Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi ilə bağlı məlumat
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin hazırladığı təqdimat əsasında
* Sınaq qiymətləndirilməsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri məktəblərinin müəllimləri üçün iyun ayında sınaq qiymətləndirilməsi keçiriləcəkdir.
* Məqsəd
- "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması;
- Bu hədəfə nail olmaq üçün müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsini və ixtisasartırmada buna uyğun təlim-tədris proqramlarının seçilməsini təmin etmək;
- Müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni sistemin yaradılmasını təmin etmək.
* Sınaq qiymətləndirilməsi üç istiqamətdə aparılacaq
* İxtisas * Metodika * Kommunikativ
* Məkan
Sınaq qiymətləndirilməsi Bakı şəhərində 4 zona üzrə məktəblərdə aparılacaqdır.
* Qiymətləndirilmənin formatı və məzmunu
Qiymətləndirilmə test şəklində, 4 variant və 80 sualdan ibarət olacaq və 2 saat ərzində keçiriləcəkdir.
* 40 sual (fənn)
* 20 sual (metodika)
* 20 sual (kommunikativ)
* Sınaq qiymətləndirilməsi aşağıdakı ixtisaslar üzrə aparılacaq
Azərbaycan dili və ədəbiyyat
Riyaziyyat
Tarix
Biologiya
Kimya
Fizika
Coğrafiya
İnformatika
İbtidai sinif
Musiqi
İngilis dili
Rus dili və ədəbiyyatı
Rus dili
Alman dili
Fransız dili
GÇQH
Təsviri incəsənət və rəsmxətt
Fiziki tərbiyə
Əmək hazırlığı
* Sınaq qiymətləndirilməsində iştirak edir
1. Bakı məktəblərində daimi müəllim vəzifəsini tutan müəllimlər
2. Analıq məzuniyyəti yerinə müddətli müqavilə ilə işləyən müəllimlər (digər ümumtəhsil müəssisəsində müəllim işləyən əvəzçilər istisna olmaqla)
* Sınaq qiymətləndirilməsində iştirak etmir
1. Məktəb direktorları
2. Direktor müavinləri
3. Psixoloqlar
4. Laborantlar
5. Uşaq birliyi rəhbərləri
6. Sosial məzuniyyətdə olan və müvəqqəti əmək qabiliyyətini itirən müəllimlər
* Sınaq qiymətləndirilməsindən sonra müəllimlər
Fənn bilikləri istiqaməti üzrə: öz bilik və bacarığını obyektiv dəyərləndirə, peşəsi üçün əhəmiyyətli olan zəif və güclü cəhətlərini müəyyən edə biləcək;
Metodika istiqaməti üzrə: kurikulumların tətbiqi, müasir təlim texnologiyaları ilə işləmək bacarığı əldə edəcək;
Kommunikativ qabiliyyətə dair istiqamətə aid suallar üzrə: şagirdlərlə ünsiyyət qurmaq, özünüidarə keyfiyyətləri və sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını əldə edəcəkdir.
* Sınaq qiymətləndirilməsində aşağıdakı müəssisələrdən ümumilikdə 357 məktəbin müəllimləri iştirak edəcək
Təhsil Nazirliyinin tabeliyində olan məktəblər - 1620 nəfər;
Təhsil Nazirliyinin tabeliyində olan internat məktəbləri - 592 nəfər;
BŞTİ-nin tabeliyində olan tam orta məktəblər - 27007 nəfər;
BŞTİ-nin tabeliyində olan xüsusi gündüz ümumtəhsil məktəbləri - 815 nəfər;
BŞTİ-nin tabeliyində olan axşam qiyabi məktəbləri - 28 nəfər;
BŞTİ-nin tabeliyində olan islah-əmək düşərgəsində axşam qiyabi məktəblər - 10 nəfər.
Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə ən çox verilən suallar
Sual:Sınaq qiymətləndirmədə kimlər iştirak edəcək?
Cavab: Sınaq qiymətləndirmədə Bakı məktəblərində daimi müəllim vəzifəsini tutan müəllimlər və analıq məzuniyyəti yerinə müddətli müqavilə ilə işləyən müəllimlər (digər ümumtəhsil müəssisəsində müəllim işləyən əvəzçilər istisna olmaqla) iştirak edəcəkdir.
Sual: Sınaq qiymətləndirmədə kimlər iştirak etməyəcək?
Cavab: Qiymətləndirmədə məktəb direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar, uşaq birliyi rəhbərləri, sosial məzuniyyətdə olan və müvəqqəti əmək qabiliyyətini itirən müəllimlər iştirak etməyəcəkdir.
Sual: Sınaq qiymətləndirmənin attestasiyadan fərqi nədir?
