlaqədə istifadə etməsinə
xüsusi diqqət yetirməli, mütaliə bacarıqları sinifdən-sinfə keçdikcə yeni,
daha mürəkkəb əsərlər üzərində tətbiq edilərək dərinləşdirilməlidir.
Məktəbdə bədii
əsər üzrə işin özünəməxsus strukturu, məntiqi ardıcıllığı vardır ki, bunlardan
kurikulumda da imtina etmək mümkün deyildir. Bədii mətnin oxusu, məzmununun mənimsənilməsi
(əsərin ilkin qavranılması, tanış olmayan söz və ifadələrin müəyyənləşdirilməsi,
mənasının aydınlaşdırılması, plan tərtibi, nağıletmə və s.) əsərin təhlili (mövzu, ideya, problem,
obrazlar baxımından təhlil və qiymətləndirilmə) üzrə bacarıqların
formalaşdırılması prosesində şagirdlərin yaş xüsusiyyətləri,
qavrama imkanları nəzərə alınmalıdır.
Məlumdur ki, şagirdlərin
mütaliə bacarıqlarına yiyələnməsi ədəbiyyata marağın artırılması, əsərdə
qaldırılan problemlərin, onun ideya-məzmununun, sənətkarlıq xüsusiyyətlərinin
qavranılması üçün zəruri şərtdir. Dərsə hazırlıq mərhələsində ədəbi-bədii nümunələr
üzrə iş planlaşdırilarkən hansı bacarıqlar üzrə iş aparılacağı dəqiqləşdirilir.
Məktəblilər dərsdə mətni mənimsəməklə yanaşı, mətn üzərində iş üsullarını öyrənir.
Mütaliə
bacarıqlarının formalaşdırılması üzrə iş bədii əsərin təhlili zamanı qarşıya
qoyulan vəzifələrin yerinə yetirilməsi
baxımından zəruridir. Mütaliə bacarıqlarına yiyələnən şagirdlər obrazların
xarakteri, davranışı, başqalarına münasibətində, qəhrəmanlara müəllif münasibətində,
yazıçı sənətkarlığında əvvəl nəzərdən qaçırdıqları yeni cəhətləri üzə
çıxarırlar. Nəzərə almaq lazımdır ki, adətən bədii təhlil zamanı bir yox, bir
neçə bacarığın formalaşdırılması üzrə iş aparılır.
Kurikulumda hər sinifdə məktəblilərin hazırlıq səviyyəsinə uyğun
olaraq əsərin süjetindəki səbəb-nəticə əlaqələrinin, problem və konfliktlərin,
qəhrəmanların xarakterinin, hərəkət və davranışlarının, müəllif mövqeyinin,
sənətkarlıq xüsusiyyətlərinin müəyyənləşdirilməsi, onlara əsaslandırılmış
münasibət bildirilməsi üzrə bacarıqların formalaşdırılması ön plana çəkilir.
Kurikulumda bədii əsərin oxusu,
qavranılması, təhlili, şifahi və yazılı nitqin inkişafı üzrə bacarıqlar
varislik, ardıcıllıq, sadədən mürəkkəbə, asandan çətinə prinsipi gözlənilməklə
siniflər üzrə dəqiqləşdirilmiş, bölmələr üzrə yerləşdirilmişdir.
Ədəbiyyat
kurikulumunun mühüm xüsusiyyətlərindən biri burada ədəbiyyat təlimi qarşısında
qoyulan məqsəd və vəzifələr, ümumi orta və tam orta təhsil pilləsində gözlənilən
təlim nəticələri nəzərə alınmaqla məzmun xətlərinin müəyənləşdirilməsidir. Ədəbiyyat
fənni üzrə 3 məzmun xətti müəyyənləşdirilmişdir: 1. Ədəbiyyat və həyat həqiqətləri;
2. Şifahi nitq; 3. Yazılı nitq.
1.Ədəbiyyat və həyat həqiqətləri məzmun xətti ümumi orta təhsil
pilləsində bədii ədəbiyyatda əksini tapan milli-bəşəri dəyərlərin, mənəvi-estetik
problemlərin qavranılması, təhlili, onlara əsaslandırılmış münasibətin
formalaşdırılması, mürəkkəb həyat hadisələrinin, ziddiyyətli situasiyaların
dərk edilməsinə və qiymətləndirilməsinə zəmin yaradır. Bədii həqiqətlə həyat
həqiqətlərinin müqayisəsi, əlaqələrin açıqlanması söz sənətinin mahiyyətinin
başa düşülməsinə, eləcə də insan həyatında, cəmiyyətdə müşahidə edilən mühüm
hadisələrin dərk edilib dəyərləndirilməsinə səbəb olur.
