"Ümumi təhsil müəssisələrinə və
peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə"
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsini
və işə qəbulunu mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə təşkil etmək
məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında” Əsasnamənin
8.30-cu, 8.39-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil
olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın
müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları”
(Əlavə 1)” və “Müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu
qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu (Əlavə 2)” təsdiq
edilsin (əlavə olunur).
2. 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə
liseylərinə müəllimlərin işə qəbulunun keçirilməsi üçün müsabiqə və apelyasiya
komissiyalarının tərkibi təsdiq edilsin (əlavə olunur).
3. İnsan resursları şöbəsi (F.Qədirov), İlk peşə və orta ixtisas
təhsili şöbəsinin İlk peşə-ixtisas təhsili sektoru (N.Məmmədov):
3.1. Ümumi təhsil müəssisələrindən və peşə liseylərindən daxil olan vakant
yerləri təhlil etsinlər və müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə
müsabiqələr üçün iyun ayının 1-dək müvafiq qaydada elan verilməsini təmin
etsinlər.
3.2. 01-10 iyun 2014-cü il tarixlərində iş yerinin dəyişdirilməsi üzrə,
01-15 iyul 2014-cü il tarixlərində isə müəllimlərin işə qəbul üzrə elektron
ərizələrin qəbulunu təşkil etsinlər.
4. Təhsil sisteminin informasiyalaşdırılması idarəsi (S.Məmmədov)
müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələrin keçirilməsi ilə
bağlı elektron proqram təminatı üzrə texniki hazırlıq işlərinin və zəruri
təşkilati məsələlərin yerinə yetirilməsini təmin etsin.
5. İnsan resursları şöbəsi (F.Qədirov), Daxili nəzarət şöbəsi (K.Quliyev)
müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələrin müsahibə
mərhələsində namizədlərin təhsil sənədlərinin yoxlanılmasını təmin etsinlər.
6. İnsan resursları şöbəsi
(F.Qədirov):
6.1. İşə qəbul üzrə
müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının
hazırlanmasını və onların məxfiliyini təmin etsin.
6.2. Müəllimlərin yerdəyişməsi
və işə qəbulu ilə bağlı müsabiqələrin nəticələrinin Nazirliyin rəsmi İnternet
saytında yerləşdirilməsini, təsdiq olunmuş siyahıların müşayiətedici məktubla
yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyində
olan ümumi təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
7. Yerli təhsili idarəetmə
orqanlarının, ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri:
7.1. 2014-cü il may ayının 15-dək
yeni tədris ili üçün vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma
üzrə kağız və elektron variantda Təhsil Nazirliyinə təqdim etsinlər.
7.2. Müsabiqə nəticəsində
yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin bağlanılmasını
təmin etsinlər.
7.3. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas
təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış
gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən
edilməsi haqqında” 14 aprel 2010-cu il tarixli 67 nömrəli Qərarına uyğun
həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunacaq müəllimlər
üçün ilkin yaşayış şəraitinin yaradılmasını, nəzərdə tutulmuş stimullaşdırıcı tədbirlərin
vaxtında verilməsini təmin etsinlər.
7.4. Nazirliyin keçirdiyi
müsabiqələrin nəticəsi olaraq yerini dəyişən və yeni işə qəbul olunan,
həmçinin dərs ili başlandıqdan sonra mövcud vakant yerlər haqqında sentyabrın
20-dək Təhsil Nazirliyinə yazılı məlumat təqdim etsinlər.
8. İnformasiya şöbəsi
(E.Əliyev) Nazirliyin İnternet saytında “Müəllimlərin işə qəbulu üzrə müsabiqə”
səhifəsində bu əmrin, işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər üçün
nəzərdə tutulmuş digər məlumatların və müsabiqələrin nəticələrinin
yerləşdirilməsini, vakant yerlər haqqında məlumatın “Azərbaycan müəllimi”
qəzetində dərc olunmasını təmin etsin.
9. Azərbaycan Respublikası
təhsil nazirinin “2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas
təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” 28 iyun
2013-cü il tarixli 712 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.
10. Əmrin icrasına nəzarət
Aparat rəhbərinə (M. Eynullayev) həvalə edilsin.
Əsas: İnsan resursları
şöbəsinin müdiri F.Qədirovun təqdimatı
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
21 aprel 2014-cü il
№445
Комментариев нет:
Отправить комментарий