Cavab: Təhsil Nazirliyi tərəfindən keçirilən qiymətləndirmə sınaq xarakteri daşıyır. Burada əsas məqsəd yaradıcı düşüncəni inkişaf etdirən, təhsilalanın fərdi xüsusiyyətlərini, stimullaşdırma və karyera inkişafını nəzərə alan, səriştənin artırılmasına xidmət edən modelin yaradılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Effektiv və harmonik təhsil mühitinin yaradılması təhsilalanların əldə etdikləri bilikləri tətbiq etmələri üçün çox vacibdir. Bu mühitin yaradılması dünya təcrübəsində də istinad edildiyi kimi, təhsilalanların peşəkar bilik və bacarıqlarının vaxtaşırı monitorinqindən keçir. Və ən əsası, attestasiyadan aşağı qiymət almış şəxslər sistemdən kənarlaşdırılır, sınaq qiymətləndirmədə isə belə hal mövcud deyil.
Sual: Sınaq qiymətləndirmədə hamı iştirak etməlidirmi?
Cavab: Bütün müəllimlər bu qiymətləndirmə prosesindən keçməlidir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsinin təmin olunmasına şərait yaradan sınaq qiymətləndirmə səriştəli təhsilverənin karyera inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, təhsilverənlərin bu qiymətləndirmə prosesindən keçməsi onların karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üçün vacibdir.
Sual: Sınaq qiymətləndirmə nəyə xidmət edir?
Cavab: Sınaq qiymətləndirmə müəllimlərin peşəkar inkişaf istiqamətlərini, onların karyera inkişafını müəyyənləşdirir, nəticəyönümlü əməkhaqqı sistemini stimullaşdırır, təhsilverənin daim öz bilik və bacarıqlarını artırması üçün münbit şərait yaradır. Bu proses eyni zamanda təhsilverənlərin attestasiyasına hazırlıq xarakteri daşıyır.
Sual: Sınaq qiymətləndirmədən keçən müəllimlər üçün stimullaşdırıcı tədbirlər nədən ibarət olacaq? Bu tədbirlər müəllimlərin sınaq qiymətləndirmədən keçməsi üçün kifayət qədər cəlbedici olacaqmı?
Cavab: Sınaq qiymətləndirmə prosesində yüksək nəticələr əldə edən müəllimlərin maddi və mənəvi stimullaşdırılması nəzərdə tutulur. Bu prosesin attestasiyaya hazırlıq mərhələsi kimi bir növ "əsas döyüşqabağı məşq" olduğunu və təkmilləşmə məqsədilə zəif yerlərin müəyyənləşdirilməsi üçün əsas vasitə olmasını nəzərə alaraq cəmiyyət tərəfindən müsbət qarşılanacağına ümid edirik. Gələcəkdə bu tip qiymətləndirmənin nəticələrindən təhsilin keyfiyyətinin artırılmasında istifadə olunacaqdır.
Sual: Sınaq qiymətləndirmədən keçmək üçün yaş həddi müəyyənləşibmi? Bütün müəllimlər bu prosesdən keçməlidirmi?
Cavab: Hazırda Bakı şəhərində Təhsil Nazirliyi sisteminə daxil olan, müəllimlik fəaliyyəti ilə məşğul olan hər kəs qiymətləndirmədən keçməlidir.
Sual: Sınaq qiymətləndirmə nə zaman keçiriləcək?
Cavab: Təhsil nazirinin müvafiq əmrinə əsasən sınaq qiymətləndirmənın iyun ayında keçirilməsi nəzərdə tutulub.
Sual: Qiymətləndirmə hansı ixtisaslar üzrə aparılacaq və neçə sualdan ibarət olacaq?
Cavab: Qiymətləndirmə 19 ixtisas üzrə və 80 sualdan (40 ixtisas, 20 metodika, 20 kommunikativ sual) ibarət olacaq.
Sual: Sınaq qiymətləndirmənın nəticəsi nə qədər müddət üçün keçərlidir?
Cavab: Bu proses tədqiqat xarakteri daşıdığından etibarlılıq müddətindən söhbət gedə bilməz.
Sual: Müəllimlərin peşəkarlıq səviyyəsi hansı meyara əsasən müəyyən ediləcək?
Cavab: Müəllimlərin peşəkarlıq səviyyəsi ixtisas bilikləri, metodiki bacarıqlar və kommunikativ qiymətləndirmənin nəticələrinə uyğun olaraq müəyyən ediləcək. Burada hər bir bölmə üzrə verilən cavablara fərdi yanaşılacaq.
Sual: Əgər bir müəllim üzrlü səbəbdən qiymətləndirmədə iştirak edə bilməzsə, onun üçün yenidən bu prosesdə iştirak etmək imkanı yaradılacaqmı?
Cavab: Müəllimlərin bu prosesdə iştirakının zəruriliyini nəzərə alaraq, qiymətləndirmə tarixlərinə yaxın müddətdə onların yenidən sınaq qiymətləndirmədə iştirakı üçün şərait yaradılacaq.
Sual: Cavablar üzrə orta bal necə müəyyənləşdiriləcək?
Cavab: Sınaq qiymətləndirmə imtahan olmadığı üçün burada orta bal anlayışı yoxdur.
Sual: Nəticələr nə zaman, necə və kim tərəfindən elan olunacaq?
Cavab: Nəticələr qiymətləndirmədən 3 gün sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərinə göndəriləcək.
