четверг, 12 декабря 2019 г.

Epik əsər üzrə gündəlik dərs planı nümunəsi

Mövzu: Abdulla Şaiq. “Anabacı” – 3 saat
İkinci saat: Təhlil üzrə iş

Standartlar
Təlim nəticələri
1.2.2.  Digər obrazların və müəllifin mühakimələrinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndirir.
Müəllifin mühakimələrindən çıxış etməklə hekayənin  qəhrəmanlarını səciyyələndirir.
1.2.3. Bədii  nümunələrdə təsvir  və  ifadə  vasitələrinin (metonimiya,  inversiya,
simvol) rolunu aydınlaşdırır.
Hekayənin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4.  Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini və konfliktini şərh edir, əsaslandırılmış münasibət bildirir.
Hekayənin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh edir, onlara  əsaslandırılmış münasibət bildirir.
2.1.1.  Bədii  nümunələrlə bağlı  təqdimat  və  çıxışlarında  müxtəlif  mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini şərh edir.
Hekayə ilə bağlı təqdimat və çıxışlarında müxtəlif  mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini şərh edir.

Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi
İş forması: fərdi iş, kiçik qruplarda iş
Metod və priyomlar: müsahibə, problemin həlli, müzakirə, təqdimat.
Təchizat: dərslik, iş vərəqləri, əsərin məzmunu üzrə şəkillər.

Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi yolu ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına fərqli yollarla nail olmaq mümkündür. Rəmzi (simvolik) material qismində şərəf, ləyaqət, mənlik hissinin uca tutulmasının insan üçün vacib olduğunu əks etdirən deyimlərin, atalar sözlərinin, bədii əsərlərdən sitatların və s. xatırladılması, fikir mübadiləsi aparılması yerinə düşər. Bir variant da ilk dərsdən şagirdlərin diqqətinə çatdırılan “Düşünüm” başlıqlı sual (Şərəf və ləyaqətini qorumaq üçün insanda hansı keyfiyyətlər olmalıdır?) əsasında yığcam müsahibə aparmaq və onu tədqiqat sualının formalaşdırılması ilə yekunlaşdırmaq ola bilər.
Motivasiyanın yaradılmasınlın bir variantı da internetdən istifadə ilə şagirdlərin ədibin 130 illiyi ilə əlaqədar  F.Köçərli adına Respublika Uşaq Kitabxanasının  hazırladığı ədəbi-bədii kompozisiyadan  (http://www.clb.az/files/mv/AShaiq.pdf) müəllimin məqsədəmüvafiq saydığı bir parça ilə tanışılığı ola bilər.
Tədqiqat sualı: Ehtiyac içində məhrumiyyətlərlə dolu ömür yaşayan hekayə qəhrəmanının öz mənliyini, şərəf və ləyaqətini uca tutmasına səbəb, sizcə, nədir?
Fərqli fikirlərfərziyyələr dinlənilir və qeyd edilir. Fərziyyələrin fərqli olduğuna diqqəti çəkən müəllim doğru cavabın müəyyənləşdirilməsi üçün tədqiqat aparmağın vacib olduğunu xatırladır.
Tədqiqatın aparılması. Hansı metod və iş formalarının seçilməsindən asılı olmayaraq, dərslikdəki “ Əsərin təhlilinə hazırlaşın” mətninə müraciət edilməsi məqsədəuyğundur.
1.       Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Müəllifin oğlu, tanınmış ədəbiyyatşünas alim Kamal Talıbzadə yazır:
“Bizim evə gəlib-gedən, nənəm Mehri xanımla dostluq edən Nənəxanım adlı qoca bir arvad vardı, qara, köhnə çarşaba bürünüb gəzərdi... Onunla atam təsadüfən küçədə rastlaşmış, bir xahişini yerinə yetirmək üçün kimsəsiz qocanı evə gətirmiş və uçurum qarşısında duran bir ailəni fəlakətdən xilas etmişdi. Bu təsadüf atamın 1923-cü ildə qələmə aldığı “Anabacı” hekayəsinin yazılmasına səbəb olmuşdu. Qoca qadına edilmiş yaxşılıq müqabilində hədiyyə olaraq toxuduğu yun corabı təqdim edəndə atamın zəhmət haqqı vermək istəməsini o elə qəzəblə qarşılamış, ruhundakı etiraz o qədər güclü və əzəmətli olmuşdu ki, yazıçını qələmə müraciət etməyə, insan ləyaqəti haqqında əsər yazmağa ruhlandırmışdı...”
Yazıçı həyatda tanıdığı, müşahidə etdiyi Nənəxanımın və onun kimi onlarla insanın fərdi cizgilərini diqqətlə öyənmiş, ümumiləşdirmə aparmış, parlaq, yaddaqalan ədəbi qəhrəmanını – Anabacı obrazını yaratmağa nail olmuşdur. Əsərin üzərində müşahidələrinizi davam etdirin, bu obrazı yaradarkən müəllifin hansı bədii vasitələrdən və necə istifadə etdiyini aydınlaşdırmağa çalışın.
Mətnlə tanışlıqdan sonra şagirdlərin diqqəti “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına yönəldilir. “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına daxil edilmiş bütün suallar tədqiqat sualının aydınlaşdırılmasına dəyərli töhfə verir. Başqa sözlə, əsərin mövzusunun müəyyənləşdirilməsi, onda qaldırılmış problemin aydınlaşdırılması, yazıçı mühakimələrinə diqqət yetirməklə baş qəhrəmanın səciyyələndirilməsi və s. tədqiqat sualına əsaslı cavab verilməsini təmin edir.