Söz sənəti olmaqla ədəbiyyatın
incəliklərinin, obrazların, bədii təsvir və ifadə vasitələrinin mənimsənilməsi
müxtəlif ədəbi növdə və janrda olan əsərlərin mütaliəsinə maraq oyadır, mətnin
ifadəli oxusu ilə bağlı bacarıqları inkişaf etdirir, şifahi və yazılı nitq üçün
zəruri olan lüğət ehtiyatını zənginləşdirir.
Ədəbiyyat
və həyat həqiqətləri məzmun xətti tam orta təhsil pilləsində ədəbiyyat
nümunələrinin öyrənilməsi, müxtəlif informasiya mənbələrindən seçilmiş
materialların mövzu, ideya, dil və üslub xüsusiyyətləri baxımından dəyərləndirilməsinə
imkan yaradır, informasiyaların faktlara əsaslanmaqla tənqidi
araşdırılmasını təmin edir, müxtəlif ədəbi növlərdə və janrlarda olan ədəbi əsərlərdəki
problem və konfliktlərin, ictimai-siyasi həyatdakı mühüm hadisələrin ümumbəşəri
və milli mənəvi dəyərlər baxımından qiymətləndirilməsi üçün əsas
olur.
2.Şifahi nitq məzmun xətti ümumi
orta təhsil pilləsində ədəbi nümunələrlə
bağlı fikirlərin obrazlı sözlərdən, bədii təsvir və ifadə vasitələrindən
istifadə etməklə aydın, ardıcıl, məqsədyönlü və yığcam ifadə edilməsinə imkan
yaradır.
Şifahi
nitq məzmun xətti tam orta təhsil pilləsində ədəbi əsərlərin məzmun və
ideyası ilə bağlı fakt və hadisələrə əsaslandırılmış münasibət bildirilməsini,
bədii-obrazlı ifadələrdən istifadə olunmasını təmin edir, müxtəlif mənbələrdən
toplanmış materiallara əsaslanmaqla müzakirələrdə ədəbi nailiyyətlərə müstəqil
münasibət bildirilməsinə imkan yaradır.
3.Yazılı nitq məzmun xətti
ümumi orta təhsil pilləsində mövzu,
problemlə bağlı müxtəlif mənbələrdən informasiyaların, fakt və dəlillərin
seçilməsini, ümumiləşdirilməsini, fikrin aydın, dəqiq çatdırılmasında
onlardan istifadə olunmasını təmin edir. Müxtəlif tipli (nəqli, təsviri,
mühakimə) və formalı (inşa, esse, hekayə) yazılara dair bacarıqların
formalaşmasına imkan yaradır.
Tam
orta təhsil pilləsində yazılı nitq məzmun xətti müxtəlif üslublarda
yazıların yazılmasını, görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət
sahəsindəki nailiyyətlər barədə təqdimatların hazırlanmasını təmin edir.
Nümunə
VI sinif ədəbiyyat fənn kurikulumunda məzmun standartları
VI sinfin sonunda şagird:
· bədii əsərləri obrazların xarakterinə, hadisələrin məzmununa uyğun
ifadəli oxuyur, hissələrə ayırır, plan tərtib edir;
· bədii əsərlərin məzmununu müxtəlif formalarda (yığcam, geniş,
yaradıcı) nağıl edir;
· bədii əsərlərə janr xüsusiyyətləri baxımından münasibət bildirir, təsvir
və ifadə vasitələrini müəyyənləşdirir;
· bədii əsərlərin mövzu və ideyasını aydınlaşdırır, obrazları davranış
və əməllərinə görə səciyyələndirir;
· öyrəndiyi yeni söz, bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə
ədəbi nümunələrlə bağlı fikrini aydın ifadə edir,
· müzakirələrdə ümumi rəyə gəlmək bacarığı nümayiş etdirir;
· müxtəlif səciyyəli yazılarda mövzuya münasibətini faktlarla əsaslandırır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə
(əfsanə, nağıl, dastan, təmsil, hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən,
sorğu kitablarından istifadə etməklə izah edir.
1.1.2. Heca vəznli şeirləri, süjetli bədii nümunələri
(əfsanə, nağıl, dastan, təmsil, hekayə) ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.1.3. Süjetli bədii nümunələri (əfsanə, nağıl,
dastan, təmsil, hekayə) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif
formalarda nağıl edir.
1.1.4. Bədii əsərlərin (əfsanə, nağıl, dastan, təmsil,
hekayə) janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Heca vəznli şeirlərdə, süjetli bədii nümunələrdə
bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii sual) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) janr
xüsusiyyətləri baxımından müqayisə edir.