Sual: Qiymətləndirmə İKT vasitəsilə aparılacaq?
Cavab: Qiymətləndirmə yazılı test vasitəsilə aparılacaq.
Sual: Qiymətləndirmə neçə saat davam edəcək?
Cavab: Qiymətləndirmə 2 saat davam edəcək.
Sual: Sınaq qiymətləndirmədə fəxri ad və mükafata layiq görülənlər, "Əməkdar müəllim"lər və "Ən yaxşı müəllim"lər üçün güzəştlər nəzərdə tutulubmu?
Cavab: Bununla bağlı heç bir güzəşt nəzərdə tutulmayıb və bu müəllimlərin sınaq qiymətləndirmədə öndə gedərək nümunə olmalarını gözləyirik.
Sual: Sınaq qiymətləndirmədə obyektivlik necə qorunacaq?
Cavab: Monitorinqin keçirilməsi üçün hər cür şərait yaradılacaq.
Sual: Sınaq qiymətləndirmə müəyyən müddətdən bir baş verən birdəfəlik proses olacaq, yoxsa bu proses fasiləsiz aparılacaq?
Cavab: Bu tip qiymətləndirmələrin mütəmadi keçirilməsi nəzərdə tutulur.
Sual: Sınaq qiymətləndirmədən keçmiş müəllimlər üçün təlimlər əsasən hansı istiqamətləri əhatə edəcək? İxtisasartırma fəaliyyətinə tələbat kütləvi hal alarsa, bunu təmin etmək üçün kifayət qədər resurs varmı?
Cavab: Bu, fərdi xarakter daşıyır və hər bir müəllimin göstəricilərindən asılı olaraq dəyişəcəkdir. İxtisasartırma kursları dövlət və özəl təhsil müəssisələrində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçiriləcək.
Sual: Sınaq qiymətləndirmədə iştirak edən və yüksək nəticə göstərən müəllimlər necə qiymətləndiriləcək?
Cavab: Sınaq qiymətləndirmənin nəticələrinə görə, müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirilə bilər.
Sual: Sınaq qiymətləndirmədə zəif nəticə göstərən müəllimləri nə kimi tədbirlər gözləyir?
Cavab: Sınaq qiymətləndirmədən keçməmə anlayışı yoxdur, çünki burada hər hansı bir keçid minimumu müəyyənləşdirilməmişdir. Aşağı nəticə göstərmiş müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaldırılması üçün müxtəlif mexanizmlər tətbiq ediləcəkdir.
Sual: Rus bölməsində tədris edən müəllimlər hansı dildə testdən keçəcək?
Cavab: Müəllimlər tədris etdikləri dildə qiymətləndirmədən keçəcək.
Sual: Suallar hansı mövzularda olacaqdır?
Cavab: Suallar tədris proqramına uyğun tərtib edilir və müəllimlərin şagirdlərə dərs dedikləri mövzulardandır.
Sual: Həm rus bölməsində, həm də Azərbaycan bölməsində xarici dil tədris edən müəllimlər hansı dildə qiymətləndirmədən keçəcək?
Cavab: Qiymətləndirilmənin ixtisas sualları ixtisas dilində, kommunikativ və metodika ilə bağlı suallar isə dərs yükünün çoxluğuna və növbəti dərs ilində hansı bölmədə dərs deyilməsi planlaşdırılırsa, o dildə olacaq.
Sual: Sınaq qiymətləndirilməsinə kömək məqsədi ilə yaxın vaxtlarda hansı vəsaitlər nəşr olunacaq? Sınaq qiymətləndirmənin nümunələri çap olunacaqmı?
Cavab: Hər hansı bir vəsaitin çap olunması nəzərdə tutulmamışdır. Bir daha qeyd edək ki, suallar tədris proqramına uyğun tərtib edilir və müəllimlərin şagirdlərə dərs dedikləri mövzulardandır.
Sual: Sentyabr ayından işləyirəm və bu vəzifəyə imtahanla qəbul olmuşam. Sınaq qiymətləndirilməsi mənə və mənim kimi imtahanla qəbul olunan müəllimlərə də şamil olunur?
Cavab: Sınaq qiymətləndirilməsi hazırda dövlət ümumtəhsil məktəblərində çalışan bütün (Bakı məktəblərində daimi müəllim vəzifəsini tutan, analıq məzuniyyəti yerinə müddətli müqavilə ilə işləyən) müəllimlərə şamil olunur.
Sual: İbtidai sinif müəllimləri ixtisas üzrə hansı fənlərdən qiymətləndirmədən keçəcək?
Cavab: İbtidai sinif müəllimlərinin ixtisas üzrə bilikləri Azərbaycan dili və riyaziyyat fənlərindən qiymətləndiriləcək.
Sual: Elmi dərəcəsi olan orta məktəb müəllimləri də qiymətləndirmədə iştirak etməlidirmi?
Cavab: Bununla bağlı heç bir güzəşt nəzərdə tutulmayıb və bu müəllimlərin sınaq qiymətləndirilməsində öndə gedərək nümunə olmalarını gözləyirik.
|
Комментариев нет:
Отправить комментарий