1.Hekayənin mövzusunu və onda qaldırılmış başlıca problemi müəyyənləşdirin. Gəldiyiniz nəticəyə əsasən cədvəldə qeydlər edin.

Əsərin mövzusu
Əsərdə diqqətə çatdırılan başlıca problem
Problemin həllini yazıçı nədə görür?
Problemin həlli barədə siz nə düşünürsünüz?






2.       Anabacı obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.
                                           Anabacı obrazı
Onun xarakterindəki başlıca cəhətlər
Müəllifin bu obraz haqqında mühakimələri
Sizin ona münasibətiniz




3.       Hekayənin müəllifi haqqında sizdə hansı təsəvvür yarandı? Fikrinizi nümunələrlə əsaslandırın.
4.       Əsərin bədii təsir gücü hansı vasitələrlə artırılmışdır? Cədvəldən istifadə edin.

                        Əsərin bədii təsir gücünü artıran vasitələr
Bədii təsvir və ifadə vasitələri (nümunələrlə əsaslandırmalı)
Obrazlı söz, ifadə və cümlələr( nümunələrlə əsaslandırmalı)
  Təsvirlər (nümunələrlə əsaslandırmalı)




5.       Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Cədvəldən istifadə edin.

Əsərin əsas ideyası
Nə üçün belə düşünürsünüz?