1.2.2. Bədii nümunələrdəki qəhrəmanları davranış və
əməllərinə görə səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin
(epitet, təşbeh, mübaliğə, bədii sual) rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını şərh
edir, əsaslandırılmış münasibət bildirir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları
nümayiş etdirir.
2.1.1. Öyrəndiyi yeni sözlərdən bədii nümunələrlə bağlı diskussiya və təqdimatlarda
istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini obrazlı
sözlərdən və ifadələrdən istifadə etməklə şərh edir.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş
etdirir.
2.2.1. Müzakirələrdə ümumi rəyə gəlmək bacarığını
nümayiş etdirir.
3. Yazılı nitq
Şagird:
3.1.
Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1. Mətni faktlarla, sitatlarla zənginləşdirir.
3.1.2. Bədii nümunələrdəki başlıca fikri anladığını
nümayiş etdirir.
3.1.3. 1-1,5 səhifə həcmində rəy və təsvir
xarakterli mətnlər (inşa, esse) yazır.
Standartlarda I rəqəm -məzmun xəttini
II rəqəm -əsas standartı
III rəqəm - alt standartı bildirir.
Məsələn, 1.2.1.
1-"Ədəbiyyat və həyat həqiqətləri" məzmun xətti deməkdir.
2 - Həmin məzmun xəttinin 2-ci əsas standartı deməkdir.
1- 2-ci əsas standartın I alt standartı deməkdir.
Kurikulumun həyata keçirilməsi zamanı müəllim məzmun
xətləri və standartlarınin şəxsiyyətin
problemi həlletmə, mühakimə yürütmə və əsaslandırma, təqdimetmə, tətbiqetmə,
müqayisə, əlaqələndirmə və s. fəaliyyət standartları ilə kəsişməsinə nail
olmalıdır.
Kurikulumda məzmun xəttinə uyğun olaraq hər sinifdə təlim standartlarının
və nəticələrinin müəyyənləşdirilməsi müəllimin istər ayrı-ayrı dərslərdə, istərsə
də bütövlükdə tədris ili ərzində öz fəaliyyətini məqsədyönlü qurmasına imkan
verir. Müəllim dərs ilinin sonunda hansı təlim nəticələrini əldə etməli
olduğunu dəqiq bildiyi üçün şagirdlərdə həmin təlim nəticələrinə uyğun
bacarıqların formalaşdırılması üzrə ardıcıl, sistemli iş aparır.
Milli Kurikulum çərçivə sənədində “Ədəbiyyat” fənni üzrə ümumi orta
və tam orta təhsil pillələri üçün aşağıdakı ümumi təlim nəticələri müəyyən
edilmişdir:
Ümumi orta təhsil pilləsi (V-IX siniflər) üzrə şagird:
- ədəbi-bədii nümunələri onların məzmunundan irəli gələn məna
çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhətdən qüvvətləndirən
sözlərin mahiyyətini izah edir;
- yazılı
nitqində məzmuna uyğun üslub müəyyənləşdirir, orfoqrafiya və orfoepiya
qaydalarına əməl edir, söz ehtiyatından səmərəli istifadə edir, fikirlərini
ardıcıl və məntiqi ifadə edir, ümumiləşdirmələr aparır;
- ədəbi nümunələrlə bağlı fikirlərini aydın, ardıcıl, məqsədyönlü,
yığcam, yeri gəldikcə bədii təsvir vasitələrindən istifadə etməklə şərh edir;
- müxtəlif
janrlarda yazılmış mətnlər üzərində sərbəst işləyir, onlarda ifadə olunmuş əsas
ideyanı şərh edir, mətni məzmununa uyğun hissələrə ayırır və müvafiq plan tərtib
edir;
- şifahi və
yazılı ədəbiyyatın oxşar və fərqli cəhətlərini, xarakterik xüsusiyyətlərini
konkret nümunələrlə izah edir, öz fikirlərini müqayisələr aparmaqla əsaslandırır;
- ədəbi əsərləri
məzmun və ideya istiqamətinə, sənətkarlıq cəhətlərinə, obrazların səciyyəsinə
görə təhlil edir, öz şəxsi münasibətini, mülahizələrini bildirir;
- ədəbi əsərlərin
kollektiv müzakirəsi zamanı başqalarının fikrinə tolerant, obyektiv və ədalətli
münasibət göstərir, öz mülahizələrini əsaslandırır, ümumi rəyə gəlməyi
bacarır.