Kiçik qruplarda işin təşkilinə üstünlük verən müəllim dərslikdəki tapşırığa yaradıcı yanaşa bilər. Sualların dəyişdirilməsi, onlara əlavələr edilməsi, yeni cədvəl formalarının təklif edilməsi və s. müəllimin istəyindən asılı olaraq, həyata keçirilə bilər. Hər qrupa iş vərəqində bir sual təklif edilsə də, bütün qrupların əlavə mənbələrlə təmin edilməsi məqsədəuyğundur. Məsələn, K.Talıbzadənin tərtib etdiyi “Şaiqanə yad et” (Bakı, 1981) kitabındakı “Həmişə yadımda olan insan” mətni hekayə ilə bağlı aparılan tədqiqat üçün maraqlı mənbədir. Eləcə də T.Əhmədovun “Abdulla Şaiq” (Bakı, 2009), “Əgər Şaiq olmasaydı” (Bakı, 2012) kitablarından seçilmiş bölmələrlə tanışlıq şagirdlərin daha səmərəli tədqiqat aparmalarına imkan yaradar.
Tədqiqat zamanı şagirdlərə hekayənin müəllifi və Anabacı obrazları ilə bağlı  cavablarında əsərdən aşağıdakı 2 nümunəyə də münasibət bildirmələri tövsiyə edilir
1.       Bir аz sоnrа bu qоcа və düşkün qаdınа əl tutmаq məqsədi ilə bir qədər pul vеrmək istərkən dik-dik üzümə bахdı. Sərt bir səslə:
– Bu nədir? Mən bunu sənə sаtmаq ücün gətirməmişəm. Оnun üçün bаzаr vаr. Bunu sənə bəхşiş gətirmişəm, – dеyə əllərini çаrşаbının аltındа bir-birinə sıхаrаq sахlаdı. О bu sözləri dеyərkən gözlərindəki ildırımlаr tа qəlbimin icində pаrtlаyаn kimi оldu, yохsul, miskin bildiyim bu qаrının bu qədər qəhər və hiddəti qаrşısındа biiхtiyаr titrədim.
Hər zаmаn hüzn, iztirаblа məni yаrаlаyаn bu miskin qаdın bu dəfə məğrurluğu ilə məni qоrхutdu. Bir dаhа üzünə bахdım. Bu dəfə üzünə qəhər və hiddət qığılcımlаrının yеrinə vəzifələrini bitirmiş оlаnlаrа məхsus qürur rəngi çökmüşdü. Gözlərinin bахışı, ziyаsı qəlbinin rаhаt-rаhаt döyündüyünü göstərirdi. Hеç bir zаmаn görmədiyim bu rəng, bu işıq nədən dоğmuşdu?
-2. Köhnə nəslin sоn qəhrəmаnı оlаn bu qаdın hələ qаrşımdа оturmuş, mənə mеydаn охuyur, həm də аtа-bаbаdаnqаlmа kеçmiş əхlаq və səciyyələrini bütün hаl və hərəkətləri ilə mənə аnlаdırdı. Аrtıq yаrım əsr əvvəlin cаnlı tаriхi оlаn bu qаdın, nəzərimdə dаhа böyümüş, dаhа cаnlаnmış, sаnki mənə: “Yохsul оlsаm dа, qəlbim gеniş, ruhum ucаdır” dеmək istəyirdi. Çох gözəl, bunu mən də еtirаf еdirəm. Lаkin, еy yüksək qаdın, söylə, аltmış illik səfil bir həyаtın sənə yükləmiş оlduğu аğır yüklər bеlini bükmüş, gözlərinin nurunu аlmış, dizlərini tаqətsiz еtmiş оlduğu hаldа, nеcə оlmuş ki, qəlbinə, ruhunа tохunmаmışdır? Sən mənə bunu аnlаt!                 Cədvəllərlə işləməyə şagirdlər xüsusi maraq göstərirlər. Müəllim buna laqeyd qalmamalı, cədvəllərdəki tələblərə əhatəli cavab yazılmasına diqqət yetirməlidir. Cədvəllərin formasına, qeyd edildiyi kimi,  müəllim yaradıcı yanaşa bilər. O, lazım gələrsə, cədvəllərə əlavələr etməkdə, yaxud onlarda sadələşdirmə aparmaqda sərbəstdir.
Məlumat mübadiləsi mərhələsində kiçik qrupların təqdimatlarının fəal dinlənilməsi təmin olunur. Qrup sözçülərinin məlumatları necə, hansı səriştə ilə çatdırdıqlarına müəllim diqqət yetirir, təkrarların, əhəmiyyətsiz faktların xatırladılmasına yol verilmir. Bunun ehtiyatla və yerində həyata keçirilməsi şagird təqdimatlarının daha məzmunlu olmasında,  həmin mərhələnin səmərəliliyində az rol oynamır. Bütün bunlara baxmayaraq, cavablarda pərakəndəlik, əsaslandırılmamış mülahizələr, birtətərəfli yanaşma müşahidə edilir. Bunlar məlumatın müzakirəsi və təşkili mərhələsində aradan qaldırılır. Müzakirənin diskussiya xarakterli olmasına, hər bir şagirdin öz fikrini sərbəst ifadə etməsinə imkan yaradılır. Başlıcası isə, hər qrupun cavabına digər qrupların yaradıcı yanaşmalarının təmin edilməsidir. Başqa sözlə, hər bir qrupun şagirdləri digər qrupların əldə etdikləri nəticələrə təkcə