Tam orta təhsil
pilləsi (X-XI siniflər) üzrə şagird:
- oxuduğu ədəbi
nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirir;
- ayrı-ayrı
mövzulara dair müvafiq üslublarda yaradıcı xarakterli yazılar yazır;
- mövzu, süjet,
kompozisiya, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi baxımından
ədəbi nümunələr üzərində araşdırmalar aparır;
- ədəbi nümunələri
mövzu, janr, problem baxımından müqayisə edir, əsaslandırılmış rəy bildirir;
- ədəbi əsərin
məzmununa və ideyasına onun yarandığı dövrdə mövcud olan ictimai-siyasi və əxlaqi-etik
dəyərlər kontekstində qiymət verir;
- ədəbi
mövzulara aid tədbirlərin təşkilində iştirak edir, ədəbi nailiyyətlərə münasibət
bildirir;
- mənbələr üzərində
işləyir, görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki
nailiyyətlər barədə materiallar toplayır, müxtəlif ədəbi mövzularda təqdimatlar
hazırlayır.
Ayrı-ayrı məzmun xətlərinin mahiyyətinin
kurikulumda aydınlaşdırılması müəllimə dərsdə müzakirə üçün ədəbi- bədii nümunələrin
seçilməsində müəyyən sərbəstlik verir. Kurikulum üzrə dərslərdə müzakirə üçün
bədii əsərlərin aşağıdakı meyarlar üzrə
seçilməsi məqsədəuyğundur:
-
əsərin yüksək ideya-bədii dəyərə malik
olması;
-
söz sənəti nümunələrinin janr, mövzu müxtəlifliyi,
aktual mənəvi-estetik problemləri əks etdirməsi;
-
Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya
ədəbiyyatından seçmələrə yer verilməsi;
-
əsərin humanist istiqaməti, şagird şəxsiyyətinə
müsbət təsiri;
-
əsərin şagirdlərin inkişafı məqsədlərinə,
maraq dairəsinə, yaş və qavrama xüsusiyyətlərinə uyğun olması;
Bədii nümunələr seçilərkən mədəni-tarixi ənənələrimiz nəzərə alınmalı,
milli ədəbi təhsil sisteminin zəngin təcrübəsindən
istifadə edilməlidir.
Ədəbiyyat kurikulumunda qarşıya qoyulan təlim nəticələrinə nail olmaq
üçün yalnız dərslik, iş dəftəri, müəllim üçün metodik vəsait hazırlanması, nəşri
kifayət deyildir. İstər müəllim, istərsə də şagirdlər üçün bilavasitə ədəbiyyat
təlimi ilə əlaqədar elmi- metodik təminat, əlavə mənbələr, resurslar olmalıdır.
Ədəbiyyat fənni üzrə əlavə mənbələri (resursları) aşağıdaki kimi qruplaşdırmaq olar:
1.
Ədəbi ensiklopediyalar
2.
Ədəbiyyat üzrə məlumat, sorğu kitabları
3.
Ədəbiyyat lüğətləri
4.
Ədəbiyyatla bağlı elmi-kütləvi kitablar
5.
Zəngin kitabxana fondu (elektron kitabxana,
elektron dərsliklər daxil olmaqla)
6.
Məktəb elektron məsləhət xidməti
7.
Kompyuter proqramları ilə iş, internetə
çıxış, video çəkiliş, mətnin surətini çoxaltmaq imkanları və s.
8.
Ədəbiyyat kurikulumunun mahiyyətini, həyata
keçirilməsini izah edən, aydınlaşdıran metodik vəsaitlərin (müəllim üçün) hazırlanması,
nəşri.
Digər mühüm məqam öyrəniləcək bədii əsərlərin sayı
ilə bağlıdır. V-XI siniflər üçün ədəbiyyat proqramlarına onlarla lirik, epik,
dramatik əsər daxil edilmişdir. Kurikulum üzrə isə dərslərdə öyrənilən əsərlərin
kəmiyyət baxımından çox olması məqbul sayılmır. Əsas məsələ bədii əsərin ideya- bədii məzmununun dərindən
mənimsənilməsi, bu yolla mövzu, problem, əsərin sənətkarlıq xüsusiyyətləri,
ədəbi növ, janr barədə mükəmməl bilik əldə edilməsidir.
Həllini gözləyən problemlərdən biri də sənətkarın tərcümeyi-halının
öyrənilməsi ilə bağlıdır. Kurikulum üzrə ədəbiyyat dərsliklərində sənətkarın
tərcümeyi-halı barədə faktların, rəqəmlərin, yer, şəxs, əsər adları ilə yüklənmiş
mətnlərin verilməsinə ehtiyac yoxdur. Kurikulum üzrə dərslərdə müəllimin
yığcam təqdimatından sonra sənətkarın yaradıcı şəxsiyyəti barədə zəruri məlumatları
şagirdlərin tövsiyə olunan müxtəlif mənbələrdən müstəqil şəkildə toplaması, bu barədə
çıxışlar, təqdimatlar hazırlaması daha faydalıdır.
Комментариев нет:
Отправить комментарий