təqdimatlar əsasında deyil, hekayə ilə bağlı qazandıqları bütün bilik və bacarıqlar zəminində ciddi münasibət bildirməli, tutarlı əlavələr etməli, onlarda zəruri düzəlişlər aparmalıdır. Məsələn, tapşırığın 2-ci sualı (Hekayənin mövzusunu və onda qaldırılmış başlıca problemi müəyyənləşdirin. Gəldiyiniz nəticəyə əsasən cədvəldə qeydlər edin) üzərində işləyən qrupun təqdimatına digər qruplar münasibət bildirərkən cədvəldə əksini tapmış bütün tələblərlə (əsərin mövzusu; əsərdə diqqətə çatdırılan başlıca problem; problemin həllini yazıçı nədə görür; problemin həlli barədə şagirdlərin özləri nə düşünür) bağlı öz mövqelərini ortaya qoymalıdırlar.
Deyilənlərin ümumi ideya halına salınması, ümumiləşdirmənin aparılması növbəti mərhələdə həyata keçirilir.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması. Bu mərhələnin səmərəli keçməsi müəllimin əvvəlcədən hazırladığı istiqamətləndirici suallardan  xeyli dərəcədə asılıdır. Bu, şagirdlərin müstəqilliyini və fəallığını əlindən almır, əksinə, onlara mənimsədiklərinə əsaslanmaqla fikirlərini ümumiləşdirmə əsasında ifadə etməyə imkan verir. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, “altmış illik səfil bir həyat” bu zərif qadının belini “ağır yüklərlə” büksə də, “gözlərinin nurunu” alsa da, “dizlərini taqətsiz etsə” də “qəlbinə, ruhuna toxuna” bilməmişdir. “Ata-babadanqalma keçmiş əxlaq və səciyyə” “köhnə nəslin qəhrəmanı olan” bu qadında mənlik, şərəf və ləyaqət hissini qoruyub saxlamışdır.
Çıxarılmış nəticələr şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə, tədqiqat sualı ilə müqayisə edilir. 
 Qiymətləndirmə. Formativ qiymətləndiməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə meyarları:
Səciyyələndirmə
Aydınlaşdırma
Şərhetmə, münasibətbildirmə
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Ədəbi qəhrəmanları  müəllifin mühakimələrindən çıxış etməklə səciyyələndirməkdə çətinlik çəkir.
Ədəbi qəhrəmanları  müəllifin mühakimələrindən çıxış etməklə qismən
 səciyyələndiririr.
Ədəbi qəhrəmanları  müəllifin mühakimələrindən çıxış etməklə əsasən səciyyələndirir.
Ədəbi qəhrəmanları  müəllifin mühakimələrindən çıxış etməklə səciyyələndirir.
Hekayədə bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqda çətinlik çəkir.
Hekayədə bədii təsvir və ifadə vasitələrinin rolunu suallar ver­mək­lə, müəllimin köməyi ilə aydınlaşdırır.
Hekayədə bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.
Hekayədə bədii təsvir və ifadə vasitələrinin  rolunu aydınlaşdırır.
Hekayənin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.
Hekayənin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, suallar və müəllimin köməyi ilə əsaslandırılmış münasibət bildirir.
Hekayənin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, münasibətini əksər hallarda əsaslandırır.
Hekayənin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, onlara əsaslandırılmış münasibət bildirir.
Hekayə ilə bağlı təqdimat və çıxışlarında müxtəlif  mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini şərh etməkdə çətinlik çəkir.
Hekayə ilə bağlı təqdimat və çıxış­la­rında   müxtəlif  mənbə­lərdən topladığı materiallara qismən  əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini müəllimin köməyi ilə  şərh edir.
Hekayə ilə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən topladığı materiallara  əksər hallarda əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini   şərh edir.
Hekayə ilə bağlı təqdimat və çıxışlarında müxtəlif  mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini şərh edir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.




Комментариев нет:

Отправить комментарий